Azərbaycan klubları Avroliqada: nə gözləmək olar?

Image caption Azərbaycan çempionu Qarabağ keçən həftə Glasgow-da Celtic klubunun qonağı olub

Bu həftə Azərbaycan klubları Avropa kubokları uğrunda növbəti mərhələnin cavab oyunlarına çıxacaqlar.

Ümumavropa liqalarında çıxış uğrunda mübarizənin iki mərhələsindən salamat çıxan ölkənin hər üç komandası keçən həftə üçüncü mərhələ çərçivəsində ilk görüşlərini rəqib meydanlarında keçiriblər.

Ən çox maraq cəlb edən Çempionlar Liqasında Qarabağın Şotlandiya çempionu Celtic-lə görüşü idi.

Müdafiədən "iti" çıxan komanda

Şotlandiyada əfsanə adını qazanan Celtic Avropanın böyük klublarından biri sayılır və Ağdam komandasının Glasgow-dan üzü ağ qayıtmasına o qədər də çox adam inanmırdı.

Amma Qarabağın göstərdiyi oyun, Britaniya futbol ekspertlərinin fikrincə, Celtic-inkindən heç də əskik olmadı.

Sky Sport-un yazdığına görə, “topa dəqiq və səliqəli yiyələnən” Ağdam klubu “gözlənildiyinin əksinə olaraq, heç də gərgin müdafiə ilə məşğul olmur və Celtic-in qapısı qarşısında təhlükələr yaradırdılar”.

Daily Record qəzeti qeyd edir ki, "Qarabağ intizamlı və soyuqqanlı oyunu ilə Celtic-i mat qoydu”.

Herald Scotland qəzeti isə əlavə edir ki, “onlar həmçinin müdafiədən qısa və iti ötürmələr vasitəsilə çıxmaq kimi inanılmaz bir qabiliyyətə malikdirlər ki, bu, bizim Şotlandiyada öyrəşdiyimiz dədə-baba qaydası ilə topa bir möhkəm zoppa vurub onu mümkün qədər uzağa göndərməkdən xeyli fərqlənir”.

Buna baxmayaraq, 50 min tamaşaçının təzyiqi, Ağdamlıların nisbi təcrübəsizliyi və boy-buxunda gəlmə komandadan xeyli üstün olması qlazqolulara son dəqiqələrdə başla qol vurmağa imkan verdi ki, Daily Record-un hesab etdiyinə görə, “bu qolun qiyməti milyonlar ola bilər”.

Şotlandiya jurnalistləri Çempionlar Liqasında oynamaq hüququnu qazanmış komandanın milyonlar qazanacağına eyham vururlar.

Gəl ki, Sportinglife-ın jurnalistlərinin fikrincə “bu cütlükdə qalibin müəyyənləşməsinə hələ çox var”. Əslində elə mən də bu fikirdəyəm.

Dağlıları (şotlandları Britaniyada tez-tez belə adlandırırlar) Bakıdakı oyunda yalnız “qaynar hamam” havası (Daily Record) deyil, həm də on minlərlə azarkeşin dəstəyinə arxalanan yaxşı bir komanda gözləyir.

Cavidin əl hərəkəti

Dağlılardan söz düşmüşkən, Azərbyacanın dağ regionlarını bu il Avropada təmsil edən Qəbələnin çıxışını da yaxşı hesab etmək olar.

Qəbələlilər Kiprdə oyunun əvvəlində qol buraxsalar da, əslində bütün oyun ərzində meydan sahiblərindən daha səviyyəli oynayırdılar və əlavə vaxtda Apollon-un qapısına təyin edilən penaltiyə tamamilə layiq idilər.

Cyprus Mail qəzeti qonaqların belə yaxşı oynamağını gözlənilməz adlandırır və onlarla razı olmaq olar.

Qəbələnin bu mövsümdə belə oynaması hətta Azərbaycanda bir sürpriz olduğu halda, kiprlilərin buna təəccüblənməsi heç də sual doğurmamalıdır.

Düzdür, yerli jurnalistlər penaltini mübahisəli adlandırsalar da, videotəkrarda aydın görününr ki, Freyre əlini qəbələli Stankoviçin boynuna qoyub, onu yıxdı.

Ələ gəldikdə isə, Cavid Hüseynovun penaltini vurandan sonra əllə yerli azarkeşlərə tərəf etdiyi hərəkət ona baha başa gələ bilər.

UEFA adətən belə hərəkətləri cəzasız qoymur. İstənilən halda, Qəbələ azarkeşləri növbəti mərhələyə çıxmaq şanslarına nikbin baxa bilərlər - İnterin azarkeşlərindən fərqli olaraq.

Ağayevli İnter

Əslində İnteri bəxtsiz də adlandırmaq olar. Avropa kuboklarının belə erkən mərhələsində İspaniya qrandlarının birinə rast gəlmək nadir bir bəxtsizlikdir və nədənsə bu, İnterin başına gəldi.

Müəyyən mənada demək olar ki, İnter özünün tam əksilə rastlaşdı.

Atletico bütün Avropada yeganə komandadır ki, öz heyətində yalnız bir millətə məxsus futbolçuları qatır.

Belə ki, bask komandasının məramı İnterdən (yəni beynəlxalqdan) tam fərqlidir. Nə isə, basklar meydana çıxıb elə oynadılar ki, güya onlara qarşı Messili Barcelona, ya da Ronaldolu Real idi.

Bu isə sadəcə olaraq Ağayevli İnter idi. Düzdür, Səlahət Ağayev öz qapıçı səlahiyyətlərini elə yerinə yetirdi ki, hesabın 10:0 olmamasını sırf onun nailiyyəti kimi qiymətləndirmək olar.

Bu görüşdə onun görkəmli oyunundan başqa heç nəyi qey etmək mümkün deyil.

Bilbaoda 0:2 hesabı ilə kənardan mərifətli görünsə də, əslində aydındır ki, bu həftə İnter Avropa ilə ən azı bir illik vidalaşacaq.

Bu barədə daha geniş