Ermənistanda avtomobil qazının qiyməti bir gecədə 20 faiz bahalaşıb

Yerevan
Image caption Yerevanda yanacaq məntəqəsi.

Yerevanda bir gecədə avtomobiillərdə və yük maşınlarda yanacaq kimi istifadə olunan qazın qiyməti 20 faiz bahalaşaraq 1 kub metr üçün 190 dramdan 230 drama (39 qəpik) çatıb.

Yerli iqtisadçılar bunu Rusiya rublunun məzənnəsinin dollara nisbətən düşməsi və qaz idxalatının inhisarı ilə bağlı olduğunu bildirirlər.

Ermənistanda əksər nəqliyyat növləri benzin və dizel əvəzinə qaz yanacağından istifadə etdiyinə görə, nəqliyyatda gediş giymətlərinin də artacağı mümkündür.

Ermənistan Sərnişindaşıma İttifaqının sədri Qrant Yeğiazaryan deyib ki, qazın qiymətinin 40-50 dram artması nəticəsində ictimai nəqliyyat sürücüsünün gündəlik gəliri təxminən 3000 dram azala bilər.

Bu isə, onun sözlərinə görə, öz növbəsində nəqliyyatda qiymətlərin artmasına səbəb ola bilər.

“Müvafiq orqanlar qiymətlərin artmasına təsir etmək yollarını tapa bilməsə, şəhər nəqliyyatsız qala bilər”, - Yeğiazaryan deyib.

Hazırda şəhər nəqliyyatında gediş qiyməti 100 dram - təxminən 17 qəpikdir. Ötən il Yerevan Bələdiyyə İdarəsinin qiymətləri 50 faiz artırmaq cəhdi güclü ictimai etiraz dalğası ilə üzləşsə də qiymətlər dəyişməyib.