Pankisidən o yana: Cənubi Qafqazın radikallaşması

Fotonun müəllifi Onnik Krikorian
Image caption Duisi kəndinin uşaqları

Uşaqlar Gürcüstanın Pankisi dərəsindəki balaca və mənzərəli Duisi kəndində, məscidin ağ-qara boyanmış səkisində oynayırlar.

Bu kənddə Şimali Qafqazda çeçenlərə qohum sayılan 8 min etnik kistdən başqa, həm də 1990 və 2000-ci illərin Çeçenistan müharibəsinin didərgin saldığı qaçqınlar yaşayırlar.

Qadınların bəziləri al-əlvan çadraya bürünüblər, bəziləri isə ya başları açıq gəzirlər, ya da ənənəvi kist yaylığı bağlayıblar. Kişilər də bir-birlərindən fərqlənirlər.

Bəziləri üzlərini tərtəmiz qırxıblar, bəzilərinin uzun və dini məna daşıyan saqqalları var. Beləliklə, burada mədəniyyət yerli və gətirilmə, yəni sələfi olaraq ikiyə bölünüb.

Buradakı vəziyyət son illərdə xüsusilə dərin narahatlıq yaradır, çünki gəncləri ekstremist qruplara, xüsusən də İslam Dövləti təşkilatına cəlb etməyə başlayıblar.

Şişani

Suriyada döyüşənlərin arasında Pankisinin ən tanınmış mühaciri Tarxan Batirişvilidir. Ləğəbi Əbu Ömər Şişani olan bu şəxs Daeş, İŞİD və ya "İslam Dövləti" kimi tanınan təşkilatın böyük komandirlərindən sayılır.

Fotonun müəllifi AFP
Image caption Əbu Ömər Şişani İslam Dövləti qruplaşmasının böyük komandirlərindən biri sayılır

“Mən İŞİD-i dəstəkləyirəm, çünki onlar Suriyada müsəlmanları xilas edirlər” – yerli yeniyetmələrdən biri deyir.

Bu arada narahatlıq keçirən Pankisi Ağsaqqallar Şurası isə bildirir ki, indi gənc kistlər arasında İŞİD təbliğatı internetdən köçürülən və telefonlarla paylaşılan videolar vasitəsilə asanlıqla aparılır. Şura həm də bildirir ki, bu təbliğata qarşı heç bir tədbir görülmür.

ABŞ Dövlət Departamenti Əks-Terror Bürosunun təxminlərinə görə İraqda döyüşən gürcüstanlıların sayı 50-100 nəfərdir.

Pankisidən olan 13 nəfərin artıq həlak olduğu məlumdur. Qonşu Azərbaycan da radikallaşma problemi ilə üzləşib. Burada da çox sayda gənc Suriya və İraqdakı əcnəbi döyüşçülərə qoşulub.

Suriyada azərbaycanlılar

“2012-ci ildən bəri münaqişədə 272 azərbaycanlı iştirak edib. Yəqin ki, yüz də əlavə etmək olar. Mən deyərdim, 400-500 arası, - Vaşinqtonda yaşayan və regionu yaxşı bilən bir təhlilçi deyir.

Fotonun müəllifi Onnik Krikorian

O, Jihadology.net saytı üçün Suriyada döyüşən azərbaycanlılar barədə yazır və onun North Caucasus Caucus bloger təxəllüsü ilə dərc olunan materiallarından “Economist” dərgisi və AzadlıqRadiosu kimi mötəbər media qurumları istifadə edir.

O BBC Azərbaycancaya deyib ki, “motivasiya mənasında azərbaycanlılar Suriyaya gedən əksəriyyətdən o qədər də fərqlənmirlər”.

“Bunlar daha çox artıq döyüşə getmiş şəxslərlə əlaqəsi olan və məşğuliyyət axtaran adamlardır” – deyir ekspert.

Onları Suriyaya aparan səbəblər Gürcüstanda radikallaşmaya meylli müsəlmanlara da aid edilə bilər.

Wake Forest Universitetindən araşdırmaçı Bennet Cliffordun Corciya Strateji və Beynəlxalq Araşdırmalar Fondu (Georgian Foundation of Strategic and International Studies ) vasitəsilə dərc olunmuş tədqiqatı bu məsələyə həsr olunub.

O BBC Azərbaycancaya deyib ki, “Bu prosesdə iqtisadiyyatın rolu gah şişirdilir, gah da düzgün izah olunmur”.

“İqtisadiyyat radikallaşmada zəruri, lakin kafi olmayan faktordur” – tədqiqatçı deyir.

O əlavə edib ki, bu proses təkcə Pankisiyə xas deyil, o həm də iqtisadi baxımdan daha uğurlu Acarada və ya Gürcüstanın Kaxeti, Samtxe-Cavaxeti və Kvemo Kartli regionlarındakı azərbaycanlı kəndlərində də gedir.

