Xədicə İsmayılın işi: Vəkil məhkəməyə müraciət edəcək

Həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılovanın müdafiəsindən uzaqlaşdırılmış vəkili Yalçın İmanov məhkəməyə müraciət edəcəyini deyir.

Cənab İmanov BBC Azərbaycancaya bildirib ki, jurnalistin cümə axşamı keçirilən appelyasiya məhkəməsində onun müdafiədən uzaqlaşdırıldığı məlum olub.

Vəkilin sözlərinə görə, o dekabrın 26-da Azadlıq Radiosunun ofisində aparılan axtarış və götürülmə əməliyyatında radionun Bakı bürosunun vəkili kimi iştirak edib.

Daha sonra o, radio əməkdaşlarının şahid qismində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq idarəsində dindirilməsini müşayiət etmək istəsə də, onun Azadlıq Radiosunun müdafiəsi işindən kənarlaşdırıldığı məlum olub.

"Əsas kimi deyirlər ki, mənə 2011-ci ildə radionun hansısa işini yerinə yetirərkən cüzi miqdarda qonorar ödənilib".

Vəkil İmanov bildirib ki, onun uzaqlaşdırılması ilə bağlı Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun qərarı var.

"Qərar mənə dekabrın 28-də mənə təqdim olundu, qeyd edilmişdi ki, mən şahid qismində dindirilməliyəm, amma vəkil etikasını guya pozaraq, Azadlıq Radiosunun müdafiə işini həyata keçirmişəm".

Azadlıq radiosunun işi

Başqa məsələ isə, fevralın 23-də İsmayıla qarşı dörd maddə ilə əlavə itthamlar irəli sürüldükdən sonra onun işinin Azadlıq Radiosunun işi ilə birləşdirilməsi olub.

"Biz şübhələnirdik ki, bundan sonra məni Xədicə İsmayılın işindən kənarlaşdıracaqlar və belə də oldu".

Yalçın İmanov bildirib ki, onun Azadlıq radiosunun müdafiəsi işindən kənarlaşdırılması və dindirilməsi ilə Xədicə İsmayılın müdafiəsi ayrı-ayrı işlərdir. Çünki, Azadlıq radiosunun istintaqı davam edir. Xədicə İsmayıla qarşı isə konkret faktlar üzrə məhkəmə aparılır.

"Qanun Azadlıq Radiosunun işindən kənarlaşdırılmağımla, jurnalistin müdafiəsini hərəkətə keçirməyimə qadağa qoymur. Lakin onlar işləri birləşdirərək eyni cinayət nömrəsi altında həyata keçirirlər".

Baş prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi Orxan Babayev mediaya deyib ki, Azadlıq Radiosunda axtarışla bağlı vəkil İmanov şahid qismində dindirildiyindən Xədicə İsmayılovanın vəkili kimi təmsil oluna bilməz, çünki onlar eyni saylı cinayət işidir.

Vəkil İmanov hesab edir ki, onun uzaqlaşdırılması jurnalisti "fiziki müdafiədən təcrid etmək və sıxıntıya məruz qoymaq" üçün edilib.

Cümə axşamı apellyasiya məhkəməsində jurnalistin həbs müddətinin uzadılmasına dair qərardan verilmiş şikayətə baxılıb və martın 6-da Nəsimi Rayon Məhkəməsinin jurnalist barəsində seçilmiş həbs qətimkan tədbirini may ayınadək uzadılması barədə qərarını qüvvədə saxlayıb.

Jurnalist ötən il dekabrın 5-də özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib.

Yanvarın 27-də onun həbs müddəti 2 ay daha uzadılıb. Həmin müddət martın 27-də bitməli idi.

Fevralın 13-də Xədicə İsmayıla qarşı mənimsəmə, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq maddələri ilə əlavə ittihamlar elan olunub.

Son ittihamlar QHT-lərə açılan cinayət işində AzadlıqRadiosunun ofisində aparılan yoxlamalarla bağlıdır, Radionun saytında xəbər verilir. İttihamlar təsdiqlənərsə, jurnalisti 12 ilədək həbs cəzası gözləyir.

Bu barədə daha geniş