Mətbuat icmalı: “Həbsimin məqsədi Əliyevin biznesilə bağlı araşdırmalarımın qarşısını almaqdır”

Fotonun müəllifi Getty

Bu gün Azərbaycanda dərc olunan qəzetlərin xülasəsini BBC Azərbaycancada oxuyun.

"Azadlıq" - Xədicə İsmayıl: “Həbsimin məqsədi Əliyevin biznesilə bağlı araşdırmalarımın qarşısını almaqdır”

Araşdırmaçı jurnalist Xədicə İsmayılın işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmə prosesində artıq məhkəmə istintaqı başa çatıb. İş üzrə dövlət ittihamını müdafiə edən prokuror Ramazan Hadıyev çıxışa hazırlaşmaq üçün bir gün vaxt istəyib. Məhkəmə istintaqının başa çatdığı elan edilməmişdən əvvəl əlavə şahidlər dindirilib, Xədicə İsmayıl və vəkilləri vəsatətlər qaldırıb.

Dünənki məhkəmə iclası bir gün əvvəl iş saatı başa çatdığına görə ifadəsi yarımçıq qalmış Bakı Vergilər Departamentinin vergi müfəttişi İmran Nurməmmədovun dindirilməsilədavam edib. Nurməmmədov “Azadlıq” radiosunun fəaliyyətinə dair hələ də başa çatmayan səyyar vergi yoxlamalarına əsaslanaraq, Xədicə İsmayılla bağlı Aralıq Aktı tərtib edən dörd nəfərdən biridir.

…Xədicə İsmayıl şahidə belə bir sual ünvanlayıb: “İşə götürənin işçi ilə əmək müqaviləsi yox, xidmət müqaviləsi bağlamasını qadağan edən hüquqi norma varmı?” Bu yerdə prokuror yenə müdaxilə edib:

- Sualın buna aidiyyəti yoxdur, o, hüquqşünas deyil.

Vəkil Cavad Cavadov:

- Aralıq Aktında yazıblar, indi də buyursun, cavab versin.

Bu zaman tərəflər arasında gərgin polemika yaranıb. Xədicə İsmayıl dindirmənin davam etdirilməsi üçün hakimə müraciət edib:

- Möhtərəm məhkəmə, əgər prokuror sizə icazə versəydi, siz də bizə suallarımızı davam etdirmək üçün icazə verərdiniz...

Hakim Ramella Allahverdiyeva:

- Siz mənə görə narahat olmayın.

Xədicə İsmayıl:

- Mən çox narahatam, dövlətçiliyimizə görə narahatam.

Daha sonra dindirmə davam etdirilib və İmran Nurməmmədov deyib ki, əmək müqaviləsilə 14 faiz yox, xidmət müqaviləsilə 4 faiz vergi ödənilməsilə faktiki vergidən yayınmaya şərait yaradılıb, buna görə də Bakı bürosunun rəhbəri kimi Xədicə İsmayıl məsuliyyət daşıyır: “Radionun ştatda 12-14 nəfər işçisi olduğu halda, ofisdə 30-32 kompüter olub. Əgər həmin şəxslər sizin əmlakdan istifadə edirdilərsə, mütləq onlarla əmək müqaviləsi bağlanmalı idi”.

Xədicə İsmayıl vergi müfəttişinin yadına salıb ki, qanunvericilikdə “müqavilə azadlığı” anlayışı var. Həmçinin xatırladıb ki, radionun əməkdaşları məhkəmədə dindirilərkən sərbəst iş rejiminə üstünlük verdiklərinə görə, öz istəklərinə uyğun olaraq, xidmət müqaviləsi bağlayıblar: “Hələ 30-32 kompüter az idi. Hərəyə bir yazı, bir də montaj kompüteri lazım idi. Məsələn, mənim evimdə 3 kompüterim olub. Ən əsası, harada yazılıb ki, xidməti müqavilə bağlayan şəxs ofisin avadanlığından istifadə edə bilməz?”

Daha sonra dindirmə belə davam edib:

- Aralıq aktında Xədicə İsmayıl vergi ödəyicisi kimi tanınırmı? Söhbət sadələşdirilmiş vergidən getmir...

- Siz rəhbər kimi məsuliyyət daşımısız.

- Əgər vergi ödəyicisinin təmsilçisiyəmsə, mənim hüquqlarım da var idi. Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən siz akt tərtib edəndə mənə sual verməli, məlumatlandırmalı idiniz, amma siz məni görməmisiz. Əgər vergi ödəyicisi idimsə, bunu niyə etməmisiz?

- ...

- Siz ofisdəki axtarışla bağlı video-foto çəkilişə baxmısız?

- Xeyr.

- Radionun ofisində olmusuz?

- Xeyr.

- O zaman niyə rəydə yazmısınız ki, “Fərqli düşüncə” qəzeti “Azadlıq” radiosunun ofisindəyerləşib? Radionun ofisində olmamısınız, heç bir video-fotoya baxmamısız, sizə vəhy gəlmişdi? - Qəzetin baş redaktoru da ifadəsində belə deyib...

