Avropa Oyunları Azərbaycana neçəyə başa gəlib?

Fotonun müəllifi EPA
Image caption Təhlilçilər ümumilikdə Oyunlara büdcədən ayrılmış rəsmi rəqəmin üç milyard manatdan çox olduğunu deyirlər

Azərbaycanın ev sahibliyini etdiyi ilk Avropa Oyunları həm ölkənin tanıdılması və turizmin inkişafı, həm də xərclənən büdcənin məbləği ilə gündəmdədir.

Bu günə qədər oyunlara xərclənən büdcə ilə bağlı müxtəlif rəqəmlər səslənib. Dövlət rəsmiləri oyunların “əməliyyat xərcləri” üçün 2015-ci ilin dövlət büdcəsindən 1 milyard manat ayrıldığını deyir.

Ancaq BBC Azərbaycancanın hesablamaları bu rəqəmin 5 milyard manata yaxın olduğunu göstərib. Çünki ötən illərin büdcəsindən də hazırlıq prosesinə vəsait ayrılıb.

Gənclər və İdman nazirliyi isə məsələ ilə bağlı BBC Azərbaycancanın sorğusunu şərh etmək istəməyib.

Avropa oyunları ilk dəfədir ki, keçirilir və bu haqda qərar 2012-ci ilin dekabrın 8-də, Romada keçirilmiş 41-ci Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında verilib. Oyunların açılış mərasimi bu il iyunun 12-də baş tutub. Bağlanış mərasimi isə bazar günü olacaq.

Oyunların Azərbaycanda keçirilməsinə hazırlıq 2012-ci ilin dekabrında, artıq təsdiqlənmiş 2013-cü ilin büdcə qanununa dəyişiklik etməklə, ilk vəsaitin ayrılması ilə başlayıb.

İlk vəsaitlər

Ayrılmış 345,9 mln. manat 2013-cü ildə idman obyektlərinin tikintisi, yenidən qurulması və əsaslı təmiri üçün olub, Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrasına dair hesabatda deyilir.

Bu vəsaitin bir hissəsi hesabına Bakı şəhərində Avropa Oyunlarında istifadə olunacaq Su İdman Sarayının və Gimnastika Kompleksinin tikintisi, Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmiri və yenidən qurulması həyata keçirilib.

Fotonun müəllifi Getty
Image caption Oyunların açılış mərasimində Lady Gaga-nın çıxışına 2 milyon dollar xərcləndiyi deyilir.

Oyunlara ayrılan ikinci məbləğ 2014-cü ilin büdcəsinə aiddir.

“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə prezidentin fərmanında göstərilir ki, həmin il Bakı şəhərində birinci Avropa Oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilati işlərlə bağlı büdcədən bir milyard manat vəsait ayrılıb.

Bundan başqa, həmin ilin büdcəsində də gənclər siyasətinin həyata keçirilməsi və idman obyektlərinin tikintisi, yenidən qurulması və əsaslı təmiri üçün 1 milyard 923 milyon manat vəsait də ayrılıb ki, bu məbləğin hesabına Bakı şəhərində Su İdman Sarayının, Gimnastika Kompleksinin, 65,0 min tamaşaçı tutumu olan futbol stadionunun, Avropa Oyunları Parkının, 11 bölgədə Olimpiya İdman Komplekslərinin və 9 bölgədə Gənclər evlərinin tikintisi baş tutub.

Fotonun müəllifi Getty
Image caption Xərclərin bir hissəsi idman qurğularının tikilməsinə və yenidən qurulmasına xərclənib

Bundan başqa Tofiq Bəhramov adına stadionda, Bakı Billur zalında müxtəlif idman növlərinin təşkili üçün müvəqqəti qurğular qurulub.

