REAL İdarə Heyətinin üzvü “ölkəni tərk edə bilmir”

natiq_ceferli_1 Fotonun müəllifi Azadliq Radiosu
Image caption Natiq Cəfərli deyir ki, İstintaq idarəsi bu qadağanı Qht-lərin işində şahid kimi dindirildiyi üçün həyata keçirir.

İqtisadçı, REAL İdarə Heyətinin üzvü Natiq Cəfərli ona ölkəni tərk etməyin qadağan olunduğunu iddia edir. O, bunu QHT-lərin işi ilə bağlı şahid olması ilə əlaqələndirir.

“Bu qadağa 8 aydır ki, mövcuddur. 3 dəfə Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə rəsmi müraciət ünvanlamışam, hələ də bir normal cavab almamışam. Son dəfə şifahi olaraq cavab veriblər ki, yaxın zamanda həll olunacaq, amma bir aydır ki, heç bir nəticə yoxdur”, bunu BBC Azərbaycancaya danışan iqtisadçı deyib.

Bu barədə hakimiyyət orqanlarından açıqlama almaq hələ ki, mümkün olmayıb.

Natiq Cəfərli deyir ki, İstintaq idarəsi bu qadağanı Qht-lərin işində şahid kimi dindirildiyi üçün həyata keçirir.

“Amma son 6 aydır bu məhkəmə işləri ilə bağlı hər hansı irəliləyiş yoxdur. Ölkəni tərk etməmək üçün də məhkəmə qərarı olmalıdır ki, o da yoxdur. Ya da qadağa az müddətli olmalı idi”, o deyir.

Ötən il ölkədə fəaliyyət göstərən və əsasən hakimiyyəti tənqid edən yerli insan hüquqları ilə məşğul olan qeyri-hökümət təşkilatları və bu sahədə layihələr həyata keçirən xarici QHT-lərin yerli nümayəndəliklərinin bank hesabına Baş Prokurorluğun vəsatəti əsasında həbslər qoyulub.

Üstəlik parlamentdə QHT-lərlə bağlı qanunda dəyişikliklər bu sahədə fəaliyyət göstərən QHT-lərin çoxunun bağlanması və fəaliyyətsiz qalması ili nəticələnib. Məsələ ilə bağlı istintaq davam edir.