- Xeyr, Şahvələd Namazovun (Çobanoğlu) istintaqa ifadəsində belə bir şey yoxdur. O, burada da dindirilərkən bildirdi ki, orada yerləşməyib. Bəlkə bu adama prokurorluq saxta ifadə göstərib?

- ...

Dindirmə başa çatandan sonra vergi müfəttişi getmək istəyərkən Xədicə İsmayıl ona belə bir sual ünvanlayıb:

- İmran müəllim, Vergilər Nazirliyində paket maaşları bərpa eləyiblər, yoxsa yox?

İmran Nurməmmədov sualı cavablandırmadan zalı tərk edib.

…Vəkil Cavad Cavadovun vəsatəti isə yerli məhkəmələrdən birinin ANS-lə bağlı qətnaməsinin işə əlavə olunması haqda olub. Məsələ burasındadır ki, vaxtilə ANS-in dəişçilərin bir qismilə əmək müqaviləsi yox, xidmət müqaviləsi bağlaması əsas gətirilərək, bu şirkətə qarşı cərimə sanksiyası tətbiq olunub. ANS Şirkətlər Qrupu bu məsələni məhkəmədə mübahisələndirib. Məhkəmə qanunvericilikdə nəzərdə tutulan “müqaviləazadlığı” anlayışını əsas götürərək, cərimə qərarının ləğvinə dair qətnamə çıxarıb. Cavab Cavadov bənzər situasiya olduğu üçün həmin qətnamənin presedent kmi işə əlavəolunmasını istəyib. Bu vəsatət …təmin olunmayıb.

"Yeni Müsavat" - Bu il piyadalar 1 360 000 manat məbləğində cərimələnib

“Piyadalar keçidlərdən istifadə etməyi əlavə vaxt itkisi hesab etsələr də, onlar bu yoldan keçməklə həm özlərinin, həm də başqalarının həyatını qoruyacaqlarının fərqində deyillər.

“Yol hərəkəti haqqında” Qanunda dəyişikliklərə əsasən piyadalar yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə müvafiq olaraq, məsuliyyət daşıyırlar. İnsanlar müəyyən olunmayan yerlərdən keçdiklərinə görə 20 manat məbləğində cərimə olunurlar. Bu cərimələr də yeraltı, yerüstü keçidlərin olduğu ərazilərdə qaydaları pozan piyadalara tətbiq olunur.”

Yazıda deyilir ki, yanvarın 1-dən avqustun 7-dək Bakıda qaydaları pozduğu üçün 68 min piyadanın hər biri 20 manat cərimə olunub ki, bu da 1 360 000 manat deməkdir.

Müəllif “Bu qədər insanın cərimə edilməsinə səbəb nədir?” və “Niyə keçidlərdən istifadə edilmir?” kimi suallara cavab tapmaq üçün şəhərin bəzi piyada keçidlərinə baş çəkib. O həm də piyadalardan keçiddən keçib-keçmədiklərini soruşub.

Bundan başqa bəzi küçələrdə vətəndaşların keçiddən deyil, nəqliyyatın sıx olduğu küçənin üzərindən keçməsinə rağmən həmin ərazilərdə heç vaxt polis nəzarətinin olmaması da müxbirin gözündən qaçmayıb. Məsələn, “İnşaatçılar” metro stansiyasının yaxınlığında baş verənlərin şahidi olan bir taksi sürücüsü deyib ki, bu ərazidə cərimələr yeni tətbiq edilən vaxtlarda polislər dayanaraq yolu düzgün keçməyənləri cərimə edirmişlər. Amma sonra "gördülər ki, bacarmırlar, getdilər. Kimisə saxlayırdılar. Həmin adam başlayırdı, polisin üstünə qışqırmağa... Əsasən də qadınlar... Hay-şivən salırdılar. Özüm gözümlə görmüşəm. Qadın polisin sözünə baxmadan, heç nə olmamış kimi mindi, marşruta və getdi. Bura belədir. Mədəniyyəti insanlara qazandırmaq çətindir. Olmayan şeyi inkişaf da etdirmək olmur".

“Ekspertlərin fikrincə, vətəndaşların keçidlərdən istifadə etməmələrinin səbəbi alışqanlıqdır. İnsanlar uzun illərdir ki, bu mədəniyyətə sahib deyillər. Ona görə də, birdən-birə keçidlərdən istifadə etməyə alışa bilmirlər. Amma cərimələr sayəsində buna da hər kəsin alışacağı gözlənilir.”

“Yeni Müsavat” - Hacı İbrahim Nehrəmli: "Hamı kimi mən də sadə həyat tərzi sürürəm"

“Avesta Concern”nin rəhbəri Hacı İbrahim Nehrəmli mətbuata deyib ki, o, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin yeni sədri Elmar Məmmədovla görüşmək istəyir.

