Yunanıstan “konkret plan” təklif etməyib

Fotonun müəllifi Getty
Image caption Nağd pul almaq istəyənlər banklar önündə uzun növbələrdə gözləməli olurlar.

Yunanıstan Avropa İttifaqı maliyyə nazirlərilə həlledici görüşdə gözlənildiyinin əksinə olaraq "konkret təkliflər” planını təqdim etməyib, Maltanın Baş Naziri bildirib.

Joseph Muscat deyib ki, bu addım Brüsseldə keçiriləcək Avropa liderlərinin zirvə görüşünə əlverişli zəmin yaratmır. Bundan əvvəl Fransanın xarici işlər naziri bəyan edib ki, Yunanıstanın avrozonada qalması üçün əlindən gələni edəcək.

“Razılaşma üçün zəmin mövcuddur”, - Manuel Valls sammitdən əvvəl deyib. Almaniya görüşdən öncə Yunanıstanın borcunun şərtsiz silinməsi əleyhinə xəbərdarlıqla çıxış edib.

Borclar azaldılacaq?

Yunanıstanın baş naziri Brüssel sammitində yeni təkliflərini təqdim etməlidir. Planda borcun 30 faizə qədər azaldılması tələbinin olacağı deyilir. Aleksis Tsipras görüşə yollanmazdan əvvəl ölkəsinin siyasi partiya liderlərilə görüşüb.

Onun planına Yunanıstanın 323 milyard avro borcunun 20 il güzəştlə 30 faizə qədər azaldılması tələbinin daxil olduğu bildirilir. Yunanıstanın zəifləmiş bankları çərşənbə axşamı və çərşənbə günü bağlı qalacaq. Avropa Mərkəzi Bankı (ECB) banklar üzərində təzyiqini davam etdirir və təcili kreditlərin artırılmasından imtina edir.

Bazar günü Yunanıstanda keçirilən referendumda beynəlxalq kreditorların şərtləri rədd edilib. Avroqrup prezidenti Jeroen Dijsselbloem referendumun nəticələrini “Yunanıstanın gələcəyi üçün çox təəssüfedici” adlandırıb. Nazirlər çərşənbə axşamı fövqəladə danışıqlar keçirəcəklər.

Xəbərlərə əsasən Yunanıstan tərəfi çərşənbə axşamı günü Aİ-nin maliyyə nazirlərilə görüşündə yazılı plan təqdim etməyib. Reuters agentliyinə danışan mənbə deyib ki, belə bir plan çərşənbə günü təklif edilə bilər.

<span >Varoufakisin istefası

Yunanıstan referendumunda seçicilər hökümətin mövqeyini dəstəklədiklərinə və beynəlxalq kreditorların şərtləri əleyhinə səs vermələrinə baxmayaraq, ölkənin Maliyyə naziri Yanis Varoufakis istefa verdiyini elan edib.

Fotonun müəllifi BBC World Service
Image caption Seçicilərin referendumda hökumətin mövqeyini dəstəkləməsinə baxmayaraq, maliyyə naziri Yanis Varoufakis istefa verib

"Bugündən vəzifəmdən istefa verirəm”, Yanis Varoufakis Twitter səhifəsində yazıb.

Varoufakisin yazdığına görə, referendumun nəticələri elan olunduqdan sonra ona çatdırılıb ki, Avroqrupun bəzi üzvləri və digər tərəfdaşlar Yunanıstanla danışıqlarda görüşlərdə "məni görmək istəmirlər".

"Bu səbəbdən Baş nazir hesab etdi ki, mənim istefam danışıqların nəticə ilə bitməsinə şərait yarada bilər", Yanis Varoufakis qeyd edib.

Baş nazir Aleksis Tsipras bazar günü keçirilmiş referendumun nəticələrindən danışarkən, onun həmvətənlərinin "cəsarətli seçim" etdiklərini vurğulayıb.

Kreditorların təklifi rədd edilib

Fotonun müəllifi BBC World Service
Image caption İstefa verəndən sonra Yanis Varoufakis maliyyə nazirliyindən həyat yoldaşı ilə birlikdə motosikletdə ayrılıb.

Yunanlar böyük səs çoxluğu ilə beynəlxalq kreditorların fövqəladə kredit ayırmasına "yox" deyib, Yunanıstan Daxili İşlər Nazirliyinin açıqladığı rəqəmlər bildirir.

Səslərin son hesablamasına görə, 61.3 faiz seçici təklifin əleyhinə, 38.7 faizi isə lehinədir.

Hakim Syriza partiyası kreditorların istəklərini "alçaldıcı" adlandıraraq, xalqı "yox" deməyə çağırmışdı, bu isə Yunanıstanın Avrozonadan çıxmasına gətirə bilər.

Referendumda seçicilərin 62.5 faizi iştirak edib.

Yunanıstanın baş naziri Alexis Tsipras bazar günü bildirib ki, yunanlar "həmrəy və demokratik" Avropaya səs verib.

Fotonun müəllifi Reuters

"Sabahdan Yunanıstan danışıqlar masasına ölkənin iqtisadi sabitliyini müzakirə etmək üçün dönəcək", o televiziya ilə çıxışında bildirib.

"Bu dəfə borclar danışılacaq", o Beynəlxalq Valyuta Fondunun da Yunanıstanın borcunun yenidən strukturlaşdırılmasının vacibliyini deyərək əlavə edib.

Lakin bəzi avropalı rəsmilər "yox" cavabının kreditorlarla müzakirənin açıq rədd edilməsi kimi anlaşıldığını bildirib.

Avrozonada maliyyə nazirlərinin rəhbəri olan Jeroen Dijsselbloem deyib ki, "səsvermənin nəticəsi Yunanıstanın gələcəyi üçün çox təəssüfedicidir".

Almaniyanın Kansler müavini Sigmar Gabriel deyib ki, "Yunanıstanla yenidən danışıqların aparılmasını təsəvvür etmək çətindir".

Lakin bəzi avropalı məmurlar səsvermə nəticələrinə pozitiv yanaşıb. İtaliyanın xarici işlər naziri Twitterdə yazıb ki, "yenidən müqavilə bağlamağın vaxtıdır, lakin Avropa inkişaf istəmədikcə, yunan labirintindən çıxmaq olmayacaq".

Belçikanın maliyyə naziri də bildirib ki, "qapı həmişəki kimi açıqdır". Avropa Komissiyasının nümayəndəsi bildirib ki, artıq avrozona liderləri ilə məsləhətləşmələr aparır, bazar ertəsi isə Aİ və AŞ nümayəndələri arasında telefon konfrası təşkil edəcək.

Almaniya kanslari Angela Merkel və Fransa prezidenti Francois Hollande bazar ertəsi Parisdə görüşəcək, sammit isə çərşənbə axşamı keçiriləcək.

Bu barədə daha geniş