Xədicə İsmayılova - Azərbaycan hökumətinin baş ağrısı

Fotonun müəllifi Azadliq Radiosu

Azərbaycanın tanınmış jurnalisti Xədicə İsmayılova illərdir ki, Azərbaycan hökumətinə çətin həyat yaşadır.

O iddia edildiyinə görə, prezident İlham Əliyevin ailəsinə bağlı biznesləri və ofşor bank hesablarını hədəfləyib və hökumət nazirlərinin neft fondundan nəhəng mənimsəmələri barədə iddialar irəli sürüb.

2012-ci ildə ona qarşı şantaj kampaniyasının bir hissəsi kimi seks videosu internetə buraxılıb. Bu onun əqidəsinə bağlılığının çoxsaylı sınaqlarından biri olub.

İndi isə onu, insan haqları qruplarının siyasi motivli olduğunu bildirdikləri məhkəmədən sonra 7 il yarımlıq həbsxana cəzası gözləyir.

Əzmkarlıq

1979-cu ildə Bakıda doğulmuş Xədicə İsmayılovanın atası vəzifəli hökumət rəsmisi olub. Onun anası isə mühəndis idi.

Anası Elmira qızının məktəbdəki uğurlarından, xüsusən də ədəbiyyat və musiqi dərslərindəki nailiyyətlərindən, yaşına uyğun olmayan bir şəkildə doğruçuluğundan bəhs edib.

Fotonun müəllifi Jahangir Youssuf
Image caption Xədicə İsmayılovanın anası qızının məhkəməsində iştirak edib

O Bakı Universitetində türk dillərini öyrənirdi və buradaca jurnalistikaya maraq göstərmişdi.

Bundan sonra xanım İsmayılova tərcüməçi, təlimçi və təhqiqat jurnalisti kimi fəaliyyət göstərib.

O deyir ki, həmkarı, jurnalist Elmar Hüseynovun 2005-ci ildə qətlə yetirilməsi onun həqəqət uğrunda mübarizə əzmini daha da artırıb.

Fotonun müəllifi Getty
Image caption 2012-ci ildə xanım İsmayılova Kaliforniyadakı Beynəlxalq Qadın Media Fondu tərəfindən Jurnalistikada İgidliyinə görə (Courage in Journalism) mükafatına layiq görülüb

Onunla birlikdə Azad Avropa/Azadlıq Radiosunda çalışmış Ülviyyə Əsədzadə təxminən 2007-ci ildə necə dostlaşdıqları barədə danışır:

“Bir gün iş masamın və başqa masaların üstündə qırmızı qızılgülləri görəndə təəccübləndim – deyə o xatırlayır, - Bu gülləri kimin qoyduğunu soruşanda, mənə ağ pencəkli, bir az da tosqun qadını göstərdilər”.

Bu gənc qadın AzadlıqRadiosunun Bakı ofisinin direktoru olacaqdı.

"Yaxşı bir baş ağrısı"

Xanım İsmayılova Vaşinqtonda “Amerikanın səsi” radisounda aparıcı kimi çalışırdı, lakin öz ölkəsindəki hadisələrdən yazmaq üçün vətəninə qayıtmışdı.

Həmkarları onun yüksək standartlara malik tələbkar redaktor olduğunu söyləyirlər.

"O baş ağrısı idi – deyir radiostansiyanın onu işə götürmüş o vaxtkı direktoru Kənan Əliyev, - Lakin o, daim işin yaxşılaşdırılmasına çalışan yaxşı bir baş ağrısı idi”.

Fotonun müəllifi president.az
Image caption Xədicə İsmayılova araşdırmalarında Prezident İlham Əliyev və onun ailə üzvlərinin adını çəkdiyinə görə mübahisələr yaradıb

Xanım İsmayılova prezident İlham Əliyev və onun ailəsi barədə təhqiqatlarında açıqca danışmaqla hay-küyə səbəb olmuşdu.

Xanım İsmayılova Azadlıq radisounun Azərbaycan xidməti üçün gündəlik tok-şou aparır, barışmaz tonu ilə populyarlıq və məşhurluq qazanır və milli medianın aparıcı fiqurlarından birinə çevrilirdi.

