Əsrin müqaviləsi – 20 il sonra

Bakı

20 il bundan əvvəl, sentyabrın 20-də Azərbaycan və 6 müxtəlif ölkəni təmsil edən 11 neft şirkəti arasında məhsulun bölüşdürülməsinə dair saziş – tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş sənədi imzaladılar.

Sazişin tərəfləri olan ölkələr Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri, Çıraq və Günəşli (AÇG) yatağının dərin hissəsinin karbohidrogen ehtiyatlarının birgə inkişaf etdirilməsinə dair razılaşma əldə etmişdilər.

AÇG 5 milyard barrellik ehtiyatı ilə Azərbaycanın bütün neft ehtiyatlarının 70 faizini təşkil edir.

Müqayisə üçün deyək ki, Qazaxıstanın Kaşağan yatağı Yaxın Şərqdən kənarda ən iri neft yatağı olmaqla 13 milyard barrel ehtiyata malikdir.

Gözləntilər doğruldumu?

Ehtiyatlarının həcmi və yaradacağı mənfəət nəzərə alınmaqla AÇG Azərbaycanın neft tarixində ən mühüm layihə olmalıydı. Bu layihə müstəqillik dövründə Azərbaycan vətəndaşlarını Küveyt və Norveçdə olduğu kimi varlı və firavan etməliydi.

Lakin tarixi neft layihəsi gözləntiləri doğrultdumu? Bir qədər sonra izah edəcəyim kimi ACG-nin yaratdığı neft gəlhagəlinin indiyədək yaxşı-pis tərəfləri olub.

1994-cü ilin neft kontraktı sabitliyi təmin etdi və milli birlik hissinin yaranmasına xidmət göstərdi. Bununla belə, hökumət yaranan nəhəng pul sərvətini elə yönəltdi ki, ölkə neftdən daha asılı və demokratiyadan daha kasad vəziyyətə düşdü.

Hökumət fiziki infrastruktura insan ehtiyatlarının inkişafı ilə müqayisədə, bəzən isə onun ziyanına, daha böyük üstünlük verdi. Qısası, hökumət neft sərvətini güclü, geniş əsaslı siyasi təsisatların yaradılmasına investisiya etmədi.

Müqavilənin müsbət tərəfi ondan ibarətiydi ki, ölkənin siyasi stabilliyi və iqtisadi müstəqilliyinə kömək edirdi.

Müqavilə uzunmüddətli yatırımlar tələb etdiyi üçün xarici şirkətlər – Britaniyanın BP, Amerikanın Chevron və Exxon, Norveçin Statoil, Türkiyənin TPAO, Rusiyanın Lukoil (sonradan müqaviləni tərk edib) və başqa şirkətlər və onların təmsil etdikləri ölkələrin hökumətləri stabil investisiya mühitinin və mülkiyyət haqlarının qorunmasında maraqlı idilər.

Bütün aparıcı beynəlxalq səhmdarların layihəyə daxil edilməsi Azərbaycan hökumətini böyük güclərin geosiyasi maraqlarını balanslaşdıran xarici siyasət məqsədlərinə xidmət edirdi.

Bu məsələnin neqativ tərəfi bu idi ki, balanslaşdırma həm də Qarabağın statusunun Azərbaycan üçün əlverişli olmayan şərtlərlə dondurulması və münaqişənin həllinin qeyri-müəyyən vaxtadək təxirə salınması demək idi. Beləki, heç bir əsas xarici güc mövcud status quo-nu dəyişməkdə maraqlı deyildi.

İkincisi, ACG müqaviləsi Azərbaycanı yenidən dünyanın neft xəritəsinə yerləşdirdi. Azərbaycanın neft istehsalının beşiyi və əsas mərkəzi kimi tanınması milli iftixar hissini canlandırmışdı.

Təntənə

Neftin Azərbaycan milli kimliyinin bir parçası olması onun başqa bir adında – “Odlar Yurdu” ifadəsində əksini tapıb.

Bu mənada 2012-ci il “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi neftlə gücləndirilmiş kimlik hissinin də təntənəsi idi.

Üçüncüsü, müqavilə maliyyə baxımından da Azərbaycan tərəfi üçün sərfəli idi. Bu, Azərbaycana qlobal neft bazarlarına çıxış verir və dövlət xəzinəsi üçün nəhəng gəlirlər yaradırdı.

