İlham Əliyev: Twitter-in gözlənilməz ulduzu

Fotonun müəllifi twitter

Kimi tvitlərinin "maarifləndirici" olduğunu yazır, kimi onun rəylərini paylaşaraq "Twitter trollu" adlandırır, kimi isə onun haqqında memlər hazırlayıb - Azərbaycan prezidenti İlham Əliyev artıq bir neçə ildir ki, Twitter hesabı ilə mikrobloq şəbəkəsinin beynəlxalq istifadəçilərini valeh edir.

Prezident Əliyevin iki Twitter hesabı var: biri azərbaycan dilində, biri isə ingilis dilində tvitlər paylaşır. Şəbəkədə istifadəçilərin əksəriyyəti qəbul edib ki, Twitter hesabı üçün prezidenti özü deyil, başqa bir şəxs məsuliyyət daşıyır. Belə ki, tvitlərin əksəriyyəti cənab Əliyevin nitqlərindən götürülən sitatlardır.

İlk olaraq Eurovision ərəfəsində, indi isə Avropa Oyunları yaxınlaşdıqca, prezidentin ingilisdilli Twitter hesabı diqqət mərkəzindədir. Bəzi Qərb jurnalistlərinin aləmində o, bir növ "onlayn fenomenə" çevrilib.

"Azərbaycan prezidenti Əliyevin bu tvit tufanı ən yaxşılarından biridir. Xüsusən tərsanə haqqındakını [bəyəndim]" - The Guardian qəzetinin Moskvadakı müxbiri Shaun Walker (@shaunwalker7).

Fotonun müəllifi BBC World Service

Walker-in misal gətirdiyi son tvit - "Ermənistan gücsüz və yoxsul bir ölkədir" - çoxunun diqqətini cəlb edən tvitlər silsiləsindən biridir.

Twitter "trollu"?

"Azərbaycan prezidenti rəsmən troll oldu", həmin tvitə istinad edən yazıçı Leonid Ragozin (@leonidragozin) yazıb.

Prezidentin Ermənistan haqqında tvitləri adətən daha çox paylaşılır - görünür ki, prezidenti izləyən istifadəçilərin çoxu bu cür diplomatiyanın şahidi olmayıb.

Fotonun müəllifi BBC World Service

"Ermənistan heç müstəmləkə də deyil, heç nökər olmağa da layiq deyil", @presidentaz yanvarın 29-da tvitləyib.

"Dövlət xadimi", istifadəçi @SaoSasha yazıb. "Azərbaycandan Twitter qeyri-diplomatiyası", yazıb @Loukas_RS. "Xarici siyasət üzrə ekspert deyiləm, amma, eh..." - @JP_Breen cümləni yarımçıq qoyub.

Ragnhild Holmås ‏@RagHolmas: "Dedilər ki, Twitterə girin, Prezident. Dedilər ki, ölkənin yumşaq gücü üçün yaxşı olacaq, girin".

Bu kimi tvitlərdən sonra Buzzfeed müxbiri Max Seddon "Azərbaycan prezidenti Twitterdə potensial müharibə barədə xəbərdarlıq edir" adlı yazı da dərc etmişdi.

Fotonun müəllifi BBC World Service
Image caption Ötən ilin may ayında Prezident Əliyevin Twitter hesabları ilə bağlı ən çox istifadə olunan həştəqlər

Bir il əvvəl Prezident Əliyevin Twitter hesabları ilə bağlı ən çox istifadə olunan həştəqlər: #karabakh, #peace və #war ("Qarabağ", "sülh" və "müharibə").

Fotonun müəllifi BBC World Service
Image caption Bu ilin may ayında Prezident Əliyevin Twitter hesabları ilə bağlı ən çox istifadə olunan həştəqlər

2015-ci ilin may ayında isə @presidentaz və @azpresident hesabları ilə bağlı ən çox istifadə olunan həştəqlər Avropa Oyunları, söz azadlığı və həbsdə olan jurnalist Xədicə İsmayıl ilə bağlı olub.

"Gamer"lər də qoşuldu

2015-ci ilin başlanğıcında Prezident Əliyev belə bir tvit yazmışdı: "2014-cü il ölkəmiz üçün uğurlu olmuşdur. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilmişdir".

Həmin tviti 300-ə yaxın adam paylaşıb, 200-dən çox adam bəyənib - səbəb isə görünür ki, ingilisdilli tvitin gamerlərin, yəni kompüter oyunları həvəskarlarının leksikasına oxşamasına görədir:

Fotonun müəllifi BBC World Service
Image caption Bir istifadəçi hətta "Tapşırıq yerinə yetirilib" memi də hazırlayıb

"Azərbaycan tamamlanmışdır", yazıb @chrischofield1.

"Oyunu bitirdilər", @ChristianBaker0 belə tvitləyib.

@mrmitchell78: "Məncə o, gizli tapşırıqları yerinə yetirməyib - ancaq bu halda 100% almaq olar".

"Mərhələni uğurla keçdiniz" - yazıb @AricToler.

Digər şərhlər

John Divine ‏@ModernMicah "@presidentaz Əliyev çox asanlıqla ən sevdiyim twitter hesabıdır. Möhtəşəm".

Joseph Weisenthal ‏@TheStalwartMay "heç görməmişdim, amma cazibədardır".

Goddamn Greeny ‏@Tuigen "@presidentaz-ın cəmi 2 tvitindən tarix haqqında 2 yeni şey öyrəndim. Heç bir şikayətim yoxdur, yəni".

Jared Owens ‏@jaredowens: "@presidentaz [hesabını] izləmirsinizsə, çox şey itirirsiniz".