Manatın ucuzlaşması ilə bağlı etiraz mitinqinə "icazə verilib"

protest Fotonun müəllifi Aziz Karimov

Müxalifət martın 15-də hökumətin iqtisadi siyasətilə bağlı Bakıda etiraz mitinqinin keçirilməsinin Bakı Şəhəri İcra Hakimiyyətilə razılaşdırıldığını bildirir.

Bu barədə AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb.

Bundan əvvəl müxalifət “Talana son!” şüarı ilə aksiya keçirmək müraciətlərinə cavab vermək möhlətinin uzadılmasını “qanunsuz” adlandırıb.

Eyni zamanda Milli Şuranın sədri mitinqin təxirə salınması barədə onun adından yayılan bəyanatları təkzib edib.

Ziddiyyətli məlumatlar

İllər ərzində Azərbaycanın neft ixracatı onun vətəndaşlarına digər keçmiş Sovet ölkələrində olmayan müəyyən iqtisadi firavanlıq bəxş edib.

Sağlam iqtisadi artım, güclü və sabit valyuta, demokratik azadlıqların olmamasına baxmayaraq, prezident İlham Əliyevə çoxluğun dəstəyini qazandırıb.

Lakin keçən ay, dünyada neftin qiymətinin düşməsi fonunda manatın devalvasiyası ictimai narazılığa səbəb olub. Martın 15-ə planlaşdırılmış mitinqin də, manatın ucuzlaşmasına etiraz aksiyası olması nəzərdə tutulur.

Fotonun müəllifi AFP
Image caption Əli Kərimli mitinqin Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırıldığını deyib.

“Dostlar, Milli Şuranın martın 15-nə təyin etdiyi mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırıldı. BŞİH mitinqin elan etdiyimiz tarixdə, saatlarda və yerdə keçirilməsinə razılıq verildiyinə dair rəsmi məktub göndərdi. Beləliklə, mitinqimiz elan etdiyimiz kimi, martın 15-i, saat 15:00-dan 17:00-dək Məhsul stadionunda (İnşaatçılar metrostansiyasının yanı) olacaq”, - Əli Kərimli Facebook səhifəsində aksiya barədə məlumat verərkən bildirib.

Bundan əvvəl aksiya təşkilatçıları hakimyyəti mitinqlə bağlı ziddiyyətli məlumatların verilməsində suçlayıblar.

"Cavabın gecikirilməsi onu göstərir ki, hakimiyyət 15 mart aksiyasının uğurlu alınacağından qorxduğu üçün vaxtı uzadıb insanları çaşdırmaq istəyir", Xalq Cəbhəsinin sədr müavini Fuad Qəhrəmanlı çərşənbə günü Facebook səhifəsində yazıb.

Cümə axşamı isə Milli Şuranın sədri Cəmil Həsənli mitinqin təxirə salınması haqda yayılan Facebook statusunun ona aid olmadığını deyib.

“Görünür, hansısa oqranlar mənim səhifəmi ələ keçirərək belə təxribat xarakterli satatus yayıblar və bir də təkrar edirəm ki, bunun mənə aidiyyatı yoxdur”.

Daha əvvəl Cəmil Həsənlinin Facebook səhifəsindən yayıldığı bildirilən məlumatda insanlar etiraz mitinqinə gəlməməyə çağrılıb, əks halda polisin onları həbs edəcəyi bildirilib.

Devalvasiya: səbəbləri və təsiri

Azərbaycanın pul vahidi olan manat sərbəst şəkildə işləmir. Onun məzənnəsi ölkənin Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

Fevralın 21-də bank, manatın məzənnəsini dollara nisbətdə 33 faiz aşağı salıb. Ondan bəri məzənnədə gündəlik kiçik dəyişikliklər olub.

Image caption Cəmil Həsənli mitinqin təxirə salınması haqda yayılan Facebook statusunun ona aid olmadığını deyib.

Bank bildirib ki, onun bu addımı Azərbaycan iqtisadiyyatının “rəqabətə davamlılığını” saxlamaq üçün atılıb.

Əliyev devalvasiyanı dəstəkləyərək bildirib ki, buna səbəb neft qiymətlərinin kəskin azalması və qonşu ölkələrin valyutalarının dəyərdən düşməsi olub.

Həmçinin oxuyun: Neft qiymətlərinin düşməsi Azərbaycan üçün niyə pis xəbərdir?

Devalvasiyanın ardından azərbaycanlı internet istifadəçiləri qiymətlərin artması ilə bağlı hökumətə etirazlarını ifadə etməyə başlayıblar.

Bu barədə daha geniş