İngiltərədə kitab dükanları, Əli və Nino və Elman dayı

Image caption İndi Britaniyada böyük kitab mağazası şəbəkələri ilə yanaşı kiçik, yerli kitab dükanları da var.

Doğulub böyüdüyüm İsmayıllı rayonunun mərkəzində iki böyük kitab dükanı var idi. Orta məktəbdə oxuyanda vaxtaşırı baş çəkərdim və həmişə də alıcılar olardı.

İndi İsmayıllıda bir dənə belə kitab dükanı yoxdur. Vəziyyət digər əyalətlərdə də oxşardır.

İngiltərədə isə kitabçılıq ənənələri və kitab satışı sahəsində durum bir xeyli fərqlidir. Ümumiyyətlə Avropada müasir üsul kitabların satışı elə 15-ci əsrdən, mətbəələrin yaranma tarixindən başlayır. İlk kitab nəşriyyatı evləri elə kitab satışı ilə də məşğul olurdu.

İndi Britaniyada böyük kitab mağazası şəbəkələri ilə yanaşı kiçik, yerli kitab dükanları da var. Demək olar hər qəsəbədə, kənddə kitab satışı ilə məşğul olan ən azı bir dükan tapmaq olar. Bu cür yerli və müstəqil kitab dükanlarında adətən işlənmiş, ikinci əl kitablar satılır.

Yeni nəşrləri əldə etmək üçünsə böyük kitab dükanlarına üz tutmaq lazımdır. Kitab satışı ilə məşğul olan böyük mağazalar şəbəkəsindən biri də Waterstones-dur.

1982-ci ildə yaradılmış Waterstones mağazalar şəbəkəsi Britaniya, İrlandiya və Avropada 287 kitab dükanına malikdir. Waterstones sözçüsü Eva Von Reuss deyir ki, hazırda uşaq kitablarının satışında artım var. Bundan başqa, yeni çıxan filmlərlə bağlı kitablara yeniyetmələr arasında böyük maraq olur.

"Kitab satışı sahəsində son 15 ildə bir xeyli dəyişiklik baş verib. Buna səbəb əsasən onlayn kitab satışı və elektron kitablardır. Bundan başqa, kompüter və planşetlər üzrindən əyləncə vasitələrinin çoxalması da kitab satışına mənfi təsir edir. Bu yeniliklərlə rəqabət apara bilməkdən ötrü kitab dükanları gərək boş vaxt keçirmək üçün könülaçan, müştərilərə alternativ əyləncə təqdim edən yerə çevrilsin. İndi demək olar ki, ABŞ və Britaniyada kitab satışı stabilləşib və bir çox oxucular fiziki kitabları oxumaqdan zövq almağa davam edirlər," xanım Reuss deyir.

Eva Von Reuss-ün sözlərinə görə, daha çox hansı janrda kitabların satılması bölgəyə və dükanların yerləşdiyi əraziyə görə dəyişir.

İngiltərə qəsəbəsində

Image caption Qəsəbədəki yeganə kitab dükanının sahibi deyir ki, əvvəllər burada daha bir mağaza olub.

London yaxınlığında, Essex bölgəsində yerləşən Waltham Abbey qəsəbəsində də əsasən işlənmiş kitabların satışı ilə məşğul olan Riverlee Books kitab dükanı fəaliyyət göstərir. Bu, təxminən 20 min əhalisi olan qəsəbədə yeganə kitab dükanıdır.

Dükan sahibi Michael Hanks deyir ki, qəsəbədə başqa bir kitab dükanı da olub, lakin ömrü uzun çəkməyib. Səbəb isə bölgədə "kitab oxuyan, təhsilli insanların sayının az olmasıdır".

"Başqa bir səbəb isə, internet üzərindən kitabların daha ucuz və əlverişli olması və elektron kitabların ortaya çıxmasıdır. Eyni zamanda, kitab oxuyan insanların yaşadığı ərazilərdə də kirayə haqlarının baha olması bir sıra kitab dükanlarının bağlanmasına səbəb olur. Mən özüm daha çox İnternet üzərindən - Amazonda kitab satıram, nəinki dükanda. Dükanda isə bir həftə ərzində ən yaxşı halda 20 kitab satılır. Daha çox tarix və müxtəlif peşələrlə bağlı kitablar, dərsliklər satılır," cənab Hanks deyir.

Bu cür yerli kitab dükanları kitabları adətən müxtəlif mənbələrdən əldə edir. Bəzən insanlar evlərində oxumadıqları kitabları bura təhvil verir, bəzən isə sahibkar bağlanmış digər bir kitab dükanından topdan kitablar alıb satır.

Michael Hanks deyir ki, ingilslər adətən xarici müəlliflərin kitablarını oxumağı sevmirlər. Daha çox ingilis dilində kitablar oxuyurlar. Onun dükanında fransız, alman, ispan və italyan dilində kitablar da satılır. Hətta rus dilində belə bir neçə kitab var.

Əli və Nino

Bəs Azərbaycanın paytaxtı Bakıda kitab dükanlarının durumu necədi?

Əli və Nino kitab mağazası 2005-ci ildə açılıb. İndi Bakı şəhərində beş kitab dükanı və dəftərxana dükanlarında altı şöbəsilə fəaliyyət göstərir. Bir mağazası isə bu yaxınlarda Gəncə şəhərində açılıb.

