Nərgiz Yaqublu vəfat edib

Fotonun müəllifi Aziz Karimov

Müsavat Partiyası başqanının həbs edilən müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu vəfat edib.

Məlumatlara görə, Nərgiz hepatit xəstəliyindən əziyyət çəkirdi və bir neçə gün öncə komaya düşmüşdü.

Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda keçirilən iğtişaşlardan sonra həbs olunmuşdu. O, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Onun digər qızı Müsavat Partiyasının üzvü Nigar Yaqublu isə 2012-ci ildə həbs edilmişdi.

Abşeron Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçmişdi.

Nigar Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilirdi.

Nərgiz Yaqublunun 2013-cü ildə BBC Azərbaycancaya verdiyi müsahibəsini burada izləyin: "Atam və bacımın həbsindən sonra yenə də ayaqdayıq"

"Bir ailənin başına nə qədər faciə gələ bilər?"

Fotonun müəllifi Aziz Karimov

Nərgiz Yaqublunun ölümü barədə xəbər ilk olaraq sosial media şəbəkələrində yayılıb. Xəbər yayılandan sonra Twitterdə hər saat "Yaqublu" adını qeyd edən onlarla tvit paylaşılıb.

Bir çoxu Yaqublu ailəsinin digər çətinliklərini dilə gətirərək üzüldüklərini bildirib. "Bir ailenin bashina bu qeder shey gelmemelidir axi, bu ne edaletsizlikdir..." – N!DA fəalı Turqut Qəmbər Facebook səhifəsində yazıb.

Jurnalist @elmin_hasanli Twitterdə: "Bir ailənin başına nə qədər faciə gələ bilər?... Atası tutuldu, bacısı tutuldu, anası qəzaya düşdü, özü də vəfat etdi... Nərgiz Yaqublu..."

"Atasını tutdunuz, bacısını tutdunuz, anası məhkəmədən qayıdarkən qəzaya düşdü, digər qızı da indi vəfat etdi. Zülm başqa necə olur? Allah rəhmət etsin" - Fəal və jurnalist Həbib Müntəzir Facebook-da bu statusu paylaşıb.

Fotonun müəllifi Aziz Karimov

Bəziləri Nərgiz Yaqublunun həbsdə olan atasını dilə gətirərək onun dəfn mərasiminə gəlmək üçün buraxılıb-buraxılmayacağını sual edib.

"Qızının xəstə anlarında yanında ola bilməyən siyasi məhbus Tofiq Yaqublu dərhal həbsdən azad edilməlidir!!!" - yazıb @RuslanAsad.

Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər də Facebook-da Nərgiz Yaqublunun fotosunu paylaşaraq yazıb: "Dünya və biz bu gözəlliyi itirdik. Tanrı ruhunu şad eləsin..."

Bu barədə daha geniş