Prosineçki Azərbaycan millisi ilə həmyerlilərini məyus etdi

Fotonun müəllifi Azertag

Robert Prosineçki və Niko Kovaç vaxtı ilə bir yerdə oynayıblar və bir-birini dost adlandırırlar.

Cümə axşamı onlar rəqib düşərgələrdə idi.

Kovaç başçılıq etdiyi doğma Xorvatiya millisini Bakıya, Prosineçkinin rəhbərliyi altında oynayan Azərbaycan komandası ilə görüşə gətirmişdi.

Oyundan əvvəl Kovaç Azərbaycan millisinin Prosineçkinin rəhbərliyi altında yaxşı oyun göstəriyini və görüşün onun komandası üçün çətin olacağını söyləmişdi.

Sözün düzü, rəqib haqqında belə sözləri oyun ərəfəsində hər bir məşqçi deyir.

Bir növ taktiki hiylədir - qalib gələndə deməsinlər ki, rəqib zəif idi, xal itirdiyi halda isə, opponentin güclü olduğu barədə əvvəlcədən xəbardar etdiyini deyə bilsin.

Amma bu dəfə Kovaçın həmin sözləri nəzakət xətrinə deməməsinə inanmağım gəldi.

Çünki xorvatiyalı məşqçi həm də qeyd etdi ki, “Azərbaycan futbolçuları əvvəlkindən fərqli olaraq, topu hara gəldi vurmurlar”.

Avtobus qurmayan Azərbaycan millisi

Qrupun məğlubiyyətsiz lideri, Avropanın aparıcı klublarının ulduz oyunçulardan ibarət komandanın baş məşqçisi nə dediyini bilirdi.

Oyun başlanandan göründü ki, Azərbaycan futbolçuları topu doğrudan da hara gəldi deyil, öz komanda yoldaşlarına ötürməyə çalışırlar.

Düzdür, əksər hallarda bu ötürmələr ən yaxında duran oyunçuya yönəldilirdi və bu, sürətli əkshücum yaratmaq üçün heç də əlverişli şərait yaratmırdı.

Lakin futbol ətrafında olan hər bir adam sizə deyə bilər ki, hər hansı bir halda topun səndə olmağı rəqibdə olmağından xeyli yaxşıdır.

Fotonun müəllifi Azertag

Azərbaycan komandasının oyunundakı daha bir fərq, komandanın topsuz qalanda rəqibi artıq meydanın mərkəzi xəttində qarşılaması və elə oradaca fəalcasına top uğrunda mübarizə aparması idi.

Foqts (az qala bu soyadın qarşısında “rəhmətlik” yazacaqdım) zamanı komanda rəqibin hücumu vaxtı (yəni demək olar ki, bütün oyun ərzində) çox dərinə çəkilib, cərimə meydançasının xəttində necə deyərlər, “canlı ikimərtəbəli London avtobusunu qururdu” ki, hazırkı oyun üslubu məncə futbola daha çox bənzəyir.

Özü də, təcrübə göstərir ki, qapını qorumaq üçün daha faydalıdır.

Qonaqlar birinci yarının 2/3 hissəsini topa yiyələnsələr də, Kamran Ağayevin qapısı qarşısında yüz faizlik təhlükə yarada bilmədilər.

Burada təbii ki, meydan sahiblərinin mərkəz müdafiəçiləri cütlüyünü qeyd etməmək olmaz.

Bədəvi Hüseynov top uğrunda mübarizələrdə həmişəki kimi döyüşkənliyi və məğlubedilməzliyi, Rəşad Sadıqov isə özünün soyuqqanlığı və ideal mövqe seçimi ilə bir birini elə tamlayırdılar ki, bir il bundan əvvəl Azərbaycan millisinin qapısına asanlıqla altı top vuran xorvatlar bu dəfə sanki tamamilə başqa komanda əleyhinə oynayırdılar.

Sürət nisbi anlayışdır

Düzdür, meydan sahibləri rəqib qapısı qarşısında, ümumiyyətlə təhlükəyə oxşar bir şey yarada bilmirdilər.

Birinci hissədə Azərbaycan komandası öz hücumlarını cinahlar vasitəsilə qurmağa çalışdı ki, artıq 20-ci dəqiqə üçün bu taktikanın tamamilə uğursuz olması aydın oldu.

Cinahdan hücumu təşkil etmək üçün topla irəliləyən oyunçu yüksək sürətə malik olmalıdır.

Ola bilsin ki, Azərbaycan millisinin cinah yarımmüdafiəçiləri yerli səviyyədə sürətli sayılsınlar, amma xorvat oyunçuları üçün onlara çatmaq heç bir çətinlik təşkil etmirdi və cinahla “sürətlə” qaçan meydan sahiblərinin oyunçusu rəqibin qapı xəttindən 30-40 metr aralı başını qaldıranda, qarşısında 5-6 rəqib görürdü ki, bununla da hücuma xitam verilirdi.

İş o dərəcəyə çatmışdı ki, xorvatların qapıçısı Daniel Subaşiç qapısını tərk edib, su başına getsəydi, bu, oyunun taleyinə heç bir təsir etməzdi.

Prosineçkinin gedişləri və uğurları

Lakin ikinci hissədə oyunun gedişatı dəyişdi.

Fotonun müəllifi Azertag

Güman ki, Prosineçki cinah əməliyyatlarının faydasız olduğunu görərək, taktikanı dəyişdirdi və Azərbaycan komandası daha çox mərkəzdən, qısa ötürmələrlə hücum etməyə çalışdı.

Və bu dəyişiklik müəyyən fayda verdi. Belə ki, Subaşiç artıq bir neçə dəfə topun dalınca atılmalı oldu.

Həmin toplar isə təbii ki, rəqib qapısına yaxınlaşa bilən meydan sahiblərinin ayaqlarından uçurdular ki, bu da ilk hissəyə baxanda mühüm bir irəliləyiş idi.

Düzdür, xorvatlar da ikinci hissədə daha təhlükəli idilər.

Top bir dəfə qapı tirinə dəydi, iki dəfə isə qapı ilə üzbəüz 10 metr məsafədə qalan Mario Mandjukiç həddindən artıq gözəl qol vurmağa çalışdığından, komanda yoldaşlarının əla ötürmələrini boşa verdi.

Qeyd etmək lazımdır ki, xorvatlara bu imkanları yaratmağa ən böyük şəraiti yaradan meydan sahiblərinin rəqiblərə nisbətən nəzərəçarpıcı dərəcədə daha yorğun olmaları idi.

Azərbaycan futbolçularının fiziki durumu barədə son 20 il ərzində o qədər deyilib ki, bu barədə danışmaq istəməzdim.

Ancaq onu deyə bilərəm ki, bu fiziki durum məsələsi elədir ki, hətta Prosineçki də onu düzəldə bilməz.

Nə isə.

Bu dəfə hər şey meydan sahibləri üçün yaxşı bitdi.

Xorvatlara qarşı 0:0 hesablı heç-heçəni doğrudan da böyük uğur adlandırmaq olar.

Qeyd etmək lazımdır ki, Prosineçkinin rəhbərliyi altında Azərbaycan millisi artıq dalbadal üçüncü rəsmi oyunda qol buraxmır ki, bu, indiyə qədər görünməmiş nailiyyətdir.

Tam ciddi olaraq deyirəm.

Bu barədə daha geniş