Əli və Nino dükanlar şəbəkəsinin sahibi Nigar Köçərli deyir ki, Sovet dövründə Azərbaycanda təxminən 200 kitab evi var idisə, hazırda cəmi 11 kitab dükanı fəaliyyət göstərir.

"Gürcüstanda vəziyyət bizə nisbətən qat-qat yaxşıdır. Dörd milyon əhalisi olan ölkədə 75 kitab dükanı var," Köçərli deyir.

Nigar xanımın sözlərinə görə, əslində heç Sovet hakimiyyəti vaxtında da azərbaycanlılar çox oxumurdular. "Oxuyan əsasən rusdillilərdir. Son vaxtlar irəliləyiş olsa da, vəziyyət yenə də çox kədərlidir. Oxucuların sayı 200-300 nəfərdir. Demək olar ki, bütün oxucularımızı üzdən tanıyırıq," Nigar Köçərli deyir.

Onlayn kitab satışını da həyata keçirən sahibkarın bildirdiyinə görə, axır vaxtlar kitaba marağın nisbətən artmasında son illər Bakıda təşkil edilən kitab yarmarkalarının da böyük rolu var. Bu cür kitab yarmarkaları Bakı şəhərində Qanun Nəşrlər Evinin təşəbbüsü ilə həyata keçirilir. Yarmarkalarda kitablar endirimli qiymətlərlə satılır.

"Elman dayının kitab dükanı"

İçəri Şəhərdə, Qız Qalasının yaxınlığında yerləşən və oxucular arasında "Elman dayının kitab dükanı" kimi tanınan kitab mağazasının - İçəri Şəhər kitab evinin sahibi Elman Mustafayev kitabların hər kəsin əldə edə biləcəyi qiymətə satılmalı olduğunu deyir.

Elman Mustafayev, 1978-ci ildən fəaliyyət göstərən bu kitab mağazasında 1985-ci ildən bəri çalışır. Buna qədər isə o, 13 il Fəvvarələr Meydanında yerləşən Tədris Pedoqoji Kitab Mağazasının müdiri, daha sonra isə 1980-ci ildə açılmış Bakı Kitab Evinin ilk direktoru olub.

"Bakıda ən ucuz kitab satan mənəm. Əslində mənim fikrimcə kitab ucuz olmalıdır ki, hamı onu əldə etməyi bacarsın. İki şeyi adamlar əldə edəndə, gərək çətinliklə qarşılaşmasınlar. Fiziki qida olan çörək və mənəvi qida olan kitab. Bu ikisi də eyni dərəcədə insanlara lazımdır," cənab Musatafayev deyir.

Mağazada həm yeni nəşrlər, həm də əski əlifba ilə çap edilmiş köhnə nəşrlər var. Əsasən bədii ədəbiyyat, uşaq ədəbiyyatı, tarix, memarlıq və turizm və səyahətlə bağlı kitablar satılır.

Kitab mütəxəssisi deyir ki, kitab almağa gələnlər əsasən gənclərdir: "Çox sevindirici haldır ki, bu günkü gənclik çox sahələrlə, hətta fəlsəfə ilə maraqlanır. Məndən Hegelin, Şopenhauerin, Şərq filosoflarının əsərlərini soruşurlar. Bu məni sevindirir".

"70-80 -ci illər kitab təbliği, kitab oxumaq sahəsində bir növ intibah illəri idi. O illərdə kitaba daha çox maraq var idi. Mən kitab evində direktor işlədiyim illərdə hətta küçə süpürənlər belə gəlib növbəyə durub kitab alardılar", Elma dayı deyir.

Onun sözlərinə görə, son onilliklərdə İnternet, elektron kitablar və sosial şəbəkələrin ortaya çıxması ilə əlaqədar olaraq, kitab oxuyanların sayı da müəyyən qədər azalıb.

"Kitab oxuyanların sayının azalmasında səbəblərdən biri də, indi buraxılan kitabların qiymətinin çox baha olmasdır. Son aylarda isə hiss edirəm ki, kitaba qayıdış var".

Cənab Mustafayev hesab edir ki, kütləvi informasiya vasitələri kitab təbliğinə yer verməlidir.

"Çox təəssüf ki, bizdə televiziya və radio kitab təbliğində o qədər də fəal deyil. Çox təəssüf," Elman Mustafayev Sovet dövrü ilə indiki zamanda kitaba olan münasibəti müqayisə edəir.

Cənab Mustafayev deyir ki, Bakıda ən qədim kitab mağazası 1926-cı ildən fəaliyyət göstərən "kitab pasajı" olub. İndi isə belə bir yer yoxdur.

Britaniyada yeni nəşr kitabların qiyməti isə çox müxtəlifdir. Bəzən janrından, çap üsulundan və tirajından asılı olaraq 6 funtdan (7.50 man) başlayaraq 20 funta (25.50 man) qədər dəyişir. Daha bahalı kitablara da rast gəlmək mümkündür.

Köhnə nəşr və ikinci əl kitabların qiymətləri isə adətən bir xeyli ucuz olur. Əgər nadir nüsxə deyilsə, bəzən işlənmiş kitabı 50 penniyə (65 qəpik) belə əldə etmək mümkündür.