2014-cü ildə dövlət büdcəsindən idman infrastrukturuna ayrılmış bəzi vəsaitlərin siyahısı:

  • Bakı Olimpiya Stadionu – 280 milyon manat
  • Avropa oyunları parkının tikintisi (Su polosu, çimərlik voleybolu, çimərlik futbolu, 3x3 basketbol meydançaları) - 150 milyon manat
  • Bakıda Su İdman sarayının layihələndirilməsi və tikintisi - 190 milyon manat
  • Stend atıcılığı üzrə kompleksin sökülərək yenidən qurulması – 70 milyon
  • Gimnastika kompleksinin tikintisi - 79,739 milyon manat
  • Mingəçevirdə kanoe idman yarışları üçün "Kür" olimpiya idman tədris mərkəzində əlavə işlərin yerinə yetirilməsi - 9.5 milyon manat
  • Heydər Əliyev adına idman-konsert kompleksinin yenidən əsaslı təmiri - 36,7 milyon manat
  • Əl Oyunları Sarayının əsaslı təmiri - 27 milyon manat

Bundan başqa Tofiq Bəhramov adına stadionda, Bakı Billur zalında müxtəlif idman növlərinin təşkili üçün müvəqqəti qurğular qurulub və s.

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Prezidentin fərmanında göstərilir ki, Bakı şəhərində birinci Avropa Oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilatı işlər üçün 1 milyard 336 milyon vəsait ayrılıb.

Bu haqda nazir Azad Rəhimov mediaya deyib ki, "Bakı-2015" Avropa Oyunlarının büdcəsi iki hissədən ibarətdir.

“Birinci hissə 2018-ci ilə qədər təsdiq olunmuş investisiya proqramına daxildir. Burada bütün sahələrlə yanaşı, idmana da yer verilib. İkinci hissə isə "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin büdcəsidir… Bütün bunlara 950 milyon manat ayrılıb”.

Fotonun müəllifi Reuters
Image caption 2014-cü ilin dövlət büdcəsindən Bakı Olimpiya Stadionunun tikintisinə 280 milyon manat ayrılıb

Nazir Rəhimov əlavə edib ki, büdcənin ikinci hissəsinə maaşlar, texnologiya sistemləri, müvəqqəti qurğular, kommunikasiya, təbliğat işləri və gündəlik tələb olunan xərclər daxildir.

"Xərclər daha çox ola bilər"

Yerli media nazir Azad Rəhimova istinadən oyunların açılış mərasiminə 100 milyon manat pul xərcləndiyini deyir. Təkcə pop-ulduzu Lady Gaganın bir mahnı ifa etməsi ölkəyə 2 milyon dollara başa gəlib, bu haqda Eurosport yazır. Ancaq bu rəqəmi dəqiqləşdirmək mümkün olmayıb.

Büdcədən ayrılmış vəsaiti şərh edən iqtisadçı Zöhrab İsmayıl deyir ki, xərclər göstərilənlərdən çox da ola bilər. Onun sözlərinə görə, vəsaitlərin çoxu büdcədə "dövlət investisiya xərcləri" kimi göstərilir. Bu xərclərin detalları isə heç vaxt qeyd edilmir. Ancaq büdcə təsdiqləndikdən sonra məbləğ nazirlər kabineti tərəfindən bölünür.

"Oyunlara xərclənmiş 4 milyarddan çox vəsaitdən başqa dolayı xərclər də var. Məsələn, tikilən obyektlərin enerji və su təchizatının təşkili, ora gedən avtomobil yolunun salınması. Bu xərclər artıq büdcədə ayrı-ayrı yerlərdə qeyd olunub. Yəni diqqət etsək xərclər şar kimi böyüyür”.

Fotonun müəllifi Azadliq Radiosu
Image caption İqtisadçı Natiq Cəfərli bildirib ki, Avropa Oyunlarının məqsədi ölkənin tanınması olsa da, ölkə pis yöndən tanınıb

Cənab İsmayıl Avropa Oyunlarının xərclərinin London və Soçi Olimpiada xərcləri ilə müqayisə olunması ilə razı deyil. Onun fikrincə belə bir müqayisənin edilməsi üçün hər 3 dövlətin ümumi gəliri və pul ehtiyyatları nəzərə alınmalıdır.

“Yay olimpiadası çox geniş çaplı idman tədbiridir. Ora gələn idmançıların sayı Avropa oyunlarında iştiak edənlərdən iki dəfə çoxdur. Həm də o ölkələrdə xərclərin hamısı büdcədən ayrılmır. Oyunların güclü sponsorları olur.

