Türkiyədə müalicə alan azərbaycanlı hərbçi

Elvin Əsgərov
Image caption Elvin Əsgərov deyir ki, müalicəsini bitirəndən sonra yenə döyüş bölgəsinə getmək istəyir

Avqustun əvvəllərində cəbhə xəttində atəşkəsin pozulması nəticəsində yaralanaraq Ankara xəstəxanalarında yerləşdirilmiş Azərbaycan hərbçilərin müalicəsi davam edir.

23 yaşlı Elvin Əsgərov Atatürk Eyitim və Araştırma Xəstəxanasında bir aydan artıqdır, müalicə alır. Onun durumu cəbhə xəttində yaralanmış hərbçilər arasında ən ağır durum kimi qiymətləndirildiyi üçün avqustun əvvəllərində ambulans təyyarə ilə Ankaraya gətirilmişdi.

Elvin, iyulun 31-də gecə saatlarında Goranboy istiqamətində keçirilən döyüşlərdə ağır yaralanıb. O, həqiqi hərbi xidmətini başa vurandan sonra öz istəyi ilə manqa komandiri kimi müddətdən artıq hərbi xidmətə başlayıb.

"Səngər həyatı yaşamaq, o çətinliyi hiss eləmək istəyirdim. Ona görə də xidmətə ön cəbhəyə göndərilməyim üçün müraciət eləmişdim", - Elvin əsgərlik həyatından sonra hərbçi olmaq istəyinin səbəbini BBC Azərbaycancaya bölüşüb.

Deyir, müraciətindən və müvafiq kurs keçdikdən sonra onu Goranboydakı döyüş nöqtələrindən birinə göndəriblər.

2013-cü ilin yanvarından yaralandığı günə qədər burada xidmət edib.

"Düşmən məndən 15 metr aralıqda idi. Düşmənin üzünü də gördüm. Təxminən 35-37 yaşında olardılar. Saqqalsız, amma bığlı idilər. Geyimləri bizim hərbi formadan seçilmirdi”, - yaralı hərbçi qarşı tərəflə üz-üzə gəldiyi anı təsvir edir.

"Onların bizim tərəfdə olmasından, sadəcə, şoka düşmüşdüm. Əsgərlərim ermənilərlə təmas xəttini mühafizə edirdi. Amma mən gördüyüm ermənilər əsgərlərimin mühafizə etdiyi tərəfdən gəlməmişdilər. Meşə olduğu üçün meşənin içi ilə fırlanıb biz tərəfdən çıxmışdılar. Onların biz tərəfdə olmasına çaşıb qalmışdım. Şok halında onların üzünə baxırdım. Məni güllə ilə vuran erməni o birinin çiynindən tutub çökdürdü. Danışıqlarını eşitməsəm də, belə anladım ki, ona "gizlən" əmri verir. Ola bilər ki, məni əsir kimi tutmaq, ya da posta hücum edib əsgərləri məhv etmək istəyirdilər. Qarşılarına çıxmağım planlarını alt-üst etdi. Onlar mənim onları görüb-görmədiyimə əmin deyildilər. Mənə baxaraq bunu dəqiqləşdirmək istəyirdilər. Bəlkə də düşünürdülər ki, bizi görməyibsə, bunu diri tutaq" – gizir Elvin Əsgərov döyüş öncəsi durumu xatırlayır.

"Göydə Allah, yerdə həkimlər"

O deyir ki, erməni kəşfiyyatçılarının atdığı ilk güllə ona dəydikdən sonra posta tərəf qaçmağa başlayıb.

"Öz ərazimizdə, məndən 10-12 metr aralıda erməninin olmasından şokda idim. Mənə atəş açdılar, birinci güllədən yaralandım. Yaralanandan sonra həyəcan siqnalı vermək üçün başladım posta tərəf qaçmağa. Qanım axa-axa qaçıram, istirahət edənə, yatana, növbədə olanlara – bir sözlə, hər kəsə əmr verirəm ki, öz yerini tutsunlar.

"Ermənilər də durmadan başımın üstündən, ayaqlarımın altından atsalar da, güllələrin heç biri mənə dəymədi. Döyüş kinolarındakı kimi güllələr ayaqımın altında yerə dəyib toz qoparırdı. Əsgərlərin hamısı yerlərini tutandan sonra "atəş" əmri verdim. Özüm də silahla məni vuran ermənilərə tərəf durmadan atəş açdım. Sonra gördüm ki, avtomat əlimdə əsir, ata bilmədim, müvazinətimi itirdim".