Qərbli xarici investorlar neft çıxarılmasının risk və xərclərini bölüşür, bacarıq və texnologiyalar təklif edir və beynəlxalq marketinq şəbəkələrinə asan çıxış verirdilər.

Müqavilənin şərtləri və neft qiymətlərinin qeyri-adi şəkildə sabit yüksəkliyi sayəsində Azərbaycan dövləti ACG layihəsindən bu layihədə iştirak edən xarici şirkətlərdən daha çox gəlir götürür.

Neft şirkətləri xərclərini çıxarır və (yatağın ömrü boyunca) gəlirin orta hesabla 25-30 faizini götürülərsə , Azərbaycan hökuməti 70-75 faiz gəlir əldə edir.

Təcrübə

Dördüncüsü, Azərbaycanda fəaliyyət göstərən Qərb neft şirkətləri yerli kadrlara neft mühəndisliyi kimi son dərəcə təkmil sahələrdə qabaqcıl biliklər və təcrübə verirdi.

Yerli işçilər bu biliklərdən xeyli faydalanırdılar və bu gün Azərbaycan peşəkarlarını bütün dünya boyunca demək olar ki, bütün neft və qaz məkanlarında görmək mümkündür.

Bununla belə, Azərbaycanın özü hələ də neftlə bağlı bilikləri və texnologiyaları ixrac etmək qabiliyyətindən çox uzaqdır. Təkcə bunu demək kifayətdir ki, neft sektorundakı iş yerləri əməkçi bazarının yalnız bir faizini təşkil edir. Halbuki, əmək qüvvələrinin 40 faizi kənd təsərrüfatında cəmləşib.

Əvvəldə qeyd etdiyimiz müsbət təsirlərdən başqa üç mühüm sahədə ya az tərəqqi olub, ya da əksinə, geriləmə baş verib. Bunlar - qeyri-neft sahələrinin inkişafı, sosial siyasət və dövlət idarəçiliyi və demokratikləşdirmədir.

Son onillik ərzində Azərbaycan karbohidrogen ixracatından daha çox asılı vəziyyətə düşüb, daha repressiv və daha avtoritar olub və bu zaman korrupsiya neftdən əvvəlki vaxtlarda olduğundan heç də azalmayıb.

Birincisi, neftin iqtisadi artımdakı aşırı rolu ölkəni qeyri-davamlı mövcudiyyət yoluna çıxarıb.

Əgər bundan əvvəlki prezident Heydər Əliyevin administrasiyası şaxələndirməyə ümumiyyətlə ehtiyac görmürdüsə, hazırkı prezident İlham Əliyevin administrasiyası neft erasının sonlarına yaxın bir vaxtda, 2008-ci ilin böhranından sonra neft ixracatından aşırı asılılıq barədə düşünməyə məcbur olub.

Neftdən asılı

Lakin bununla belə, hakimiyyət hələ də özəl sektorun və qeyri-neft istehsal sahələrinin inkişaf etdirilməsinə həvəs göstərməyib. Azərbaycanın ixracatı hələ də yüksək konsentrasiyalı və ixtisaslaşmış vəziyyətdə qalır.

Herfindahl Indeksindən əsasən ixracatın konsentrasiyası ilə şaxələndirmənin nisbətini hesablamaq üçün istifadə edilir.

İndeks 0-dan 1-dək diapozonda götürülür. Burada 1 göstəricisinə yaxın olmaq ixracat strukturunun şaxələndirilmədiyini və konsentrasiyalı ixracat zənbilini nümayiş etdirir.

Azərbaycan üçün bu indeks 2000-ci ildə 0, 37, 2008-ci ildə 0,86 və 2011-ci ildə 0, 75 olub. Bu nəticələr Azərbaycanı neftdən son dərəcə asılı Anqola, İraq, Nigeriya və Ekvatorial Qvineya kimi ölkələrlə bir cərgəyə qoyur.

İkincisi, müəyyən nailiyyətlərə baxmayaraq, sosial siyasət yüksək gözləntiləri doğrulda bilməyib.

İqtisadiyyat ÜDM göstəricilərinin yüksəlişini son vaxtlaradək yaşasa da və yoxsulluğun mütləq səviyyəsinin hazırkı 6 faizə enməsi baş versə də, bütün bunlar neft gəlirləri və əsas etibarilə məqsədli sosial köçürmələr hesabına baş verib.