“Yeni rəhbəri bu vəzifəsinə görə təbrik etdiyini vurğulayan Hacı İbrahim görüş zamanı bankdan götürdüyü kreditlə bağlı söhbət etmək niyyətindədir. İş adamı Azərbaycan Beynəlxalq Bankının yeni rəhbərinin atasını yaxşı tanıdığını da söyləyib: “Mən təzə rəhbərin atası Mamed kişini yaxşı tanıyıram, o çox hörmətli adamdır, mənim də ona böyük hörmətim var. İnanıram ki, o da atası kimi yüksək peşəkarlığa malik olan adamdır. Əminəm ki, o, yeni vəzifəsinin öhdəsindən çox uğurla gələcək. Digər tərəfdən isə onu deyim ki, hər kəs banklardan götürdüyü kreditləri vaxtında qaytarmaqda məsuliyyətli olmalıdır. Banklar isə pulları qaytarması üçün öz müştərilərinə kömək etməlidir, qapıları müştərilərin üzünə bağlamamalıdırlar. Bu cür qarşılıqlı əməkdaşlıqdan həm bank qazanır, həm də müştəri öz biznesini inkişaf etdirə bilir”.

Hacı İbrahim hazırda heç bir bahalı yaxta və ya təyyarəyə malik olmadığını da söyləyib: “Hazırda mənim heç bir bahalı yaxtam və ya təyyarəm yoxdur, hamı kimi mən də sadə həyat tərzi sürürəm. İnşallah dövlətə olan borcumu qaytarandan sonra özümə yaxşı təyyarə, avtomobil və yaxta alacam. Əsas dövlətə olan borcları qaytarmaqdır”.

İş adamı əlavə edib ki, hazırda yalnız Azərbaycan Beynəlxalq Bankına borcu qalıb: “Digər banklardan götürdüyüm kreditləri artıq bağlamışam, inşallah Beynəlxalq Bankdan götürdüyüm kreditləri də bağlayacam”.

“Yeni Müsavat” - Leyla Yunus yenidən kameraya yerləşdirilib

“Bir neçə gün əvvəl səhhətinin pisləşməsinə görə təcridxananın tibb məntəqəsinə köçürülən Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus yenidən kameraya yerləşdirilib.”

Vəkili Elçin Qəmbərov bildirib ki, Leyla Yunusun səhhətində problem var və onun müalicəsi davam etdirilir: “Təcridxananın həkimləri müayinə ediblər. Səhhətinin normallaşdığını deyib, kameraya köçürüblər. Ancaq səhhətində yaxşılığa doğru irəliləyiş yoxdur. Amma müəalicəsi davam edir”.

“Azərbaycan” - Nazirlər Kabinetinin qərarı: üç kollecin adı dəyişdirildi

Qərarda deyilir: Azərbaycan Maliyyə-İqtisad Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlandırılsın. …Bakı Texniki Kolleci Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci adlandırılsın.”

“Эхо” - Fuad Cəfərli: “Bakı daş cəngəlliyə oxşamağa başlayıb”

Urbanist Fuad Cəfərli qəzetə müsahibəsində Bakı və digər şəhərlərin inkişafı ilə bağlı bir sıra maraqlı məqamlara toxunub. O deyib ki, “Bakı bir tərəfdən inkişaf edir, digər tərəfdənsə hələ də çoxlu çatışmazlıq qalmaqdadır. Təəssüf ki, bu günə qədər şəhərin rekonstruksiyası ilə bağlı texniki sənədləşmə hazırlanmayıb. Şəhərin mərkəzində tikintiyə icazə verilən zaman səhvlərə yol verilib. Bakı daş cəngəlliyə oxşamağa başlayıb.”

Onun fikrincə şəhərin ətrafları, məsələn, Balaxanı, Zabrat kimi ərazilərin inkişafı hələ də aşağı səviyyədədir. “Şəhərin bu hissəsi faktiki olaraq yüksək divarlar və başqa arxitektur üsulların köməyilə gizlədilib.”

“Böyük Bakının inkişaf planı keçən ildən bəri Nazirlər Kabinetinə təqdim edilib. Böyük Bakının inkişaf planı ölkənin sosial-iqtisadi vəziyyətini nəzərə alaraq şəhərin inkişafı məsələlərinə toxunub. Sənəddə şəhərimizi gələcəkdə daha da inkişaf etdirməyin yolları göstərilib.”

Fuad Cəfərli digər şəhərlərin inkişafı məsələsinə də toxunub: “Bu gün mən əminliklə deyə bilmərəm ki, bizim regionlarımız yerli iqtisadi inkişaf strategiyası sayəsində inkişaf edir. Bizim bütün regionlarımız faktiki olaraq donor şəhər olan Bakıdan asılıdır. Son statistik məlumatlara görə yalnız Sumqayıt və Şirvan özlərini müstəqil şəkildə, büdcədən dotasiya almadan təmin edir. Regionların inkişafı barədə danışmaq üçün bütün iqtisadi göstəriciləri öyrənmək lazımdır. İdealda regionlar öz vəsaitləri hesabına inkişaf etməlidir.”

Fuad Cəfərli bundan başqa Bakıda tramvay xətlərinin zəruriliyi barədə xarici konsultasiya şirkətinin verdiyi tövsiyyələrdən və bu işin perspektivləri, ümumilikdə şəhərin nəqliyyat infrastrukturunun inkişafı barədə də danışıb.

Bu barədə daha geniş