BBC reportajı: Bakı küçələrində triller

İsveçrə səfirliyi, Bakı Fotonun müəllifi BBC World Service
Image caption Bakıdakı İsveçrə səfirliyi humanitar əsaslarla Emin Hüsyenovu saxlayıb

O, tamamilə maskalanaraq Bakıdakı İsveçrə səfirliyinin önündə peyda oldu: onun qara saçları avropalı görkəmi almaq üçün sarı rəngə boyanmışdı. Bu işə yaradı. O, səfirliyi qoruyan azərbaycanlı polisi keçərək xarici torpağa ayaq basmağa nail oldu.

Tanınmış insan haqları müdafiəçisi Emin Hüseynovun yeri altı aydan çox idi ki, məlum deyildi. Yalnız keçən həftə İsveçrə yayım şirkəti olan SRF, onun 2014-cü ilin avqustundan bu ölkənin Bakıdakı səfirliyində saxlanıldığını bildirib.

İsveçrə xarici işlər nazirliyi də bir Azərbaycan vətəndaşının humanitar əsaslarla səfirlikdə saxlandığını təsdiq edib. Bəyanatda İsveçrənin məsələnin "fərdin xeyrinə" həlli üçün Azərbaycan rəsmilərilə danışıqlar apardığı bildirilib.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (İRFS) təsisçisi olan Emin Hüseynov Azərbaycan hökuməti tərəfindən vergidən yayınma və səlahiyyətlərindən sui-istifadə etmədə ittiham edilib.

Cənab Hüseynovun rəhbərlik etdiyi qeyri hökumət təşkilatı jurnalistlərin hüquqlarının pozulması faktlarının monitorinqi ilə məşğul idi.

Fotonun müəllifi BBC World Service
Image caption Emin Hüseynov altı aydır ki, gizlənir

Bənzəri ittihamlar bir çox digər vətəndaş cəmiyyəti fəallarına qarşı da irəli sürülüb. Əksər demokratiya tərəfdarı olan QHT-lər kimi, Eminin də təşkilatı Azərbaycanın təhlükəsizlik xidməti tərəfindən nəzarətdə idi.

"Xain" damğalılar

Emin Hüseynov və hazırda həbsxanada olan Rəsul Cəvərov, insan haqları müdafəçisi İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Anar Məmmədli kimi demokratiya tərəfdarı olan fəallar illərdir öz hökumətlərini açıq şəkildə tənqid edir, neft və qazla zəngin ölkədə insan haqlarının pozulması faktlarını ortaya çıxarırdılar.

Həmçinin izləyin: Azərbaycanda "insan haqlarını müdafiə etmək cinayətdir"

Onlar gördüyü işlərə görə beynəlxalq ictimaiyyətin diqqətini qazanıblar. Lakin prezident İlham Əliyevin baş müşaviri Ramiz Mehdiyevin timsalında Azərbaycan rəsmiləri onları "xain" adlandırıb.

Image caption Fəallar Arif Yunusov, Leyla Yunus, İntiqam Əliyev və Rəsul Cəfərov 2013-cü ilin ortalarından saxlanılır

Onu tənqid edənləri susdurmaq üçün hökumətin apardığı kampaniyanın ən son qurbanı araşdırmaçı jurnalist Xədicə İsmaylovadır.

Xanım İsmaylova Azərbaycan prezidenti və onun ailəsinin maliyyə layihələri ilə bağlı korrupsiya faktlarını araşdırması ilə tanınır. 2014-cü ilin dekabrında o, başqasını sui-qəsdə təhrik etməkdə ittiham edilib.

Keçən həftə isə İsmaylovaya qarşı əlavə olaraq yeyinti, vergidən yayınma və səlahiyyətlərindən sui-istifadə etmə ittihamları irəli sürülüb.

Xədicə İsmaylovanın dekabrda Bakıda görüşdüyüm həmkarları, onun həbsini susdurulmasına cəhd kimi izah ediblər.

Fotonun müəllifi BBC World Service
Image caption AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılova dekabr ayından həbsdədir

"Xədicəni həbs etməklə hökumət jurnalistlərə və ümumilikdə ictimaiyyətə mesaj göndərir ki, həqiqət və azad söz, insan haqları uğrunda mübarizə aparan hər kəs həbs ediləcək," Kamran Mahmudov deyib.

Kamran qısa müddət İsmaylovanın ABŞ tərəfindən maliyyələşdirilən Azadlıq Radiosundakı məşhur verilişində aparcı olub. Bu müsahibədən bir neçə həftə sonra rəsmilər Azadlıq Radiosunun ofisinə basqın edərək radionun yayımını dayandırıblar.

Kamran gecə paltarındaca polis tərəfindən evindən çıxarılaraq dindirilmək üçün aparılıb.

Azərbaycan mətbuatı arasında azsaylı müstəqil səslərdən birinin qapadılması ABŞ Dövlət Departamenti, Avropa İttifaqı və insan haqları təşkilatlarının tənqidinə məruz qalıb.

Lakin hökumət, jurnalist və vətəndaş cəmiyyyəti fəallarına qarşı bütün ittihamların qanuni olduğunu bildirir.

"Azərbaycanda heç kim peşəkar fəaliyyətinə və ya siyasi əqidəsinə görə mühakimə edilməyib," Azərbaycan Xarici İşlər nazirliyinin sözçüsü Hikmət Hacıyev bildirib.

"Xədicə İsmaylova 10 ildən çoxdur ki, jurnalist fəaliyyəti ilə məşğuldur və müxtəlif mövzularda yaza bilib. İndi ortada Azərbaycan cinayət məcəlləsinə əsaslanan real cinayət işi var."

"Çox təəssüf ki, insan haqları məsələsi siyasiləşdirilir və bəzi qruplar və çevrələr insan haqları bəhanəsilə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhd edirlər".

Barmaqlıqlar arxasında parlaq zehinlər

Prezident Əliyev Yeni İl öncəsi 87 məhbusu əfv edib. Onların arasında iki jurnalist və demokratiya tərəfdarı olan gənclər hərəkatının iki üzvü də var.

Lakin həbs edilmiş fəal, jurnalist və hüquqşünasların əksəriyyəti hələ də barmaqlıqlar arxasındadır. Günahkar bilinərlərsə onları uzun müddət həbs gözləyir.

Fotonun müəllifi BBC World Service
Image caption İntiqam Əliyevin ailəsi onu Kürdəxanı həbsxanasında ziyarət edir

İnsan haqları üzrə vəkil olan İntiqam Əliyevin məhkəməsi fevralın 17-də yekunlaşır. O, insan haqlarından tutmuş söz azadlığı və ədalətli məhkəmə hüququnun pozulmasına qədər yüzlərlə işi Avropa İnsan Haqları Məhkəməsinə çıxardıb.

Oğlu Nəcmin, dekabr ayında Bakının kənarında yerləşən təcridxanada saxlanılan atasını ziyarət etdikdən sonra onun mesajını dünyaya çatdırmaq istəyib.

"Bu günün Azərbaycanında insan haqlarını müdafiə etmək cinayətdir," o bildirib. "O, və onun dostları sırf bunu etdikləri üçün cəzalandırılırlar".

Kürdəxanı adlanan təcridxana "universitet" ləqəbini qazanıb. Çünki İntiqam kimi dövlətə təhlükə sayılan bir çox parlaq zehinlər məhz orada saxlanılır.

Bu barədə daha geniş