QHT-lər və qrant haqda qanuna dəyişikliklər qüvvəyə minib

Bakı Fotonun müəllifi noncredit

Prezident İlham Əliyev qanuna xarici donor təşkilatların yerli QHT-lərə qrant ayırması üçün qeydiyyatdan keçmə məcburiyyətini nəzərdə tutan dəyişikləri imzalayıb.

QHT-lər haqqında qanuna edilən dəyişiklərə görə, yerli və xarici dövlətlərin qeyri-hökümət təşkilatının filial və nümayəndəlikləri, qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxs barədə məlumatları aidiyyatı üzrə icra hakimiyyəti orqanına təqdim etməlidir.

Yəni Azərbaycandakı QHT-lərə qrant ayıran xarici donor təşkilatı öncədən Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Bundan başqa barəsində məlumat təqdim edilməmiş qrantlar üzrə bank əməliyyatları qadağandır.

Xarici donor təşkilatı ilə yerli QHT arasında imzalanmış müqavilə Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Müqavilə olmadan işləyən yerli QHT-lər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyacaq.

“Qrant haqqında” qanuna edilən dəyişiklərə görə, xarici hüquqi şəxslərin Azərbaycanda qeydiyyata alınmış filial və nümayəndəlikləri yerli QHT-lərə qrant ayırmaq hüququnu müvafiq icra hakimiyyəti orqanından maliyyə-iqtisadi məqsədə müvafiqliyinə dair rəy almalı olacaqlar.

Yalnız bundan sonra onlar yerli qeyri-hökümət təşkilatlarına qrant ayıra bilərlər.

Müsbət Dəyişikliklər Gənclər Hərəkatının həmtəsisçisi ictimai fəal Bəxtiyar Hacıyev yeni qüvvəyə minmiş dəyişiklərə görə təşkilatın ofisinin qeyri-müəyyən müddətə bağlandığını açıqlayıb.

Facebook səhifəsindəki statusunda Hacıyev yazıb ki, dəyişikliklər hərakatın fəaliyyyətini “praktiki olaraq mümkünsüz” edib.

“Son zamanlar QHT qanunvericiliyinə edilən dəyişikliklər beynəlxalq donorların təsdiqlədiyi layihələrimizin reallaşdırılmasının qarşısını alıb. Ümid edirik ki, qısa müddətdə həm beynəlxalq donorların, həm də müstəqil təşkilatların fəaliyyətini imkansız edən dəyişiklər aradan qaldırılacaq, QHT-lərin qeydiyyatı və qeydiyyatsız könüllü fəaliyyətin asanlaşdırılması istiqamətində ciddi addımlar atılacaq”, statusda qeyd olunur.

Milli Məclisdə oktyabrın əvvəlində müzakirəyə çıxarılan dəyişiklər müstəqil QHT nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb.

Onlar bu dəyişikləri vətəndaş cəmiyyətinə təzyiqlərin növbəti mərhələsi adlandırır və bundan daha çox sadə vətəndaşların əziyyət çəkəcəyini düşünürlər.

Beynəlxalq insan haqları və media təşkilatları son ildə Azərbaycanda söz azadlığına və vətəndaş cəmiyyətinə təzyiqlər edildiyini deyir. Azərbaycan hökuməti bu iddiaları rədd edir və jurnalist və fəalların həbsinin onların fəaliyyətilə əlaqəli olmadığını deyir, QHT-lərlə bağlı dəyişikləri isə hökumətin qanunların işləməsinə nəzarət ambisiyaları ilə izah edir.