"O heç nədə güzəştə getmirdi, - deyir onunla birlikdə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsində çalışmış Drew Sullivan, - O son dərəcə inadkar və özünə inanan jurnalistdir. O daim diqqət mərkəzində olmağı bacaran maraqlı insandır”.

'Beynəlxalq agent'

Xanım İsmayılovanın jurnalistikası ona bir çox nüfuzlu mükafatlar qazandırıb, lakin həm də onun öz vətənində çətinliklərlə üzləşməsinə səbəb olub.

Hökumət rəsmiləri və hökumətyönlü media onu “ermənipərəst” və ya “beynəlxalq casus” olmaqda ittiham edib, bəzi qəzetlər isə onun üzərinə şəxsi hücumlarda bulunub.

Fotonun müəllifi BBC World Service
Image caption Polis formaları və İlham Əliyev maskası (ortada) geyinmiş fəallar iddia edilən insan haqlarının pozulmasına qarşı Praqada etiraz aksiyası keçirirlər

2011-ci ilin martında Xədicə İsmayılova bir məktub və sevgilisi ilə sekslə məşğul ikən çəklmiş bir neçə foto alıb. Bu şəkillər onun yataq otağında öz xəbəri olmadan quraşdırılmış kamaralarla çəkilmişdi.

Məktubda ondan hökumətə qarşı iddia olunan korrupsiya təhqiqatından əl çəkməsi tələb olunur, əks halda bədnam ediləcəyi bildirlirdi.

O geri çəkilməkdən imtina edəndə isə, bu video internetə buraxılmışdı.

Dostları deyirlər ki, o şəxsi həyatına müdaxilədən dərin hiddət hissi keçirmiş, lakin qətiyyətini itirməmişdi.

Lakin bu onu həm də qarşıdan gələn hadisələrə daha hazırlıqlı etmişdi.

Fotonun müəllifi BBC World Service
Image caption Jurnalist Elmar Hüseynovun qətli onun uzaq qohumu olan İsmayılovanı çətin və qorxulu mövzulara girişməyə sövq edib

2014-cü il, dekabrın 5-də o həbs edildi. Əslində bunu artıq bir neçə ay idi ki, özü də gözləyirdi.

Onu intihara məcbur etməkdə ittiham edirdilər. O bu ittihamı rədd etmişdi. Ona qarşı belə bir iddia irəli sürmüş şəxs, keçmiş həmkarı sonradan şikayətini geri götürdü və ittihama xitam verildi.

Lakin o bunun ardınca mənimsəmədə, vergidən yayınmada və səlahiyyətlərindən sui-istifadədə ittiham olundu.

Həbsxana

İyul ayında başlanmış məhkəmə prosesinə hökumətyönlü media qurumlarından başqa, BBC də daxil, heç bir başqa jurnalist buraxılmayıb.

Xədicə əmindir ki, məhkəmə siyasi motivli olub. Lakin Azərbaycan hökuməti israr edir ki, ədliyyə müstəqil fəasliyyət göstərir.

Prokurorlar bildirirlər ki, jurnalist prosesə qarşı petisiyalarla məhkəmənin işini pozmağa çalışıb.

Xanım İsmayılovanın həbsxanada olduğu müddətdə Azərbaycanın hakim ailəsinə qarşı onun başladığı təhqiqatlar Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (Organized Crime and Corruption Reporting Project – OCCRP) təşkilatı tərəfindən dərc edilib.

Üstəlik o, məhkəmədə “həbsxanalarda baş verən qanunsuz fəaliyyətlər və korrupsiya” barədə çıxış edib.

“Məhbuslara onlara düşən ət və pendir verilmir. Yaxşı olardı ki, prokurorlar bu məsələni araşdırsınlar” – deyirdi o.

Onun keçmiş müdiri Kənan Əliyev hökumət tərəfindən daim “ovlanan” jurnalisti “fövqəladə, möhkəm qadın” kimi xarakterizə edir.

Onun tərəfdarları jurnalistin bundan sonra da dayanacağını gözləmirlər.