Nəzərəçarpacaq sosial-iqtisadi bərabərsizliklər hələ də qalır. Ölkə büdcəsində xərclər milyardlarla dollar olsa da, xərclərin çoxu təhsilə, səhiyyə və sosial təminata deyil, ifrastruktura, hərbi büdcəyə və hökumət xidmətlərinə investisiya olunub.

Dünya Bankı iqtisadçılarının hesablamalarına görə Azərbaycanda sosial yardım ÜDM-in yalnız 1 faizini təşkil edir ki, bu da Avropa və Mərkəzi Asiya ölkələri arasında ən aşağı göstəricidir.

Təhsil xərclərinin aşağı olması ictimai təhsilin keyfiyyətinin daha da pisləşməsinə səbəb olub. Üstəlik təhsil sisteminə xərclərə təhsilin keyfiyyətin yaxşılaşdırılması və müəllimlərin təkmilləşdirilməsindənsə, yeni məktəb binalarının tikintisi və avadanlığın alınması da daxil edilməklə bu xərclər ümumilikdə şişirdilib.

Başqa sözlə, yeni məktəblərin tikintisi və avadanlığın alınması özlüyündə təhsilin keyfiyyətini yaxşılaşdırmır. İqtisadçı Thorvaldur Gylfasonun müşahidələrinə görə təbii ehtiyatlarla zəngin ölkələrin təhsilə səhlənkarlığı onunla bağlı ola bilər ki, “təbii ehtiyatlarla zəngin olan və pul içində üzən ölkələr təhsilin uzunmüddətli perpektivdəki dəyərini lazımınca qiymətləndirmirlər”.

Hakimiyyətə dəstək

Üçüncüsü, siyasətşünas Oksan Bayulgenin dediyi kimi 1990-cı illərdə xarici neft şirkətləri Azərbaycanın əslində sovet dövründən qalma kommunist elitalarına kənar dəstək və legitimlik gətirdilər.

Bu elitalar isə həmin legitimlikdən əllərində daha böyük hakimiyyət cəmləşdirmək üçün istifadə ediblər. Hər bir yeni PSA kontraktı ilə avtoritar rejim daha da güclənirdi.

Kifayət qədər kapitalı olmayan Azərbaycanın təklif etdiyi hasilatın pay bölgüsü sazişləri (PSA) rejimi xarici şirkətlər üçün çox sərfəli, proqnozlaşdırılan və sabit olan qanunvericilik və maliyyə mühitini təmin etmiş olurdu.

Beləliklə, yerin təkindəki ehtiyatları dövlət mülkiyyətində saxlamaqla, Azərbaycan eyni vaxtda beynəlxalq münasibətlərə açıla bilmişdi.

Buna görə də PSA müqavilələrinin danışıqlar prosesində çox az sayda qərar qəbul edə bilən şəxslər iştirak edirdilər. Başqa sözlərlə, bunlar yalnız prezidentin özü və dövlət neft şirkətinin ali rəhbərliyi idi.

Belə “atüstü” ticarət Azərbaycanda siyasətin avtoritar təbiətini nümayiş etdirsə də, xarici şirkətlər üçün danışıqlar prosesinin özünü asanlaşdırırdı.

Eyni zamanda neftin ilkin qiyməti ilə bazar qiymətinin arasındakı fərqin gətirdiyi gəlirlər qohumbazlığa və korrupsiyaya söykənən və hazırkı rejiminin bel sütünü olan himəyadarlıq şəbəkəsini gücləndirməklə hakimiyyətin ayaqda qalmasını təmin edirdi.

Bununla da, Azərbaycan cəmiyyətinin yadlaşması prosesi gedirdi. İctimaiyyət neft barəsində “adı bizim, dadı özgələrinin” deyimi ilə mülahizə yürüdürdü.

“Əsrin müqaviləsi”nin 20-ci ildönümü təntənəli əhval-ruhiyyə ilə qeyd olunsa da, bu ictimaiyyəti hazırkı hökumətin neft gəlirlərinin idarə olunması siyasətinin bizim üçün uzun perspektivdə fayda gətirib-gətirməyəcəyi barədə düşünmək və debat açmaq ehtiyacından azad etmir.