Azərbaycan futbolu və "ruh" məsələsi

Robert Prosinecki Fotonun müəllifi AFP
Image caption Robert Prosinecki 1990-cı illərdə Real Madrid və Barcelona kimi futbol klublarında oyunçu olub, indi isə Azərbaycan millisinin meneceridir

1994-cü ilin aprel ayında, Azərbaycan FİFA və UEFA-nın rəsmi üzvlüyünə qəbul olunduqdan biraz sonra, milli komanda bu statusda ilk oyununu keçirmək üçün Maltaya yollandı.

Bir tərəfdən bu komandanın heyətində Nazim Süleymanov və Vəli Qasımov kimi Avropa səviyyəli futbolçuların olmasını, digər tərəfdən isə Maltanın qitədə ən zəif komandalardan olduğunu (Cəbəllütariq və digər “xırdalar” o zaman hələ ortaya çıxmamışdı) biz, azarkeşlər, millinin Bakıya inamlı qələbə ilə qayıdacağını gözləyirdik.

0:5 hesablı məğlubiyyət barədə xəbər gələndə, bizim nə cür şoka düşdüyümüzü təsəvvür edə bilərsiniz.

Komanda Bakıya qayıdandan sonra Vəli Qasımov müsahibədə bildirdi ki, bu hesab təsadüf idi və əslində daha yaxşı oynayan Azərbaycan komandası bu oyunda qalib gəlməli idi.

Bu xəbəri müzakirə edəndə, bir yaşlı azarkeş mənə söylədi: “A kişi, 0:5 də təsadüf ola bilərmi?” Və ölkədəki futbolun səviyyəsi barədə daha bir neçə cümlə əlavə etdi ki, mən onları bura yazmasam, daha məsləhətli olar. Mən isə, Vəli Qasımovun sözlərinə istinad edərək, həmin azarkeşlə mübahisə edib, ola bildiyini söylədim. Nə edim, cavan idim, insanların dediklərinə inanırdım...

İndi, 21 il sonra, başa düşürəm ki, yaşlı həmsöhbətim haqlı idi. Hadisələrin sonrakı gedişatı onun dediklərini tam sübut etdi. Bu 21 il ərzində Azərbaycan millisi hər seçmə mərhələsində nadir hallarda hansısa rəqibdən xal qoparmağı bacarırdı və komandanın qrupda son pillədən bir addım yuxarıda mövqe tutmağı əməlli başlı nailiyyət hesab edilirdi.

Niyə?

Və bunun bir çox obyektiv səbəbləri var. Ölkədə uşaq futbol məktəblərini barmaqla saymaq olar; futbol oynamaq üçün ot meydançalarının sayı isə həmin məktəblərin sayından da azdır; ənənəvi olaraq Azərbaycan futbolu üçün ən çox futbolçu “istehsal edən” Bakı ilə Gəncədə uşaqların futbol oynadığı meydançaların zəbt edilməsi; fiziki cəhətdən qüvvətli olan uşaqların (müasir futbolda bu hər bir oyunçu üçün ən önəmli amildir) gələcəkdə heç olmasa cangüdən rolunda çörək pulu tapmaq üçün döyüş idman növlərinə üstünlük verməsi – bütün bunlar həmin səbəblərin ən üzdə olanlarıdır.

Bir çox mütəxəssislər isə bunlara daha bir səbəb əlavə edirlər – Azərbaycan futbolçularının komanda oyununu nümayiş etdirməyi bacarmaması. Deyirlər ki, azərbaycanlılar idmanda fərdi şəkildə böyük nailiyyətlər əldə etdiyi halda, bir komandaya toplaşanda bunu edə bilmirlər.

Prosineçkinin Azərbaycan millisinə gəlişindən sonra komandanın oyunundakı dəyişiklik həmin mütəxəssislərin fikirlərinin həqiqətdən uzaq olmamasının bir bariz nümunəsidir.

Prosineçkinin doğma Xorvatiyası, Azərbaycandan fərqli olaraq, idman dünyasında daha çox öz komandaları ilə tanınır. Əhalisi Azərbaycandan da iki dəfə az olan bu ölkə futbol, həndbol, basketbol, su polosu, voleybol kimi komanda idman növlərində ən böyük nailiyyətlər əldə edib.

