Bakı-Tbilisi-Qars dəmiryol xətti "2015-ci ildə işə düşəcək"

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttindən ilk sınaq qatar 2014-cü ilin sonunda buraxılacaq, layihə isə tam olaraq 2015-ci ildə təhvil veriləcək.

Bunu Bakıda keçirilən "Bakı-Tbilisi-Qars dəmir yolu xətti: Tarixi İpək Yolunun inkişafında yeni imkanlar" beynəlxalq konfransında çıxışı zamanı nəqliyyat naziri Ziya Məmmədov deyib.

Nazir bildirib ki, son beş ildə ölkənin nəqliyyat sektoruna cəlb edilmiş investisiyaların həcmi iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş investisiyaların 20 faizini təşkil edir.

BTQ dəmir yolu xəttinin tikintisinə 2007-ci ildə Tbilisidə hökümətlərarası sazişin imzalanmasından sonra başlanılıb.

Fotonun müəllifi AFP
Image caption Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri Gürcestanda dəmir yolunun açılışında. 21 noyabr 2007

"Layihə üzrə Türkiyə ərazisində 75,6 km sahənin tikintisi, Gürcüstanda 183 km sahənin tikintisi və rekonstruksiyası Gürcüstan-Türkiyə sərhədində isə 4,5 km tunelin tikintisi aparılır. Azərbaycan höküməti 775 milyon ABŞ dolları güzəştli kredit hesabına maliyyələşdirilir", cənab Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347 km dəmir yol örtüyü yenidən qurulub.

"Layihə üzrə qatarların sürətinin 140 km çatdırılması nəzərdə tutulub", Ziya Məmmədov qeyd edib.

Nəqliyyat naziri əlavə edib ki, layihə "digər ölkələrin qoşulması üçün açıqdır".

Türkiyə işlərin "80 faizini bitirib"

Türkiyənin dəniz işləri, rabitə və nəqliyyat naziri Lütfi Elvan çıxışında deyib ki, Türkiyə dəmir yolu layihəsinin özünə aid hissəsindəki işlərin 80 faizindən çoxunu yerinə yetirib.

Türkiyə hissəsinin tikintisi bu ilin sonunda başa çatacağını bildirən cənab Elvanın sözlərinə görə, layihənin reallaşdırılması üzrə ölkəsinin investisiyaları 700 milyon dollar təşkil edir.

Gürcüstanın regional inkişaf və infrastruktur naziri David Şavliaşvili BTQ layihəsinin önəmindən danışarkən deyib ki, Gürcüstan höküməti böyük infrastruktur layihələrinin reallaşdırılmasını dəstəkləyir.

Litva nəqliyyat və kommunikasiya naziri Rimantas Sinyavichus çıxışında BQX-nın təkcə Avropa və Asiya arasında daşınmaların artması baxımından deyil, həm də Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığın inkişafına vəsilə olacağına ümid etdiyini bildirib.

BTQ dəmiryol xətti layihəsi 68 km-i Türkiyə ərazisindən, 30 km-i Gürcüstan ərazisindən, həmçinin Gürcüstanda Tbilisi-Axalkalakidə 183 km sahənin rekonstuksiyası daxil olmaqla 98 km uzunluqda Qars-Axalkalaki dəmir yolunun tikintisini nəzərdə tutur.

Bu barədə daha geniş