Mətbuat icmalı: Qlobal böhran mövcuddurmu?

"Azadlıq": Avropa Parlamenti Azərbaycan hakimiyyəti barədə sərt qətnamə qəbul etdi

"Avropa Parlamenti Azərbaycan hökumətinin əleyhinə bu vaxtadək qəbul edilmiş analoji sənədlərdən xeyli sərt qətnamə qəbul edib. Qətnamədə Azərbaycandakı repressiyalarda əli olan şəxslərə qarşı sanksiyaların tətbiqi üçün Avropa Komissiyasına çağırış öz əksini tapıb.

“Avropa Parlamenti Avropa Komisiyasını və üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır”, – deyə qətnamədə qeyd olunub.

Sənəddə həmçinin Avropa Ittifaqının rəhbərliyi jurnalist Xədicə İsmayılın araşdırmalarında prezident İlham Əliyev və ailə üzvlərinə qarşı korrupsiya ittihamlarıyla bağlı hərtərəfli araşdırma aparmağa çağırılıb."

Bildirilir ki, qətnamə layihəsinin müzakirəsi zamanı səsvermədə Avropa Parlamentinin 365 deputatı iştirak edib ki, onların da 202 nəfəri sənədin qəbuluna səs verib, 70 nəfər isə bitərəf qalıb.

Qətnamədə Azərbaycanda hazırda aparılan repressiya siyasəti detallı şəkildə təsvir olunduğu da bildirilir. "Vurğulanıb ki, Azərbaycanda noyabrın 1-də parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub. Amma ölkədə azad və ədalətli seçki keçirilməsi üçün heç bir şərait yoxdur."

"Azadlıq": "Milli Şura parlament “seçkiləri”ni legitimləşdirmək üçün vasitə olmaqdan və seçki imitasiyasında iştirakdan imtina edir”

Milli Şura üzümüzə gələn parlament seçkiləri ilə bağlı qərar qəbul edib. Sentyabrın 10-da qəbul edilmiş sənəddə deyilir:

"Demokratik Qüvvələrin Milli Şurası bu il, noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı hələ avqustun 19-da hesabat yayaraq, ölkədə seçkiqabağı mühitin olmadığını, mövcud siyasi şərait və seçki prosesini tənzimləyən hüquqi normaların rəqabət şəraitində, azad və ədalətli seçkilərin keçirilməsinə imkan vermədiyini göstərmiş və vəziyyəti dəyişmək üçün hakimiyyət qarşısında tələblər irəli sürmüşdü.

Milli Şura bildirmişdi ki, Azərbaycan hökuməti siyasi təqiblər və repressiyalarla azad və ədalətli seçkilərin keçirilməsində mühüm rol oynayacaq müstəqil vətəndaş cəmiyyəti institutlarını və beynəlxalq təşkilatları, media qurumlarını, habelə real siyasi alternativləri seçkilərindən kənarda qoyub. Bu da ümumilikdə 1 noyabr seçkiləri üçün susdurulmuş vətəndaş cəmiyyəti, böhranlı vəziyyət yaşayan barmaqla sayılacaq müstəqil media, həbslərə və təqiblərə məruz qalmış siyasi alternativlər, qorxudulmuş elektoratla müşayiət olunan siyasi şərait yaradıb.

Milli Şura onu da vurğulamışdı ki, Azərbaycan hökuməti əvvəlki seçkilər kimi, bu seçkini də keyfiyyətsiz hüquqi baza ilə keçirir. 60 günlük seçki kampaniyası, hakimiyyətin tam nəzarətində olan seçki orqanları, namizədlərin irəli sürülməsinin mürəkkəb və problemli prosedurları, cəmi 21 günlük seçkiqabağı təşviqat kampaniyası, güvənilməz və səmərəsiz hüquqi müdafiə mexanizmləri, habelə idarəolunan səsvermə və seçkilərin nəticələrinin rəsmiləşdirilməsi prosesinə əsaslanan hüquqi baza bu seçkilər üçün də xarakterik olaraq qalır."

Sənəddə daha sonra Milli Şurasında qoyduğu tələblər sadalanır və bildirilir ki, hakimiyyət onların yerinə yetirilməsi üçün heç bir addım atmayıb.

"Bütün bu neqativ faktorları, hətta yarım azad və ədalətli seçkilərin keçirilməsi üçün əlverişli şəraitin olmadığını nəzərə alaraq Milli Şura 1 noyabr 2015-ci il tarixində keçiriləcək parlament “seçkiləri”ni legitimləşdirmək üçün vasitə olmaqdan və seçki imitasiyasında iştirakdan imtina edir."

"Azərbaycan": İlham Əliyev Qazaxstan Respublikasına işgüzar səfərə gedib

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak etmək üçün sentyabrın 10-da Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib.

Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü."

"Azərbaycan": Azərbaycanın Batumi şəhərindəki baş konsulu dəyişdirilib

Ölkə başçısının sərəncamı ilə "Rəşad Fail oğlu İsmayılov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib."

"Xalq qəzeti": "Təhsil Nazirliyi UNİCEF-in maliyyə dəstəyi ilə “Təməl” təqaüd proqramı çərçivəsində ibtidai təhsil səviyyəsində çalışan müəllimlərin peşəkar inkişafını təmin etmək məqsədilə ehtiyaclara uyğun ixtisasartırma kursları təşkil edib.

