"Rasim Əliyev dəfələrlə polis tərəfindən söyülüb və incidilib"

Fotonun müəllifi Mehman Huseynov
Image caption Rasim Əliyev 2013-cü ilin yayında aksiyanı işıqlandırarkən polis zorakılığına məruz qalıb

Jurnalist Rasim Əliyev "dəfələrlə polis tərəfindən söyülüb və incidilib", Bakıda döyüldükdən sonra ölmüş jurnalistlə 2008-ci ildən eyni ofisdə çalışmış Tatiana Kryuchkina BBC Azərbaycancaya bildirib.

"Heç kimlə işi olmayan, çox yaxşı insan və dost idi. Bu qədər adam onun üçün ağlayırsa, deməli, bilinir necə adamdır. Aksiyalarda öndə gedirdi, işaqlandırırdı, Rasim dəfələrlə polis tərəfindən söyülüb və incidilib".

Son vaxtlar ann.az saytında idman jurnalisti kimi çalışan Rasim Əliyev 2014-cü ilin sentyabrından RATİ sədri seçilib və sənədlər Ədliyyə Nazirliyinə göndərilib.

"RATİ fəaliyyət göstərmirdi, amma Emin Hüseynovdan sonra Rasim sədr seçilmişdi", 2008-ci ildən RATİ-də çalışmış Kryuchkina bildirib.

Onun sözlərinə görə, Rasim Əliyev 2007-ci ildən bəri RATİ-də reportyor, video və foto müxbir kimi çalışıb.

2013-cü ilin iyununda Rasim Əliyev Bakının mərkəzində keçirilən nümayişi işıqlandırarkən polis zorakılığına məruz qalıb və 7000 dollarlıq video kamerası sındırılıb. Bu hadisəyə görə, iki nəfər polis işdən uzaqlaşdırılıb. Nümayiş Türkiyədə Gəzi etirazlarına dəstək olaraq keçirilirdi.

Image caption Jurnalist Rasim Əliyev ötən gün dəfn olunub.

Rasim Əliyev avqustun 8-də Bayıl qəsəbəsində yerləşən "Bayıl market" mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb və o, aldığı "çoxsaylı bədən xəsarətlərindən" bazar günü vəfat edib.

Vəfatından öncə o, jurnalistlərə verdiyi müsahibədə döyülməyinin səbəbini Facebook sosial şəbəkəsində Qəbələ futbol klubunun futbolçusu Cavid Hüseynovla bağlı yazdıqları ilə əlaqələndirib.

Qəbələ futbol klubu hadisədə futbolçu Cavid Hüseynovun adının hallanmasından "təəssüfləndiyini" bildirib və onu əsas komandadan "müvəqqəti uzaqlaşdırıb".

Hadisəylə bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.

Şahidlər "dindirilir"

Jurnalist Rasim Əliyevin döyülməsi nəticəsində vəfat etməsiylə bağlı şahidlər dindirilib və dindirilir, Baş Prokurorluq bildirib.

Prokurorluğun sözçüsü Eldar Sultanov BBC Azərbaycancaya deyib ki, istintaq barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Şahid qismində dindirilməyə çağrılan jurnalistin keçmiş iş yoldaşı Mehman Hüseynov deyib ki, o, Səbayel rayon prokurorluğuna getməyib.

"Zəng etdilər ki, Mehman Hüseynovdur? Dedim, xeyr, elə adam tanımıram. Çünki, vaxtilə sənədlərimi almışdılar və mən onların qaytarılmasını istəyəndə demişdilər ki, biz elə adam tanımırıq. Belə adam yoxdursa, onda necə məni çağıra bilirlər?"

Mehman Hüseynovun sözlərinə görə, o sənədləri olmadan vəkillə müqavilə imzalaya və ya hansısa rəsmi işlər görə bilməz.

"Onlara dedim ki, şəxsiyyət vəsiqəmi qaytarın və gəlim sizə istintaqda nə yardım lazımdırsa edim", Hüseynov BBC Azərbaycancaya bildirib.

"Ciddi narahatlıq", "böyük faciə"

Azərbaycan prezidenti İlham Əliyev jurnalist Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq vəfat etməsiylə bağlı məlumatdan "ciddi narahat olub", onun sözçüsü deyib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, cənab Əliyev bu faktı "söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid" kimi qiymətləndirib.

Cənab Əli Həsənov bildirib ki, prezident İlham Əliyev məsələni "şəxsi nəzarətində saxlayacaq".

Milli Şura sədri, keçmiş prezidentliyə namizəd Cəmil Həsənli jurnalistin ölümünü "böyük faciə" adlandırıb.

"..idmançı adı altında bəslənilən qoçu dəstələri Rasimi Bakının ortasında döyərək öldürdülər. Onu insafsızcasına döyüblər, daxili qanaxmadan vəfat etdiyi bildirilir", cənab Həsənli deyib.

Cəmil Həsənli Facebook profilində paylaşdığı statusunda əlavə edib ki, "qoçu gülləsi, üstlərinə sürüləcək maşınlar, idmançı yumruqları hər an bu millətin başının üzərindədir. İdmanın ayrı-ayrı nazirlərə, vəzifəli şəxslərə tapşırılması bu sahənin kriminallaşması üçün geniş imkanlar açır".

"Bu gün idman xəbərləri yazan Rasim bu faciənin qurbanı oldu. Sabah mədəniyyət verilişləri hazırlayan birisinin idmançı adı altında bəslənilən qoçu gülləsinin nişangahına çevrilməyəcəyinə heç bir təminat yoxdur", Həsənli qeyd edib.

Bazar ertəsi səhəri araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsinə gedən jurnalistlər Rasim Əliyevi bir dəqiqəlik sükutla yad ediblər.

Jurnalistlər Rasim Əliyevin ölümünə səbəb olmuş cinayətkarların tapılıb cəzalandırılmasını istəyiblər.

Bu barədə daha geniş