Elmar Hüseynovun qətlindən 10 il keçir

“Monitor” jurnalının təsisçisi və redaktoru Elmar Hüseynov 2005-ci ildə evinin qarşısında naməlum şəxs tərəfindən odlu silahdan qətlə yetirilmişdi.

Hadisəni ölkə imicinə ciddi zərbə adlandıran hakimiyyət təqsirkarların tapılacağını vəd etsə də, işdə ciddi irəliləyiş hələ ki, müşahidə olunmur.

İstintaq tanınmış jurnalistin qətlində iki Gürcüstan vətəndaşını ittiham edərək onları axtarışa elan edib. Lakin qətlin motivləri açıqlanmayıb.

Media fəallarına əsasən qətlə səbəb hökumət əleyhinə tənqidi məlumatları ilə seçilən jurnal redarktorunun peşə fəaliyyəti ola bilərdi. Eyni zamanda bəzi hüquq müdafiəçiləri Elmar Hüseynovun qətlini mətbuat və söz azadlığına təqiblərin başlanqıç nöqtəsi hesab edirlər.

2005-ci ildə baş verən hadisədən bəri Azərbaycanda jurnalistlərə qarsı bır sıra hücum yer alıb. 2011-ci ildə məşhur yazıçı və publisist Rafiq Tağı qətlə yetirilib. Hazırda 8 jurnalist həbsdə saxlanılır.

Rəsmi Bakı söz azadlığına təqiblərlə bağlı beynəlxalq tənqidlərin qərəzli olduğunu bildirir.

Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov martın 2-də Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə görüşündə medianın tam sərbəst olduğunu deyib.

“Azərbaycan mediası tam sərbəstdir, jurnalistlər istənilən məsələni qaldırıb müzakirəyə çıxarırlar. Ölkədə gündəlik 40-a yaxın qəzet nəşr olunur, 5 mindən çox media qurumu, 20-yə yaxın agentlik var. İnternetə giriş sərbəstdir, bu da sosial medianın genişlənməsinə şərait yaradır. Ölkə əhalisinin 70 faizdən çoxu İnternet istifadəçisidir”, - APA agentliyində Əli Həsənov sözlərindən iqtibas gətirilir.

Martın 2-də ənənəvi olaraq Elmar Hüseynovun məzarı başında jurnalistlər, fəallar, müxalifət üzvləri toplaşıblar.

Bu barədə daha geniş