Mətbuat icmalı: “Azərkosmos” genişlənməyi planlaşdırır

Fotonun müəllifi Getty

“Azadlıq”: Azərbaycan Qərbi şantaj edir?

Professor Nurəddin Məmmədli İlham Əliyev hakimiyyətinin anti-Qərb ritorikasının bir neçə gün içərisində dəyişməsinə münasibət bildirərək deyib: “İlham Əliyev və onun ətrafı zaman-zaman Qərb seçiminin Azərbaycanın strateji maraqlarına uyğun olduğu haqda fikirlər səsləndiriblər. Lakin Qərbin Azərbaycandakı idarəçiliyə qarşı tənqidləri gücləndikcə, hakimiyyət onları nələrdəsə ittiham etməyə, hətta təhqir etməyə başlayır. Əliyev bir tərəfdən Qərbə göstərir ki, biz sizinlə qopmuruq, əməkdaşlıqda maraqlıyıq. Amma digər tərəfdən də Azərbaycan xalqında belə rəy yaratmağa çalışırlar ki, biz heç kimlə hesablaşmırıq.”

Professor həmçinin qeyd edib ki,” hakimiyyət ölkənin demokratikləşməsi təhlükəsindən doğan narahatlığını da gizlədə bilmir: “Belə bir şəraitdə hakimiyyətin sinxron olmayan daxili və xarici siyasətindəki kənaraçıxmalar, ziddiyyətlər tamamilə təbii görünür. Hakimiyyət eyni zamanda, Qərbi Rusiyaya yaxınlaşa biləcəyilə şantaj etməyə çalışır. Amma nəzərə almırlar ki, demokratikləşmə prosesi təkcə Azərbaycanla bağlı məsələ deyil. Bu, dünyada baş verən qlobal dəyişikliklərin tərkib hissəsidir. Dəfələrlə qeyd etdiyimiz kimi, son onilliklər ərzində dünyada 20-dən çox diktarura rejimləri çöküb. Bu tendensiya davam edir. Dünyanın yeni düzənində diktatura rejimlərinə yer yoxdur və İlham Əliyevin mövcud hakimiyyəti də əbədi olmayacaq. Bir il tez və ya bir il gec, amma istənilən halda, Azərbaycan da demokratikləşəcək”.

“Azərbaycan”: Futbol üzrə növbəti dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının oyunlarının təqvimi artıq məlumdur

AzərTAc-ın verdiyi məlumatda deyilir: “2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə XXI dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

…Təqvimə əsasən millimiz gələn il 4, 2017-ci ildə isə 6 oyun keçirəcək. Yığma komandamızın ilk görüşü gələn il sentyabrın 4-də səfərdə San-Marino millisi ilə olacaq”.

Məlumatda bundan başqa 2016-cı ildə keçiriləcək daha 3 və 2017-ci ildlə keçiriləcək 6 oyunun dəqiq tarixi və vaxtı göstərilib.

“Xalq qəzeti”: “Azərkosmos” genişlənməyi planlaşdırır

AzərTAc xəbər verir: ““Azerspace-1” peykinin resurslarının 66 faizi kommersiya yönümlü istifadədədir. Dünya peyk xidmətləri bazarına daxil olduğu ilk illərdə potensial müştərilərin cəlb edilməsi və peykin yerləşdiyi orbital mövqenin tanıdılması məqsədilə “Azerspace-1” peykinin satışları rəqabətli qiymətlərlə həyata keçirilir. 2013-cü ildən kommersiya fəaliyyətinə başlamış “Azerspace-1" peyk tutumlarından istifadəyə görə “Azərkosmos” ASC-yə təxminən 27 milyon ABŞ dolları həcmində vəsait daxil olub”.

Məlumatda həmçinin deyilir ki, “şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2"ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır”.

“Yeni Müsavat”: Müdafiə Nazirliyi mətbuata xəbərdarlıq edib

Nazirlik özünün rəsmi saytında bildirib: "Bəzi elektron kütləvi informasiya vasitələri guya 40 nəfər hərbi qulluqçumuzun mühasirəyə düşməsi, bir neçə saatlıq atışmadan sonra mühasirədən çıxmağa nail olması və 8 nəfər hərbçimizin yaralanması barədə yalan və təxribat xarakterli məlumatlar yayıblar.

Ermənistanın xüsusi xidmət orqanları, o cümlədən xakerləri tərəfindən məqsədyönlü surətdə yayılan bu xəbərlər həqiqətə uyğun deyil və təəssüflər olsun ki, bəzi yerli elektron kütləvi informasiya vasitələri də düşmən yalanına uyaraq ictimaiyyətimizə yanlış məlumatlar çatdırırlar. Növbəti dəfə bildiririk ki, cəbhədə baş verən hər bir hadisə ilə bağlı məlumatların yayılmadan əvvəl rəsmi surətdə Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir və vacibdir".

Bu barədə daha geniş