Azərbaycanda Özgecan Aslan halları varmı?

Fotonun müəllifi AFP GETTY
Image caption Türkiyədə Özgəcan Aslanın zorakı qətlindən sonra minlərlə insan etiraz nümayişinə çıxıb.

Türkiyədə 20 yaşlı tələbənin qətlindən sonra #sendeanlat həşteqi ilə Azərbaycan qadınlarının hekayələrini ictimailəşdirməsi cəmiyyətdə zorakılıq və təcavüz hallarına həssaslığı artırıb.

Zorakılıqla üzləşmiş bu qadınlar vaxtilə olanları "ailə qorxusu"ndan və ya "başa düşmədiklərindən" gizlətsələr də, indi qabardılmasının tərəfdarıdır.

"Gözümün qabağına digər uşaqlar gəlir. Onlar indi uşaqdılar və onların başına da gələ bilər bu şeylər. Gör nə qədər deyə bilməyən qadınlar və oğlanlar var", BBC Azərbaycancaya danışan və adının anonim qalmasını istəyən qadın deyir.

24 il əvvəl başlayan zorakılıq

6 yaşındaykən üç nəfər gənc qohumu tərəfindən təcavüz edildiyini deyən bu 30 yaşlı qadın BBC Azərbaycancaya danışıb ki, başqa qadınların hekayələrini eşitmək onda keçmişlə bağlı unutduğu məsələləri qabardıb.

"Mən düşünürdüm ki, ancaq mənim başıma gəlib belə şeylər. Yox, həqiqətən çox adamın başına gəlib. İstəyirəm ki, qadınlar bu barədə danışsın".

Onun sözlərinə görə, 24 il əvvəl azyaşlı olduğundan 11 yaşına qədər olan zorakılıqları hazırda çox xatırlamasa da, baş verənlər "onu iyrəndirib".

"Çox pis təsir edib. Çox gərginəm. O demək deyil ki, bu zorakılıqlar bitib. Hələ də küçədə, metroda, iş yerində müxtəlif təkliflərlə üzləşmək davam etməkdədir".

Fotonun müəllifi AFP

28 yaşlı tanıdığı bir rəfiqəsinin də hekayəsini bölüşən xanım deyir ki, 13 yaşından 18 yaşına qədər zorlanan qadın hələ də başına gələnlərin təsirindən çıxa bilməyib.

"Heç kimlə münasibət qura bilmir. Onun üçün bir sərhəd yaranır".

6 yaşlı Reyhanın hekayəsi

22 yaşlı Reyhan B. da deyir ki, ilk dəfə təxminən 6 yaşındaykən 17-18 yaşlı qonşusunun təcavüzü ilə qarşılaşıb.

"Moskvadan yeni gəlmişdik. Oğlan mənə nəsə deyirdi, başa düşmürdüm. Elə bilirdim mənimlə oynamaq istəyir. Binamızın işləməyən və zibil atılan qazanxanası var idi, məni ora aparıb soyundurub nəsə etməyə başladı. Təsadüfən qonşu qadın gördü və mənim anamın yanına apardı. Hadisəni bilən anam mübahisə etdi".

Reyhan B.nin sözlərinə görə, hadisəni "ağlı kəsənə" qədər anlamasa da, belə hadisələrlə dəfələrlə qarşılaşıb.

"Çünki Rusiyadan rayona gəlmiş bir qızam. İki dəfə blokda zorla tutub öpüblər. Uşaqlıqda bir dəfə qonşu binanı tikən usta ətəyimi dartmışdı və hamı gülmüşdü".

Onun sözlərinə görə, yaşadıqları onun yaddaşında "dərin iz buraxıb".

"Başıma gələn ən iyrənc şeylər uşaqlıqda olub. Mənə təsir edən insanların iyrənc olması və uşaqdan öz fantaziyaları üçün istifadə etməsidir".

BBC Azərbaycancaya danışan qadınlar həmfikirdir ki, cəmiyyətdə zorakılıqdan heç kim sığortalanmayıb, sadəcə "ana-bacı" söhbətləri edildiyindən insanlar yaşadıqlarını paylaşa bilməyib.

Həmrəy olmayan qadınlar

Ötən il belə hekayələrini paylaşması barədə virtual layihə həyata keçirən qadın hüquqları təşkilatı, "Təmiz Dünya" İctimai Birliyi hesab edir ki, Türkiyədə 20 yaşlı qızın qətli qadınların nə qədər həmrəy olduqlarını göstərib.

"Əslində Azərbaycanda həftə ərzində nə qədər qadın öldürülür, yaxud zorakılığa məruz qalır, lakin Azərbaycan qadını susqundur", Birliyin rəhbəri Mehriban Zeynalova deyir.

Onun sözlərinə görə, Azərbaycanda qadının qadını ittiham etməsi faktı var.

"Qadın zorlanıbsa, deməli bu məsələnin səbəbkarı qadındır. Nə vaxt ki bu məsələlər kənara atılacaq, Azərbaycan qadını öz həmcinsini ittiham etməyəcək, o zaman zorakılıq azala bilər".

Zeynalovanın fikrincə, qadının qadına dayaq olmaması ciddi stereotiplərin mövcudluğundan irəli gəlir - qadınlar özlərinin günahsız və fərqli olduqlarını göstərmək istəyirlər. Çünki, nə kifayət qədər təhsilli, nə də iqtisadi azaddırlar.

Qurum rəhbəri hesab edir ki, zorakılıqla üzləşənlərin əksəriyyəti onlara qarşı edilən hadisə ilə bağlı polisə məlumat verməkdən və ya bu məsələdən danışmaqdan, yəni özünü müdafiədən yayınır.

Çünki, onun sözlərinə görə, qadınlar ehtiyat edir ki, hər hansı ifadə və ya hadisənin ictimailəşməsi onun əleyhinə yönələcək. "Müəyyən mənada da haqlıdır, əksər vaxt özünə qarşı yönəlir".

Mehriban Zeynalova getdikcə cəmiyyətə seksizmin çoxalmasını müşahidə etdiyini deyir.

"Qadın seks obyekti kimi görülür və hər bir qadında əxlaqsız bir qadın görürlər. Təhlükəli olan budur".

Daxili İşlər Nazirliyi 2014-cü ildə 721 məişət zorakılığının baş verdiyini açıqlayıb. Bunun 90 faizi sağlamlığa yüngül zərər vurma barədə olsa da, insan ölümləri də baş verib.

BBC Azərbaycanca məsələ ilə bağlı hələlik Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə danışa bilməyib.

Siz bənzər hadisələrlə qarşılaşmısınızmı? Həmin hadisənin həyatınıza təsiri nə olub? Hekayənizi BBC Azərbaycanca ilə bu email ünvanında paylaşın.

Bu barədə daha geniş