Politoloqlar prezidentlərin Paris görüşü barədə "pozitiv gözləntidə" deyil

Əliyev, Sarkisyan Fotonun müəllifi AFP

Oktyabrın 27-də Parisdə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçiriləcək.

Təhlilçilər Fransa prezidenti François Hollande-ın təşəbbüsü ilə keçiriləcək görüşü şərh edərkən öncəliklə tərəflərin fərqli mövqelərinin nəticəyə birbaşa təsirindən danışırlar.

BBC Azərbaycancaya danışan azərbaycanlı politoloqların bəziləri görüşdə müzakirəyə çıxarılacaq sənədin olmadığını və münaqişənin həlli ilə bağlı siyasi bəyanatın verilmə ehtimalını, bəziləri ümumiyyətlə görüşün "nəticəsiz" olacağını düşünür.

İqtidaryönümlü deputat, politoloq Rasim Musabəyov prezidentlərin görüşündən "xüsusi gözləntilərinin" olmadığını deyir

"Məlumdur ki, müzakirə və qəbul etmək üçün nə sənəd var, nə də sistemləşmiş təklif. Belə olan halda ya əvvəlki kimi heç bir nəticə olmayacaq və tərəflər vaxtı mənasız mübahisələrə sərf edəcəklər", ekspert BBC Azərbaycancaya bildirib. "Ya da ən yaxşı halda hansısa bir danışıqlar raundunun verilməsinə razılaşsalar, bu özü-özlüyündə pis olmazdı".

"Fərqli yanaşma"

Onun sözlərinə görə, ancaq tərəflər xarici işlər nazirlərinə müəyyən təkliflər ətrafında iş aparmağı tapşırdığı halda bunu görüşün nəticəsi adlandırmaq olar.

"Çünki fərqli istəklər var: Ermənilər mövcud status kvonun möhkəmləndirilməsinə, Azərbaycan ortaya sülh müqaviləsi gəlməyini istəyir. Fərqli yanaşma imkan vermir ki, konseptual razılıq əldə olunsun".

Politoloq Ərəstun Oruclu görüşdən "optimist nəticə" gözləmir və bunu geosiyasi tərəflərin (Rusiya və Qərb) münaqişəni "öz nəzarətinə götürmək cəhdi" kimi qiymətləndirir.

"Görüşdə ən yaxşı halda müəyyən siyasi iradə ifadə oluna bilər. Ermənistan Gömrük İttifaqına üzv olub və faktiki olaraq taleyini Rusyiya ilə bağlayıb", o qeyd edib. "Ona görə münaqişəni Ermənistanın Qərblə müzakirə edəcəyini düşünmək o baxımdan mümkündür ki, Rusiyanın dəstəklədiyi müxalifət Ermənistanda Sarkisyana ciddi təzyiqlərə başlayıb".

Bununla belə politoloqun fikrincə, Qərbin Ermənistanda "heç bir gücü və dəstəkçisi" yoxdur.

Rəsmi Bakı "Rusiyadan ehtiyatlanır"

Onun sözlərinə görə, Paris görüşündən "pozitiv nəticə" gözləməyə dəyməz, çünki rəsmi Bakı ən çox Rusiyanın təzyiqindən ehtiyat edir.

"Əliyev Rusiya və Qərbin təzyiqi altındadır. Tərəddüd edir və çalışır Azərbaycanı bütün birliklərdən kənarda saxlasın. İstənilən bir addımın atılması bu anda Rusiyanın təzyiqini gücləndircək", o əlavə edib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Elxan Şahinoğlu prezidentlərin görüşünün keçirilməsi ilə bağlı Qərbin təşəbbüsü ələ alması "müsbət addımdır".

"Amma görüşün nəticəsi barədə pessimistəm, çünki tərəflər arasında konseptual fərq aradan qaldırılmayıb. Yəni Azərbaycan ilkin olaraq Dağlıq Qarabağın geri qaytarılması, qaçqınların qayıtması və yalnız bundan sonra status kvonun müzakirəsini istəyirsə, Ermənistan bütün məsələlərin paket şəklində həllini istəyir".

Razılaşma "gözlənilmir"

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərin ölkəyə son səfəri danışıqlarda "hansısa irəliləyiş olmadığını" göstərdi.

"Hər hansı razılaşma gözləmirəm. Parisda tərəflər hansısa detal ətrafında, tutaq ki, hər iki tərəfin güc nümayişini dayandıracaqları haqda bəyanat versələr belə, buna riayət olunmayacaq. Mən buna inanmıram", o əlavə edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yerli mediaya açıqlamasında deyib ki, Azərbaycan tərəfi görüşə "ümidlə" baxır və onun donmuş mövqelərin yumşalmasına gətirəcəyinə, prosesin davamlı həllinin tapılmasına gətirəcəyinə ümid edir.

Fotonun müəllifi AP
Image caption Avqust ayında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən əsgərlər ölüb

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında üçtərəfli formatda görüş bu il avqustun 10-da Rusiyanın Soçi şəhərində keçirilib. Hər üç dövlətin liderləri Qarabağ münaqişəsinin dinc yolla həllinin mümkün olduğunu bəyan ediblər.

Soçi görüşündən bir həftə əvvəl Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında atəşkəsin pozulması nəticəsində Azərbaycan tərəfi 13 əsgərini itirib.

Ermənistan tərəfi həmin insidentlər nəticəsində beş hərbçisinin öldüyünü bildirib.

Atəşkəsin pozulmasına görə tərəflər bir-birini "kəşfiyyat-diversiya cəhdlərində" ittiham edirlər. Bundan başqa tərəflər bir-birilərini itkiləri gizlətməkdə ittiham edərək digərinin daha çox itki verdiyini iddia edib.

Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi 1994-cü il mayın 12-də imzalanıb.

Bu barədə daha geniş