Yunanıstan: apteklərin təchizatı, müştərilərin isə səbri tükənməkdə

Fotonun müəllifi BBC World Service
Image caption Apteklərin təchizatı tükənməkdədir

Piraeus liman şəhərində apteklərdən birinin sahibi, 66 yaşlı Flora göz yaşlarını saxlaya bilmir: “Avropaya deyin, bizi xilas etsin. Biz bilməliyik ki, bizə kömək olacaq ya yox”.

Onun ailəsi bu apteki 44 ildir ki, işlədir.

Yunanlar bazar günü referendumda xarici kreditorların şərtlərinə “Yox” cavabını versələr də, bu aptek sahibi kimi iş adamlarına böhrandan çıxmaq hava-su kimi lazımdır.

Apteklərin təchizatı təhlükəli dərəcədə zəifləyib.

Müştərilərdən biri Floradan müəyyən adda dərmandan 7 qutu almaq istəsə də, həmin dərmanın aptekdə yalnız 2 qutusu olub.

Aptekdəki boş rəflər diqqəti cəlb edir.

Hökümət Floranın şirkətinə 3 ay yarımlıq ödəniş borcludur. Bu səbəbdən hazırda aptekin gündəlik təchizatı sadəcə bir plastik paket dərman qutularından ibarətdir.

Digər apteklərdə təchizatın azalmasının səbəbini qeyri-sabit maliyyə vəziyyətı ucbatından xarici təchizatçıların Yunanıstana dərman satmağa həvəs göstərmədiklərində görürlər.

Dərman norması

Məlumatlara görə, Yunanıstan xəstəxanaları və dövlət səhiyyə sığortasının farmasevt şirkətlərə dekabr ayından 1.1 avro milyard borcu yığılıb qalıb.

Buna baxmayaraq farmasevt şirkətlər, Yunanıstan apteklərinin dərman təchizatını humanitar əsaslarda davam etdirəcəklərini bildiriblər, Reuters agentliyi xəbər verib.

Digər bir aptekin sahibi Antonios Tsalpatouros deyir ki, o, dərmanları, müştərilərinə normaya uyğun paylaşdırıb verir.

"Banklar bağlandıqdan sonra, dərmanları məhdud miqdarda buraxmağa məcburuq”, aptek sahibi deyir.

Fotonun müəllifi BBC World Service
Image caption Benzindoldurma stansiyasında növbə yoxdur

Yaxınlıqdakı yanacaqdoldurma stansiyasında müştəri gözə tək-tük dəyir.

Məntəqə işçisi Tonya Tserkaki deyir ki, burada biznes zəifləyib, müştərilər isə haqq-hesabı nəğd pulla aparmalı olurlar.

Onun sözlərinə görə, stansiyada təchizat problemi yoxdur.

“Lakin sonrası necə olacaq bilinmir”, o, deyir.

Son günlərin bəzi məlumatlarında yunanların ərzaq tədarükünə başladığı, supermarketlərdə rəflərin boşaldığı bildirilirdi.

Piraeus şəhəri küçələrində hər addımbaşı kafe və restoranların mənzərəsi bu cür xəbərlərə şübhə ilə yanaşmağa əsas verir.

Fotonun müəllifi BBC World Service
Image caption Kafe və restoranlar adi qaydada işləyir.

Supermarket sahiblərindən birinin təbirincə, bundan əvvəl müştərilərin sayı birqədər artsa da, bazar günü referendumundan sonra, hər şey öz axarına düşüb, təchizat da qaydasındadır.

Göründüyü kimi, ərzaq məhsulları burada azalmayıb, hər halda, indiki məqamda.

Yunanlar diz üstə çökməyib, amma hay-küylü küçələr indi xeyli sakit hala gəlib.

Yunanıstana aylarla, illərlə çəkən maliyyə yardımı dövründə gündəlik dolanışıq çətinləşib.

Hazırda insanları yaxın saatlarda onları nə gözləyir sualı ən çox maraqlandırmaqdadır.

Yunanların səbr kasası dolmasa da, bəzi hallarda sürətlə tükənməsi mümkündür.

Bu barədə daha geniş