Rəşt-Astara-Azərbaycan dəmir yolunun tikintisi "planlaşdırılır"

Fotonun müəllifi president.ir
Image caption İran prezidenti Hassan Rouhani də Azərbaycanın nümayəndə heyətini qəbul edib

Azərbaycan və İran Rəşt-Astara-Azərbaycan dəmir yolunun tikintisinə başlamağı "planlaşdırır", iki ölkənin rəsmiləri deyib.

Bu barədə razılıq, Tehranda səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın Kommunikasiya və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi ilə görüşündə verilib, Fars xəbər agentliyi yazır.

Nazirlər, həmçinin vizasız səyahət və İranın Azərbaycanın peykindən istifadə etməsi, neft-qaz, gömrük, ticarət və maliyyə məsələlərini müzakirə ediblər.

İran prezidenti Həsən Ruhani də Azərbaycanın nümayəndə heyətini qəbul edib.

"İran İslam Respublikası qonşu ölkələr, o cümlədən Azərbaycan Respublikası ilə əlaqələrin inkişafını prioritet elan edir. İran hər sahədə qarşılıqlı əməkdaşlıqdan məmnundur", cənab Rouhani bildirib.

Cənab Ruhani əlavə edib ki, Azərbaycan, İran və Qafqaz arasında dəhliz rolunu oynaya bilər.

"Azərbaycan da İrandan Fars körfəzi və Oman dənizinə çıxış və dünya ölkələrinə keçid üçün istifadə edə bilər. Biz ikitərəfli potensiallardan istifadə etmək üçün əlaqələrimizi inkişaf etdirməliyik", prezident Ruhani bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə Xəzər dənizinin enerji resurslarına sərmaye qoymaq "düzgün addım ola bilər".

İranı altılıq ölkələri ilə razılığa gəlməsi münasibətilə təbrik edən nazir Mustafayev söyləyib ki, bu, regionda sülh və stabilliyi artıracaq.

Cənab Mustafayevin sözlərinə görə, Azərbaycan və İran arasında əsas əməkdaşlıq sahələrindən biri də nəqliyyatdır.

"Bizim üçün Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması strateji əhəmiyyət daşıyır".

Nazir onu da deyib ki, Ənzəli-Bakı limanları arası yük daşınması da müzakirə mövzusu olub.

İranın gömrük administrasiyası bundan əvvəl bildirib ki, ötən il Azərbaycan İrandan qeyri-neft məhsulları idxalına görə 12-ci olub. Həmin vaxt İran Azərbaycana 435.34 milyon dollarlıq məhsul ixrac edib, 22.22 milyon dollarlıq məhsulu isə idxal edib.

İran rəsmiləri gələn il qarşılıqlı ticarətin 3 dəfə artacağının proqnozlaşdırıldığını bəyan edib.

"Razılığa gəldik ki, biz Azərbaycandan elektrik enerjisi alacağıq, əvəzində dərman satacağıq", cənab Vaezi bildirib.

İranın Mehr xəbər agentliyi bildirib ki, Azərbaycanın nümayəndə heyəti nazir Vaezinin dəvətilə Tehrana gəlib.

Cənab Mustafayev görüşün Azərbaycan və İran hökumətlərarası komissiyasının 10-cu görüşünə hazırlıq məqsədi daşıdığını açıqlayıb.

Enerji və neft, nəqliyyat və dəmir yolu, bank sektoru rəsmiləri və iş adamlarının daxil olduğu nümayəndə heyəti avqustun 3-dən bəri Tehrandadır. Səfər çərşənbə axşamı yekunlaşacaq.

Bu barədə daha geniş