Azərbaycan EITI-da erkən attestasiyadan keçməli olacaq

Clare Short Fotonun müəllifi AFP
Image caption "Aydındır ki, Azərbaycanda vətəndaş cəmiyyətinin üzləşdiyi vəziyyət problematikdir", EITI sədri Clare Short deyib

Azərbaycan Mədən sənayesində şəffaflıq təşəbbüsü (EITI) qurumunda erkən attestasiyadan keçməli olacaq, EITI sədri Clare Short-un bəyanatında deyilir.

"İdarə heyəti razılaşıb ki, yanvarda bütün üzv ölkələrin, o cümlədən Azərbaycanın razılaşdığı EITI Standartına uyğun olaraq erkən attestasiya başlanılmalıdır. Ümid edirəm ki, inkişaf əldə olunacaq və Azərbaycan EITI ailəsinin bir hissəsi olaraq qalacaq", bəyanatda deyilir.

Dünyada mədən hasilatı ilə məşğul olan şirkətlərin şəffaflığını təmin etmək üçün çalışan qurumun standartlarını yerinə yetirmək üçün hər ölkə EITI Standartında göstərilən şəffaflıq tələblərini həyata keçirdiyini göstərən müstəqil qiymətləndirmədən keçməlidir. Bu, "EITI Attestasiyası" adlanır.

Sədrin bəyanatına görə, Azərbaycan bu attestasiyadan 1 yanvar 2015-dən keçməli olacaq.

Azərbaycanın attestasiyası 1 iyul 2015-də başlamalı idi, lakin ölkədəki "son hadisələrə görə" bu, altı ay qabağa çəkilib, qurumdan BBC Azərbaycancaya bildirilib.

Çağırışlar

Human Rights Watch insan haqları təşkilatı ilk dəfə avqust ayında, ikinci dəfə isə ötən həftəsonu Azərbaycan hökumətinin "hüquq müdafiəçilərinə və qeyri-hökumət təşkilatlarına qarşı hücumlarına görə" EITI qurumunu Azərbaycanın üzvlüyünü ləğv etməyə çağırıb.

"Aydındır ki, Azərbaycanda vətəndaş cəmiyyətinin üzləşdiyi vəziyyət problematikdir. İdarə heyəti faktaraşdırıcı missiyanın nəticələrini müzakirə edib və ciddi narahatlığını bildirib", qurumun sədri deyib.

"İdarə heyəti ümid edir ki, Azərbaycan vətəndaş cəmiyyəti üçün imkanları genişləndirəcək ki, [vətəndaş cəmiyyəti] Standartda göstərildiyi kimi öz zəruri töhfəsini verə bilsin".

EITI çərçivəsində Azərbaycan neft gəlirləri barədə hesabatlarını vaxtaşırı açıqlayır və bu təşəbbüsü ilk olaraq həyata keçirən ölkələrdən biri hesab olunur.

Bu barədə daha geniş