Elvin Əsgərovun danışdığına əsasən, yaralandıqdan sonra onu blindaja aparıblar. Bundan sonra taburdan yardım gəlib. İlkin yardım göstərildikdən sonra döyüş mövqeyindən uzaqlaşdırılaraq əvvəlcə hərbi hospitala aparıblar.

"Çoxlu qan itirməyimə baxmayaraq, xəstəxanaya girənə kimi huşum özümdə idi. Amma ondan sonra heç nə hiss eləməmişəm, bir də onda ayıldım ki, Bakıdakı hərbi hospitaldayam. Göydə Allah, yerdə isə həkimlər məni qorudu".

Elvin Əsgərovu xəstəxanada əmisi Zahid Əsgərov müşaiyət edir. Elvin deyir ki, ürəyi zəif olan atasının onu bu vəziyyətdə görməsini istəmədiyi üçün buraya gəlməsini istəməyib.

"Ziddiyyətli məlumat"

Ailəsi ilk gündə Elvinin taleyi ilə bağlı ziddiyyətli məlumat aldığını deyir. Rayon icra hakimiyyətindən ailəyə övladlarının yaralanması barədə məlumat veriləndən sonra Sabirabaddan Gəncəyə yola çıxan ata və əmi Əsgərovlara qohumlar telefonla Elvinin şəhid olduğu barədə xəbər çatdırıblar.

“Biz yolda ikən zəng vurub dedilər ki, televizorda 8 nəfər şəhidin arasında Elvinin də adını çəkiblər. Bu xəbərdən sonra kənd camaatı Elvinin atasıgilə axışmağa başladı. Sonra televiziyada düzəliş edib Elvinin ağır yaralı olduğunu deyiblər. Atası da hospitalın komandirləri ilə danışandan sonra Elvinin orda olduğunu öyrəndi”, - Zahid Əsgərov danışır.

Zahid bəy deyir ki, Elvin iki gün Gəncədə qalandan sonra helikopterlə Bakıya, 3 gündən sonra isə Ankaraya gətirilib.

“Bakıda bura gətirilənlərin arasında ən ağır Elvinin vəziyyəti idi. Reanimasiyada da ən çox Elvin yatıb. Bir-iki gün olar ki, özünə gəlib” – deyir yaralı hərbçinin əmisi.

Yaralı hərbçinin sevgisi

Elvin 10 aydır, nişanlıdır. Deyir, yaralanmasaydı, avqust və ya sentyabrda toyu olacaqmış.

"Qismət olsa, oktyabrda toy edəcəm", - Elvin arzularını bölüşür.

Xəstəxanadan hər gün ailəsi və nişanlısı ilə Skype vasitəsilə görüntülü danışır.

Elvin deyir ki, həkimi öz planşet kompüterini onların istifadəsinə verib. Yaralı hərbçilərin Ankarada müalicəsini təşkil etmiş TİKA təşkilatından isə onlara gündəlik istifadələri üçün mobi telefon veriblər.

Sabirabadın Güdəzühür kəndindəki ailəsi də Elvin Ankaraya gətirildikdən sonra tablet bilgisayar alıb ki, onunla gündəlik əlaqə saxlayıb görüntülü danışa bilsinlər.

Elvin hər gün xəstəxanadan nişanlısı ilə danışır.

"O da yanıma gəlmək istəyirdi, özüm qoymadım. Çünki gedəndə onunçün daha çox darıxacam. Həm də istəmirəm ki, məni xəstə halımda görsün. Ona deyirəm, sən ancaq dua et ki, tez sağalım", - Elvin nişanlısı haqda danışır.

Elvin onu da deyir ki, müalicəsini bitirəndən sonra yenə döyüş bölgəsinə getmək istəyir.

Avqustun əvvəllərində Azərbaycan və Erməni qüvvələri arasında ön cəbhədə baş verən qanlı atışmalar zamanı 18 əsgər həyatını itirib.

Azərbaycan və Ermənistan, eləcə də tanınmamış Dağlıq Qarabağ Respublikası bir-birini atəşkəsi pozmaqda ittiham edib.

Bu barədə daha geniş