Tom de Waal: "Azərbaycan Qərbli olmaq istəmir"

Bakı

Cənubi Qafqaz üzrə tanınmış təhlilçi Thomas De Waal Amerikanın nüfuzlu “Foreign Affairs” məcmuəsində yazır ki, Ukrayna böhranı bütün keçmiş sovet respublikalarını sərt seçim qarşısında qoyub.

De Waal yazır ki, indiyədək bir tərəfdən Rusiya modelli avtoritar hakimiyyətə malik olan, başqa bir tərəfdən Qərbin etibarlı partnyoru kimi görünmək istəyən Azərbaycan, indən belə, ya tamamilə Moskvanın, ya da Qərbin yanında olmalıdır.

Lakin müəllifin fikrincə, neft gəlirləri ilə güclənmiş Azərbaycan, deyəsən indi adı çəkilən iki mövqeyi birləşdirən üçüncü yol barədə düşünür.

Müəllifin fikrincə, indiki siyasi şəraitdə Azərbaycanın tutmaq istədiyi bu üçüncü yol sınağa çəkilib.

Thomas De Waal yazır ki, neft gəlirləri Azərbaycana 2000-ci illərdə dünyanın ən böyük iqtisadi artımını təmin etmək, qısa müstəqillik dövründə yoxsulluğun kökünü kəsmək və qaçqınları evlə təmin etmək imkanı verib.

Məqalədə deyilir ki, bütün bunlarla yanaşı ötən müddətdə Azərbaycanda yeni elita – siyasi oliqarxiya yaranıb.

Müəllif fövqəladə hallar, nəqliyyat və daxili işlər nazirləri Kəmaləddin Heydərov, Ziya Məmmədov və Ramil Usubov-un adlarını çəkir və yazır ki, oliqarx nazirlər siyasi nüfuzlarından topladıqları var-dövləti qorumaq üçün istifadə ediblər.

De Waal-ın fikrincə, imtiyazlı dövlət başçısı postunu tutan İlham Əliyev bu oliqarxlar üzərində tam nəzarətə malik deyil.

Təhlilçinin fikrincə, son geosiyasi dəyişikliklər Azərbaycanın Qərb üçün cazibədarlığını azaldıb.

Azərbaycan Əfqanıstanda döyüşən koalisiya üçün hərbi yüklərin tranzitidir, lakin ABŞ qoşunları artıq bu ölkəni tərk etmək mərhələsindədir.

Məqalədə qeyd olunur ki, Azərbaycanın Avropa üçün Rusiyaya alternativ enerji təchizatçısı kimi də əhəmiyyəti xeyli azalıb, beləki ambisiyalı Cənub Dəhlizi Layihəsi miqyasca kiçildilib və yaxın gələcəkdə Azərbaycan Avropanın istehlak etdiyi qazın yalnız 2 faizini verə biləcək.

Digər tərəfdən, Bakı əvvəllər özünü Vaşiqton-Tehran münasibətlərində xüsusi rola malik bir şəkildə görürdüsə, indi artıq ABŞ-la İran arasında birbaşa fəal dialoq başlanıb.

De Waal-ın fikrincə, sentyabrın 12-də SOCAR-ın Malayziyanın “Petronas” dövlət neft şirkəti ilə imzaladığı saziş siyasətin yeni istiqamətindən xəbər verə bilər.

Məqalədə deyilir ki, Moskvaya şübhəli münasibət Azərbaycanın milli ideologiyasının əsasını təşkil etsə də, indi Azərbaycan Rusiyaya həmişə olduğundan daha yaxındır.