Məsələn, London çox bahalı yerdir. Orada fəhlə aya 4 min funt sterlinq alır, bizdə isə 300 manat. O zaman orda hanısa obyektin tikintisi bizdən 10 dəfə baha başa gəlməlidir. Ona görə orda oyunlar 11 milyard funt sterlinqə baş tutmuşdusa, bizdə bu rəqəm maksimum 1 milyard ola bilərdi”.

Rusiyanın Soçi Olimpiadasına çəkdiyi xərclərdən də danışan iqtisadçı deyir ki, Azərbaycan özünü Rusiya ilə müqayisə etməməlidir. “Onların bir neçə yüz milyard valyuta ehtiyatı var, bizim isə 35 milyard rezervlərimiz var”.

Fotonun müəllifi Getty
Image caption İqtisadçı Zöhrab İsmayıl isə Avropa Oyunları xərclərinin London Olimpiadası xərcləri ilə müqayisə olunması ilə razı deyil

Rəsmi büdcə ilə bağlı Gənclər və İdman Nazirliyinin sözçüsü şərh verməkdən imtina edərək, “büdcə məsələləri haqqında daha danışılmır” deyib.

"Şəffaf deyil"

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu rəsmi açıqlanan məbləğin doğruluğuna inanmır.

"Ümumi açıqlanan vəsait başqadı, amma ayrı-ayrı hesablayanda fərqli məbləğ ortaya çıxır. Proses şəffaf deyil deyə, tam məbləğin nə olduğunu demək çətindir".

Hüquqşünas Ələsgər Məmmədli bu tip iri idman oyunlarına ayrılan vəsaitin uzunmüddətli turizmin inkişafı üçün effektiv ola biləcəyini deyir.

“Bu, ölkənin tanıtımına yönəlmiş lahiyədir. Cəmiyyətdə olan narahatlığın səbəbi yarışların niyə keçirilməsi yox, bunun üçün həddindən artq israf edilməsidir, korrupsiya elementinin olma ehtimalıdır. London Olimpiadasında açılış-bağlanış mərasiminə bir yerdə 65 milyon funt sterlinq xərcləndi. Amma bizdə təkcə açılışa 100 milyon manat. Sadəcə qənaətcil xərcləməmə problemi var”.

İqtisadçı Natiq Cəfərli büdcədən ayrılmış əlavə xərclərdən danışır. O deyir ki, büdcədən Avropa Oyunları ilə dolayı əlaqəsi olan infrostruktur lahiyələri üçün vəsait də ayrılıb. Bunlara bəzi yolların, qovşaqların, körpülərin salınması, metro qatarlarının, Bakı-Sumqayıt qatarının gətirilməsi aiddir.

“Birbaşa Avropa Oyunları ilə əlaqəsi olmasa da, biz hamımız bilirik ki, Oyunlar olmasaydı bu addımların əksəriyyəti atılmazdı. Amma hökumət ictimaiyyətə bunu digər xərc kimi göstərərək, oyunların büdcəsinə əlavə etmir”.

Fotonun müəllifi Getty
Image caption Azərbaycan hökuməti Oyunalrı ölkənin imici üçün önəmli hesab edir

İqtisadçı onu da deyir ki, London olimpiadasına çəkilən xərclər turistlərin hesabına bir neçə ilə büdcəyə qayıda bilib. Bizdə isə bu belə deyil.

“Azərbaycan bu qədər vəsait xərcləməsi qeyri effektivdir. Məqsəd ölkənin tanınması idi, amma təəssüf ki, ölkə daha çox pis yöndən tanındı. Problemlərimizi dünya mediası işıqlandırdı. Turizmin inkişafı isə yoxdur. Çünki gələn qonaqların xərclərini öz üzərimizə götürmüşük. Yəni turist kimi gəlmək istəyənlərin belə pulunu biz ödəyirik”, cənab Cəfərli deyir.

Azərbaycan hökuməti ilk dəfə olaraq Avropa Oyunlarının məhz Bakıda keçirilməsini ölkənin imici üçün önəmli hesab edir.

"Bu hadisə müxtəlif ölkələrin xalqlarının Azərbaycanı daha yaxından tanımasına və onunla yaxınlaşmasına öz töhfəsini verəcək", Oyunların açılışından öncə Prezident administrasiyasının rəsmisi Novruz Məmmədov deyib.

Bu barədə daha geniş