"İxtisasartırma kursunun məzmununu müəyyən etmək üçün aparılmış monitorinqin nəticələri təhlil edildikdən sonra seçilmiş müəllimlər üçün 132 saatlıq kurs müəyyən olunub. İlk növbədə, ixtisasartırma kursuna hədəf qrupu kimi cari ildə IV siniflərdə dərs deyən 114 nəfər müəllim cəlb olunub. Əsasən, paytaxtın ətraf yaşayış məntəqələrində yerləşən məktəblərdə çalışan müəllimlərin iştirak etdiyi kurslar 5 təlim mərkəzində keçirilib.

Almaniyadan dəvət edilmiş praktik psixoloq Qalina Heynzelman müdavimlərlə görüşüb və onları maraqlandıran sualları cavablandırıb."

"Yeni Müsavat": Qubad İbadoğlu: "Böhran qlobal deyil, iqtisadiyyatı dünya bazarlarında qiymət konyukturasından asılı olan ayrı-ayrı ölkələrdədir."

İqtisadçı alim Qubad İbadoğlu bu mövzuda maarifləndirici Facebook statusu yazıb. "Yeni Müsavat" bu statusu olduğu kimi dərc edib.

Qubad İbadoğlu yazıb ki, dünyada iqtisadi böhran yoxdur və gözlənilmir. "Diqqət edin: ötən il dünya iqtisadiyyatı 3,4 faiz böyüyüb, bu il qlobal miqyasda artım 3,5 faiz gözlənilir, növbəti il üçün də bu göstərici 3,8 faiz proqnozlaşdırılır. Dünya üzrə ÜDM-in 16,3 faizinə malik Çində 6,8 faiz, 16,1 faizinə malik ABŞ-da 2,4 faiz, 12,1 faizinə malik Avrozonada 1,5 faiz, 6,8 faizinə malik Hindistanda 7,5 faiz, 4,4 faizinə malik Yaponiyada 1,1 faiz, 2,4 faizinə malik Böyük Britaniyada 2,7 faiz iqtisadi artım gözlənilir. Qiymətləndirmələrə görə, dünya üzrə milli gəlirinin dördə üçünü formalaşdıran ölkələrdə iqtisadi artım tempi əvvəlkindən yüksək olacaq, beşdə dördünü formalaşdıran ölkələrdə iqtisadiyyatın yekunları pozitiv olacaq.

Belə vəziyyətdə hansı dünya böhranından danışmaq olar? Böhran dünyada deyil, idtisadiyyatı dünya bazarlarında qiymət konyukturasından asılı olan, Rusiya, Venesuela, Braziliya, Anqola, Nigeriya kimi resursların satışından gəlir əldə edib, onun hesabına yaşayan ölkələrdədir. Bu ilə hətta Afrikada da ümumilikdə 4,6 faiz iqtisadi artım gözlənilir.

...Azərbaycana gəlincə, bizim makro-iqtisadi göstəricilərimiz ötən ildən pisləşməyə başlayıb. 2014-cü ildə MDB-də ən aşağı iqtisadi artım tempi Rusiyada 0,6 faiz və sonra da Azərbaycanda 2,8 faiz qeydə alınıb. Bu ilin birinci yarısı üçün 6 faizlik iqtisadi artım elan olunsa da Beynəlxalq Valyuta Fondunun son qiymətləndirmələrinə görə, ölkəmizdə il ərzində ÜDM 0,6 faiz artacaq, inflyasiya isə 7,9 faiz olacaq. Rusiyada isə iqtisadiyyat 3,8 faiz kiçiləcək. Bu institut tərəfindən aparılan hesablamalara görə, 2015-ci ildə həmçinin Ermənistanda da iqtisadi eniş proqnozlaşdırılır.

Deməli, dünyada böhran deyil, qeyri-bərabər iqtisadi artım var və bunun da başlıca səbəbi beynəlxalq əmtəə bazarlarında, xüsusilə də enerji resurları bazarında qiymətlərin sabitləşməsidir. Bundan da ən çox əziyyət çəkənlər təbii resuslarının satışından gələn gəlirlərin hesabına böyüyən ölkələrdir. Ona görə də biz həmişə diqqətə çatdırırdıq ki, milli iqtisadiyyatı xarici faktorlardan asılı olan ölkələrdə uzunmüddətli dövrdə iqtisadi inkişafa malik olmaq mümkün deyil. Əslində indi dünya bazarlarında uzun müddətdir ki, siyasi və digər amillərin təsiri ilə maya dəyərindən xeyli uzaqlaşan əmtəələrin qiymətləri daha çox təbii səviyyəsinə qayırır. O sıradan yanacağın da qiymətinin optimallaşması prosesi gedir. Odur ki, “dünyada böhrandır və onun təsirindən də Azərbaycan iqtisadiyyatı əziyyət çəkir” fikri ilə razılaşmıram. Bizim iqtisadiyyatımız elə olmalıdır ki, dünya bazarında kimsə asqıranda biz burda qrip xəstəliyinə tutulmayaq. Bu baxımdan da müzakirələr iqtisadiyyatın müqavimət gücünün artırılması, əlavə maliyyə qaynaqlarının formalaşdırılması və yeni iqtisadi artım modelinin qurulması istiqamətində getməlidir".