Nəsə var bu balkanlıların qanında və canında ki, onlara uğurlu komandalara birləşməyə kömək edir. Prosineçki bu ruhdan nəyisə Azərbaycan futbolçularına çatdıra bildi. Özü də elə bacardı ki, Azərbaycan millisi tarixində ilk dəfə olaraq, dalbadal dörd rəsmi oyunda məğlubiyyət bilmir.

Bir komanda

Prosineçki futbolçuların səviyyəsini yaxşılaşdırmayıb – Malta ilə oyunda biz yenə də sadə səhvləri, maneəsiz verilən ötürmələrin rəqibə çatmasını, qapıya vurulan zərbələrdən sonra topun qapıdan 30-40 metr aralı uçmasını gördük.

Komandanın taktiki quruluşunda da böyük dəyişikliklər yoxdur – bəlkə top uğrunda mübarizəni Azərbaycan futbolçuları qapılarından daha aralı başlayırlar. Lakin komanda daha yaxşı oynayır. Və bunun əsas səbəbi, oyunçuların özlərini bir komanda hiss etməsidir.

Bu komandadan böyük uğurlar gözləmək düzgün olmazdı. Futbolçuların səviyyəsi hələ buna imkan vermir. Elə bu oyunda da Azərbaycan millisi qələbəyə layiq bir səviyyə göstərmədi.

Çünki oyun vaxtının 65 faizi ərzində topa yiyələnən komanda rəqib qapısı qarşısında daha çox təhlükəli vəziyyət yaratmalıdır. Çünki 10 künc zərbəsi (əminəm ki, bu, Azərbaycan millisinin rəsmi oyunları tarixində rekord göstəricidir) və bir çox cərimə zərbələri qazanan komanda onları yerinə yetirərkən, rəqib qapısına heç olmasa bir dəfə inamlı zərbə vurmalı idi.

Fotonun müəllifi TOFIK BABAYEV AFP Getty Images

Maltanın müdafiəsi keçilməz deyildi. Adalıların İtaliya ilə oyunda cəmi bir top buraxdıqlarını vurğulayaraq, bunun güclü müdafiə göstəricisi olduğunu deyənlərə xatırlatmaq istəyirəm ki, italyanlar heçvaxt çox qol vuran olmayıblar. Oyununu ənənəvi olaraq daha çox müdafiə əsasında quran İtaliya millisi bütün komanda ilə müdafiə olunan rəqiblərə qarşı həmişə çətinliklər çəkib. Azərbaycan komandası iki qol vursa da, əslində biraz daha səviyyəli oynasaydı qolların sayı daha çox olmalı idi.

Lakin nəzərə almaq lazımdır ki, bu, Azərbaycan millisinin topa və təşəbbüsə nəzarət etdiyi çox nadir oyunlardan biri idi ki, bu komanda, italyanlar kimi (düzdür, tam başqa səbəblərdən) müdafiəyə çəkilmiş rəqibə qarşı oynamağı bacarmır. Və həmin səbəbdən sürətli əkshücumların öhdəsindən də gələ bilmir. Çünki bu işdə belə bir təcrübəsi yoxdur. Ümid edək ki, hələ ki yoxdur.

Rahid Əmirquliyev

Bu oyunda qeyd olunası daha bir amil Rahid Əmirquliyevdir.

Maltanın zəngin tarixində əmirlər də (9-cu əsrdən başlayaraq, 220 il ərzində ölkəni ərəblər idarə edirdilər), əmir qulları da (16-17-ci əsrdə ölkəyə sahib olan Hospitalyer cəngavərləri adanı müsəlman qullarının bazarı kimi istifadə edirdilər) olub, indi də ora Əmirquliyev yazıldı.

Rahidin 2 qolu Azərbaycan millisinə xal qazandırdı və ən əsası, o, bir çox komanda yoldaşlarından fərqli olaraq, qapıya zərbə vurmaqdan çəkinmirdi.

Amma mən qətiyyən Rahidi komanda yoldaşlarından fərqləndirmək fikrində deyiləm.

Bu heç-heçəni komanda qazandı. Əmirquliyev sadəcə olaraq komandanın əzmini qollara çevirən həmin komandanın tərkib hissəsidir - və əsas məsələ, həmin komanda ruhunu qoruyub-saxlamaqdır.

Yaxın zamanlarda Azərbaycan millisindən böyük nailiyyətlər gözləmək olmasa da, bu ruh komandada qalsa, gələcəkdə Azərbaycan futboluna xatirələrdə qalan qələbələr qazandıra bilər.

Bu barədə daha geniş