Qəbələ FK: "komanda üzvləri çox üzülüb"

Fotonun müəllifi rianovosti

Qəbələ futbol klubu vəfat etmiş jurnalist Rasim Əliyevin döyülməsinə səbəb olmaqda adı çəkilən Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılovun "bir müddət" komanda üzvü olduğunu açıqlayıb.

"Elşən İsmayılovu 2013-cü ilin iyulundan dekabrına kimi, 6 ay ərzində gənc futbolçu sayıldığı üçün sıralarımıza cəlb etmişdik. Sonradan ümidləri doğrultmadı, klubdan ayrıldı", klubun sözçüsü Anar Hacıyev BBC Azərbaycancaya bildirib.

Baş prokurorluq və Daxili İşlər Nazirliyi jurnalistin ölümünə səbəb olmuş döyülmə hadisəsilə bağlı şübhəli qismində Elşən İsmayılov və digərlərinin saxlanılması iddialarına dair BBC Azərbaycancaya şərh verməyib.

Rasim Əliyev 8 avqustda Bayıl qəsəbəsində yerləşən "Bayıl market" mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb və o, aldığı "çoxsaylı bədən xəsarətləri"nə görə bazar günü vəfat edib.

Vəfatından öncə o, jurnalistlərə verdiyi müsahibədə döyülməyinin səbəbini Facebook sosial şəbəkəsində Qəbələ futbol klubunun futbolçusu Cavid Hüseynovla bağlı yazdıqları ilə əlaqələndirib.

"Yunan jurnalist ondan soruşur ki, niyə türk bayrağını qaldırmısınız? Cavabında jurnalistə əl hərəkətləri göstərilir", Əliyev mediada yayılmış son müsahibəsində deyir.

Jurnalist qeyd edib ki, bu barədə Facebook sosial şəbəkəsində status paylaşıb və bundan sonra "özünü Hüseynovun bibisioğlu kimi təqdim edən şəxs ona zəng edərək görüşə çağırıb və orada 6-7 nəfər tərəfindən döyülüb".

Hadisəylə bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.

Cavid Hüseynovun əl hərəkəti

Futbol klubunun sözçüsü futbolçunun videodakı əl hərəkətinin ədəbsiz işarə olmadığını iddia edib.

"Cavidin ordakı hərəkəti , Türkiyə ilə Azərbaycanın dostluğuna işarədir. Orda həm dillə deyir, həm də iki yumruğunu toqquşdurur. Bu hərəkət idmanda var, boksda da var, döyüşdən əvvəl edilir və o deməkdir ki, ilk öncə dostuq deməkdir. Cavid özü də bu barədə danışıb və bu hərəkətin qeyri-etik olmadığını deyib", sözçü qeyd edilib.

Onun sözlərinə görə, jurnalistin döyüldüyü üçün ölməsi bazar ertəsi oyuna çıxacaq komanda üzvlərini "çox üzsə" də, psixoloji vəziyyət "normaldır".

Cavid Hüseynovun istintaqa cəlb olunub-olunmamasıyla bağlı şərh verməyən sözçü rəhbərliyin bu və başqa məsələlərə "diqqət göstərdiyini" deyib.

"Təkcə bu mövzu deyil, buna qədər də baş vermiş belə (həm azarkeşlərə, həm jurnalistlərə qarşı) məsələlərə diqqət göstərilir. Daim hər şeyin etik çərçivədə olmasını istəmişik. Həm klubda, həm də akademiyada yetişən uşaqlarla bu istiqamətdə işlər görülür".

"Anlayış"

Anar Hacıyev komandadan müvəqqəti uzaqlaşdırılan Cavid Hüseynovun "məsələnin nə dərəcədə ciddi olduğunu bildiyini və anlayışla qarşıladığını" qeyd edib.

Hərçənd ki, Hacıyev futbolçunun komandada gələcəyi barədə şərh verməyib, istintaqın "hər şeyə aydınlıq gətirəcəyini" deyib.

Ötən gün futbol klubu hadisədə futbolçu Cavid Hüseynovun adının hallanmasından "təəssüfləndiyini" bildirib.

"Mərhum son müsahibələrində və "Facebook" sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil", bəyanatda deyilir.

"Qəbələ" tezliklə bu məsələnin hüquq-muhafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inandığını bildirib.

"Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb", bəyanatda qeyd olunub.

Avropa Liqasının III təsnifat mərhələsində Kiprin "Apollon" klubu ilə keçirilən hər iki oyunda Cavid Hüseynov 11 metrlik cərimə zərbəsindən qol vuraraq, "Qəbələ"-nin tarixində ilk dəfə olaraq "play-off" mərhələsinə vəsiqə qazanmasında iştirak etmişdi.