TANAP: İqtisadiyyat geosiyasətdən irəlidir

Fotonun müəllifi BBC World Service

2014-cü il, sentyabrın 20-də Azərbaycan, Cənub Qaz Dəhlizinin yaradılmasına başlanğıc olacaq Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) Kəmərinin Uzadılması Layihəsinin açılışını qonaqlamaq üçün “nəhəng mərasimə” ev sahibliyi edir.

Bu dəhlizin TANAP (Transanadolu təbii qaz kəməri) adlanan Türkiyə sektorunun torpaq işlərinin inaqurasiyası 2015-ci ilin yazında olacaq. Təxmini qiyməti 10 milyard dollar olan TANAP, BP-nin rəhbərliyi ilə Şahdəniz layihəsinin 2-ci fazasının qazını Avropa bazarlarına nəql edəcək. TANAP barədə saziş Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Erdoğan arasında 2012-ci ildə imzalanıb. Hazırkı böyük mərasim Xəzərdə enerjinin inkişaf etdirilməsində tarixi məqam olmuş başqa bir hadisənin – “Əsrin müqaviləsi”nin 20-ci ildönümü ilə üst-üstə düşdüyündən Azərbaycan prezidenti İlham Əliyev Şahdəniz-2 və onunla bağlı kəməri “21-ci əsrin layihəsi” adlandırıb.

Cənub Qaz Dəhlizinin hazırda təsdiq olunmuş planına Cənubi Qafqaz Kəmərinin Uzadılması və əlavə olaraq daha iki kəmərin tikintisi daxildir. Bunlar, Türkiyənin Gürcüstanla şərq sərhədindən başlanan və onun Avropa ilə qərb sərhədinədək uzanan TANAP və əlavə kəmərlərlə Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çıxan TAP - Transadriatika Kəməridir. Qərbi Nabucco kimi tanınan və Türkiyədən Bolqarıstan, Rumıniya və Macarıstan ərazisi ilə Avstriyanın Baumqarten şəhərinə çıxacaq ikinci mümkün uzadılma 2013-cü ildə Şahdəniz-2 konsorsiumu tərəfindən TAP-ın xeyrinə rədd edilib.

TANAP-a birləşdiriləcək TAP Yunanıstanın Kipoy məntəqəsindən bu ölkə və Albaniya boyunca keçərək Adriatika sahillərinə çıxacaq, buradan isə suyun altı ilə Apuliya regionunana çıxaraq İtaliyanın qaz şəbəkəsinə qoşulacaq.

Avropa İttifaqı ölkələri daha ambisiyalı Nabucco kəməri üçün ehtiyatları və dəstəyi səfərbər etməyə nail olmayanda, Azərbaycan və Türkiyə hökumətləri daha realist və praqmatik TANAP layihəsinə doğru meyllənməyi qərara aldılar. TANAP-da 12 faiz payi olan BP şirkəti ilə partnyorluqda səhmlərin 58 faizinə Azərbaycanın dövlət neft şirkəti SOCAR sahibdir. Bu layihədə Türkiyənin dövlət əməliyyatçısı BOTAŞ-ın payı 30 faizdir.

Risklər

Fransanın Total və Norveçin Statoil şirkətləri TANAP-dan, belə görünür ki, tikinti xərclərinin gözlənilən qiymətdən yüksək olması və 7, 5 milyard dollardan 12 milyard dollara qalxmasının yaratdığı maliyyə riskindən çəkinərək çıxıblar.

TANAP-ın tikintisinin 2018-ci ildə başa çatacağı gözlənilir və kəmər 40 il ərzində istifadədə olacaq. Onun ilkin mərhələdəki ildə 16 milyard kubmetrlik həcmləri sonrakı mərhələdə iki dəfə artacaq. Şahdəniz qazının həcmləri aşağıdakı nisbətlərdə bölüşdürüləcək: qazın 6 milyard kubmetrindən Türkiyənin daxili tələbatı üçün istifadə olunacaq və 10 milyard kubmetri Avropa bazarlarına nəql ediləcək.

Yeni qaz kəməri Azərbaycanı böyük regional təchizatçıya çevirəcək. Bu, xüsusilə 2020-ci ildən sonrakı dövrdə tədricən azalacaq neft gəlirlərini kompensasiya edəcək, hərçənd qaz ixracatı neft ixracatının son onillikdə gətirdiyi gəlir qədər mənfəət verməyəcək.

Azərbaycandan Avropaya qazın nəqli Rusiya təchizatları ilə rəqiblik təşkil etməyəcək, beləki, SOCAR rəsmilərinin vurğuladığı kimi “Azərbaycan qazının Avropaya gedən həcmləri Rusiyanın həcmləri ilə rəqabət aparacaq qədər böyük olmayacaq”.

Şahdənizin ikinci fazasından alınacaq qaz Türkiyənin artmaqda olan daxili qaz tələbatının 25 faizini təmin edəcək. Odur ki, Türkiyə bu layihəyə onun Rusiya və İran təchizatından asılılığını azaldacaq strategiyanın bir hissəsi kimi baxır. Şahdəniz və TANAP həmçinin Türkiyəni bir regional enerji qovşağı və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm oyunçu kimi əhəmiyyətini artıracaq.

Qaza tələbatın yüksək olduğu və bundan sonra da artacağı Avropa üçün Şahdəniz-2-nin qazı Yunanıstan, Bolqarıstan və İtaliyadakı istehlakçılar üçün yeni təchizat mənbəyi olacaq. Yeni təchizat mənbəyi kimi Azərbaycan qazı həm də Rusiyanın Gazprom şirkətinin dominant mövqeyindən yan keçməklə dəyərli olacaq.

TANAP və Nabucco

Nabucco kəmər layihəsindən bir neçə səbəblərə görə əl çəkilib: birincisi, layihənin fantastik miqyası və investorların üzləşə biləcəyi maliyyə risklərinin yüksəlməsidir.

İkincisi, Avropa İttifaqı səviyyəsində bu layihəyə aid aydın qaydaların və siyasi məramın olmaması kəmərin təbliğ edilməsinə ciddi ziyan vurub.

Üçüncü səbəb isə Türkmənistan və Mərkəzi Asiya və Yaxın Şərqdən olan təchizatçıların layihəyə qoşulub-qoşulmayacağına dair aydınlığın olmamasıdır.

Dördüncüsü, Transxəzər kəməri kimi zəruri infrastruktur həcmlərinin yoxluğu Nabucco-nun iflasına “töhfə” verib.

Beşinci səbəb isə budur ki, layihədən təcrid edilmiş Rusiya və İran Transxəzər kəmərinin çəkilişinə əngəl yaradıblar, üstəlik Rusiya bu ölkədən Qara dənizin altından keçərək Bolqarıstana ildə 63 milyard kubmetr qaz nəql edəcək alternativ “Cənub axını” layihəsinin təşəbbüsünə başlayıb.

Və nəhayət İrana qarşı Aİ sanksiyaları və İraqdakı sabitsizlik Nabucconun gələcəyini məhv edən mühüm faktorlar olub.

Bremendə yaşayan energetika eksperti Julia Kusznirin fikrincə TANAP və TAP-ın Nabuccodan üstün tutularaq əsas kəmər marşrutu kimi seçilməsində, böyük güclərin geosiyasi çıxarlarındansa, Şahdəniz konsorsiumu üzrə partnyorların iqtisadi məqsədəuyğunluq və mənfəət-məxaricə dair hesablamaları əsas rol oynayıb.

Bu barədə daha geniş