Xədicə İsmayılovanın məhkəmədə son sözü: "Mənə atılan daşlardan ev ucaldacağam"

Fotonun müəllifi Getty

Araşdırmaçı jurnalist Xədicə İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsində bazar ertəsi saat 2-ə təyin olunmuş prosesdə "son söz" söyləyib.

O, barəsində Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən vergidən yayınma ittihamları barədə deyib:

"Bu ittihamı Azərbaycan xalqından oğurlanan pulları ofşorlara daşıyıb, ofşor şirkətlər vasitəsilə dövlət kontraktlarını sümürən və vergidən yayınan prezident ailəsi haqqında araşdırmalar etmiş Xədicə İsmayılovaya qarşı irəli sürmək necə də gülməli idi. Mən və tələbələrim, həmkarlarım ofşor həqiqətlərini, vergidən yayınma hallarını, adalarda öz adlarına, Azərbaycanda seyidəhmədlərin adına yaradılan şirkətlər vasitəsilə pulların vergidən yayındırılması haqqında yazırdıq".

Xədicə İsmayılova özünə qarşı ittihamları peşə fəaliyyətilə bağlı qisas hesab edir.

O, bunu məhkəmədə söylədiyi son sözündə də deyib.

İsrafetmə və mənimsəməni nəzərdə tutan 179-cu maddə ilə bağlı Xədicə İsmayılova bunları bildirib:

"Mən və həmkarlarım israfçılıq və mənimsəmə işləri barədə çox yazmışam. Kilometri 60 milyona başa gələn asfalt yollardan, smeta dəyəri 6-7 milyon olsa da, büdcəyə 30 milyona başa gələn Bayraq Meydanından, «Eurovision» hazırlıqlarından, «Kristal Holl»un tikintisindən. Amma prokurorluqdan fərqli olaraq biz yazılarımızı sənədlər və faktlarla əsaslandırmışıq, daha fərziyyə və ehtimallarla deyil".

Vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı 308-ci maddə ilə bağlı açıqlamasında isə jurnalist deyib:

"Prokurorluq mənim vəzifəmdən necə sui-istifadə etdiyimi də göstərə, sübut edə bilmədi. Mən sübut etmə işində şanlı prokurorluq əməkdaşlarından daha uğurluyam. Məsələn, Çovdar da daxil olmaqla 6 qızıl yatağını işlətmək üçün məhz prezidentə məxsus şirkətlə müqavilə bağlamaq tapşırığını heç kimin yox, məhz prezidentin verdiyini sübut edən sənədi yazıma əlavə etmişdim. Eyni ailənin dövlət kontraktlarını asanlıqla tendersiz ələ keçirməsini, dövlət banklarını qanunsuz özəlləşdirməsini, sənaye müəssisələrini qəpik-quruşla özəlləşdirməkdən əvvəl ailə başçısının sərəncamı ilə dövlət büdcəsindən o müəssisələrə milyonlar axıdılmasını da sənədlə, sübutlarla göstərmişəm".

Xədicə İsmayılova qanunsuz sahibkarlıqla bağlı 192-ci maddəni özünün "sevimli maddəsi" adlandırıb.

"Bu mənim sevimli maddəmdir. Qanunsuz sahibkarlıq nədir, bilirsinizmi? Prezident, baş nazir, deputat ola-ola sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qanunsuzdur. Mən və xarici həmkarlarım Vircin adalarından şirkətlərdə prezidentin şəxsən təsisçi olduğunu görəndə çox təəccüblənmişdik. O bu şirkəti açanda hələ prezident deyildi, amma artıq deputat və ARDNŞ-in vitse-prezidenti idi. Baş nazir, sonra prezident oldu, şirkəti isə əldən vermədi. Mehriban Əliyevanın Panamadakı şirkətlərin sənədlərində adını görəndə təəccüblənmişdik. Amma nə olsun? Prokurorluq bu təəccübümüzü bölüşmədi".

"Mən və həmkarlarım onlarla deputatın qanunsuz biznesi haqda yazmışıq, ifşa etmişik, hardaydı prokurorluq işçiləri? Niyə reaksiya vermədilər? Prokurorluqdan Beynəlxalq Şəffaflıq Təşkilatına deyiblərmiş ki, bizə o yazılardakı faktlarla bağlı rəsmi müraciət olmayıb. Yəni özlərini görməməzliyə vururlar. Hərçənd ki, qanuna görə qəzetdə çıxması cinayət işinin başlanması üçün kifayət idi. Olsun. İnanaq ki, xəbəriniz yox idi. Bu, son sözümdə dediklərimi rəsmi müraciət kimi qəbul edin. Bu qədər şahidim də var ki, mən bu müraciəti etdim. Yazılarımın linkləri də mətnə əlavə olunub. Başlayın cinayət işinə, haydı!"

Xədicə İsmayılova dostlarının onu gözləyən həbs, həbsxana çətinlikləri barədə nə düşündüyümü soruşduğunu deyib.

"Doğrusu, düşünmürəm bu barədə, bu ölkənin bu qədər dərdi varkən, 4 saylı cəzaçəkmə müəssisəsində 8 sanitar qovşağının qarşısında növbə çəkən 500 məhbusdan biri də mən olacağam, nə olsun?

Orada analoqsuz inkişaf nağılının, penitensiar xidmətdəki şəffaflığın əfsanə olduğunu ifşa etmək imkanı düşəcək əlimə. Mən problemləri imkanlara keçirməyi bacaran adamam. Belə olub, belə də olacaq. Mənə atılan daşlardan evlər ucaldacağam".

O, həmçinin deyib: "Unutmayaq ki, bu ölkə bizimdir, onu quldurlara qurban etməyək sükutumuzla. Mən burda yaxşı kampaniyadayam. Leyla xanımla, İntiqam bəylə, Anar Məmmədli, İlqar Məmmədov, Tofiq Yaqublu, Rəşadət Axundov, İlkin Rüstəmzadə, inancları və prinsipləri uğrunda həbs yatan dindarlar, hüquq müdafiəçiləri və jurnalistlərlə bir taleyi bölüşürəmsə, nə xoş mənə. Məndən nigaran olmayın".

Xədicə İsmayılova son sözünü deyərkən, zala buraxılmayan bır sıra diplomat, jurnalist və fəal məhkəmə qarşısında toplaşıb, BBC Azərbaycancanın müxbiri Xanım Cavadova xəbər verir.

Ötən həftə baş tutmuş prosesdə müdafiə tərəfi cinayət işinə xitam verilməsini tələb edib və bəraət istəyib.

Image caption Məhkəmə qarşısında toplaşan diplomatlar prosesin başlanmasını gözləyirlər.

Dövlət ittihamçısı jurnalistə 9 il həbs cəzasının verilməsini istəyib.

Prokuror jurnalist barəsində özünüöldürmə həddinə çatdırma maddəsinə görə 5 il, qanunsuz sahibkarlıq maddəsinə görə 4 il, mənimsəmə maddəsi üzrə 8 il, vergidən yayınmaya görə 2 il və vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi üzrə 5 il istəyərək və cəzaları qismən toplamaq yolu ilə yekun olaraq 9 il həbs cəzası istəyib.

Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılova 2014-cü ilin sonunda həbs olunub.

O, keçmiş həmkarını özünəqəsd həddinə çatdırma, mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə ittiham olunur.

Jurnalist və onun tərəfdarları ittihamların siyasi motivli olduğunu deyirlər.

Bu barədə daha geniş