#BBCAzeriTrending: Mehriban Əliyevanın bişirdiyi pomidor-yumurta

Mehriban Əliyeva Fotonun müəllifi AFP

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunları ərəfəsində qonaqlarına pomidor-yumurta bişirməsi xəbəri yerli mediada geniş yayılıb.

Bu, Leyla Əliyevanın "Baku" jurnalında dərc olunan məqalədən sonra baş verib.

İtar-Tass agentliyinin rəhbəri Mixail Qusmanın jurnalda yazdığı məqaləyə əsasən, Londondakı "Baku" restoranında keçirilən qonaqlıq zamanı qonaqlardan biri pomidor-yumurta istəyib, Mehriban Əliyeva isə bu xahişi şəxsən özü yerinə yetirib.

"... Restoranın mətbəxinə keçdim və nə görsəm yaxşıdır? Mehriban xanım aşpazlardan birinin önlüyünü yaxasına bağlayıb diametri 1 metr olan iri tavanın arxasında dayanıb həvəslə pomidor-yumurta bişirir", Qusman yazır.

"Sadəlik"

Azərbaycanlı sosial media istifadəçiləri bu məlumata böyük maraq göstərib. Bəziləri hətta bunun iqtisadiyyata "təsirini" də şərh edib.

"İndi məlum oldu prezident niyə yumurta qiymətinin süni artırılmasına etiraz edirmiş. Sən demə Mehriban Əliyeva pomidor-yumurta həvəskarıymış", @qivlasizsoyun Twitterdə yazıb.

@ElmirMaharramo: "Pomidor-yumurta baha olar indi".

Fotonun müəllifi Getty

Millət vəkili Qənirə Paşayeva isə öz Twitter səhifəsində yazıb: "Sadəlik gözəllikdir! Mehriban xanımın gözəl insanlığını anladan maraqlı bir xatirədir".

Eldegiz Balabeyli həmçinin bunu Mehriban Əliyevanın "sadəliyi" ilə əlaqələndirib. "Halal olsun Mehriban xanıma. Bu, sadəlikdən irəli gəlir", o Qafqazinfo saytında şərh yazıb.

"İ.Əliyev cənabları xoşbəxt prezidentdir. Ona görə ki, onun belə bir xanımı var. Respublikanın idarə olunmasında sizə başarılar!" Araz Naxcivanli həmin xəbəri şərh edib.

"Mən də qəşəng pomidor yumurta bişirirəm. Mehriban Əliyevanı da duetə ee bağışlıyın duelə çağırıram", yazıb @NerminElcin.

Pomidor-yumurtanın qüdrəti

Eyni zamanda bəziləri bu hadisənin "xəbər" kimi yayılmasına irad tutub.

"Xəbər tapa bilməyən jurnalist detected [aşkar olunub]", Rüstem İsmail adlı istifadəçi Qafqazinfo-nun Facebook səhifəsində yazıb.

@NarminNoqte: "Kimin teması daha ağırdı? Birinci xanımın bişirdiyi pomidor-yumurta, yoxsa Xoşqədəmin evliliyi?"

@Zaraza_Sayka: "Pomidor-yumurtanın qüdrətini mən belə bilməmişdim, ana..!"

Digərləri sadəcə pomidor-yumurta həvəsinə düşüb. "Evə zəng eliyib deyirəm ki, mama bəs birinci xanım pomidor-yumurta bişirib, mənim də ürəyim istədi. Şişib eliyərəmee.." @VuqarAze deyib.

Bu barədə daha geniş