İlahiyyatçı Taleh Bağırov azadlığa çıxıb

Fotonun müəllifi Meydan TV

Narkotik maddə istifadə etməkdə ittiham edilən ilahiyyatçı Taleh Bağırova verilmiş 2 il 4 aylıq həbs müddəti bitdiyindən o azadlığa çıxıb.

BBC Azərbaycancaya danışan Taleh Bağırov həbsdən çıxmağı azadlıq kimi dəyərləndirmədiyini deyir.

"Azərbaycanda həbs hər mübariz üçün qaçınılmazdır. Ciddi problemlər var və vicdanlı insanlar öz əqidələri uğrunda həbsə düşürlər. Bu isə bir ilahi nemətdir. Kiçik zindanda əhval-ruhiyəmiz daha yaxşı idi. Orda özümüzü daha azad hiss edirdik. Azərbaycan daha böyük həbsxanadır. Siyasi və vicdan məhbuslarının hamısı azad olunmayınca biz şəxsi azadlıqdan danışa bilmərik", o bildirir.

Bağırov gələcək fəaliyyətinin bu ilin yanvar ayında yaradılmış Azərbaycanda Müsəlman Birliyi hərəkatı ilə bağlı olduğunu da deyir.

"Gələcək fəaliyyətimiz o hərəkatın ideologoyası əsasında maarifləndirmə işlərini aparmaq və ictimai- siyasi səhnələrdə fəal mübarizəni davam etdirməkdir".

Cümə axşamı gecəsi buraxılan Bağırov 2013-cü il martın 31-də saxlanılıb.

Həmin vaxt Daxili İşlər Nazirliyi bildirib ki, Taleh Bağırovun üzərindən 1,026 qram heroin, sürücüsü Anar Məlikovdan isə "Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürülüb.

İlhaliyyatçı barəsində 2 il 4 ay həbs cəzası qərarı verilib.

Taleh Bağırov 2011-ci ilin mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən hicab aksiyası zamanı da saxlanılıb və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2012-ci ilin noyabr ayında azadlığa buraxılıb.

Bu barədə daha geniş