Cəmiyyətdə parçalanma

“Gənc Gürcüstan müsəlmanları yaşlılarla müqayisədə İslamın mühafizəkar təfsirlərinə qarşı daha kövrəkdirlər – deyə Clifford izah edir, - Bundan başqa kütləvi informasiya vasitələrinin rolu da unudulmamalıdır. İcmaların yaşlı üzvləri ilə müqayisədə, gənc müsəlmanlar internet və sosial media vasitəsilə daha geniş materiallarla tanış olmaq imkanına malikdirlər.

Fotonun müəllifi Onnik Krikorian

Cəmiyyət daxilindəki münaqişə və parçalanmalar da rol oynayır.

“Pankisidən fərqli olaraq müsəlman təsisatlarının daha yaxşı oturuşmuş olduğu Acarada bu qurumlar hakimiyyət orqanları tərəfindən bağlanmaq təhlükəsi ilə üzləşir və Gürcüstan xristianları tərəfindən ayrı-seçkiçiliyə məruz qalırlar” – deyir Clifford.

Onun fikrincə, xristianlar və müsəlmanlar arasında ixtilafların çözülmədən qalması müsəlmanlarda belə bir təsəvvür yarada bilər ki, onların həyat tərzi xristianların dominant olduqları cəmiyyətlərdə mümkün deyildir.

Fotonun müəllifi Onnik Krikorian

Azərbaycan kəndlərindən bir neçə döyüşçünün və “cihad gəlini”nin də Suriyaya getdikləri düşünülür.

“Azərbaycanda radikallaşmış şəxslər arasında qeyri-sünni dönmələr də var – North Caucasus Caucus yazır, - Bu bəllidir ki, Suriya Azərbaycanda dini məzhəbçiliyin qabarmasına səbəb olub. Adətən əksər azərbaycanlılar deyirlər ki, “biz müsəlmanıq”. Çox vaxt bunun mənasına dərindən varmırlar. Lakin indi qatı şiə olanların sələfiyə çevrilməsi var”.

2015-ci ildə Avropa Demokratiya Fondu tərəfindən dərc olunmuş “Azərbaycanda Dünyəvilik və Regionda Radikallaşma Təhlükəsi” hesabatı da bu deyilənlərin doğruluğunu göstərir.

Bundan əlavə North Caucasus Caucus deyir ki, radikallaşmaya bu regionun xaricində də rast gəlinir. “Əvvəllər terrorçu şəbəkələrlə əlaqəsi olmayan azərbaycanlılar asanlıqla Türkiyəyə səfər edirlər və ya artıq İstanbul və Moskvada yaşayanları varsa və onlar sözü gedən şəbəkələrə çıxış əldə edə bilirlər”.

Gürcülərin də Türkiyəyə vizasız daxil olması mümkündür və məhz buna görə də Gürcüstan hökuməti Azərbaycan hakimiyyəti kimi sərhəd nəzarətini gücləndirməyə çalışır.

ABŞ Dövlət Departamenti, ATƏT, Rusiyanın Xarici İşlər Nazirliyi və Beynəlxalq Böhran Qrupu hər iki ölkəni Suriyaya gedən döyüşçü səfərbərlər üçün tranzit hesab edir.

Həmçinin oxuyun: Gürcü serjant necə cihadçı oldu?

Bu həm də BMT Təhlükəsizlik Şurasının ötən ilin sentyabrında qəbul etdiyi 2178 nömrəli qətnamənin əsas tələbidir. Bu qətnamədə qeyd edilən belə bir müddəa – icmalar, gənclər, qadınlar və dini liderlərlə işin zəruriliyi məsələsi, Zorakı Ekstremizmə Qarşı proqramda yoxdur. Halbuki bunlar radikallaşmanın qarşısını almalı olan ilkin şərtlərdir.

"Azərbaycanda agahdırlar"

North Caucasus Caucus deyir ki, Azərbaycanda artıq bəzi təşəbbüslər qaldırılıb, lakin bunlar daha çox dini ayinlərin məhdudlaşdırılması və onlara nəzarət sahəsinə aiddir.

Fotonun müəllifi Onnik Krikorian

“Azərbaycan hökuməti burada problemin olduğunu çox erkən hiss edib, - ekspert BBC Azərbaycancaya deyir.

Onun fikrincə, Allahşükür Paşazadənin və Qafqaz Müsəlmanları İdarəsinin birdən birə Şəki və ya Tərtər kimi ənənəvi sünni yerlərdə tədbir keçirməsi o deməkdir ki, orada daha dərin proseslər gedir.

“Hakimiyyət orqanları içəridə kameralar yerləşdirməklə, sələfi ruhaniləri mötədil liderlərlə əvəzləməklə, sələfilərin məscidlərdəki liderliyinə qadağan qoymaqla, ekstremist baxışları təbliğ edən kitabları yasaqlamaqla və ictimai televiziyaya daha çox diqqət yetirməklə məscidləri daha güclü nəzarət altına almağa çalışır” – deyilir ABŞ Dövlət Departamenti Əks-Terror Bürosunun illik hesabatında.

Bu bəyanatda xəbərdarlıq edilir ki, “belə metodlar zorakılığı qızışdıranlarla, müxtəlif siyasi hərəkatların fəlsəfi məqsədlərinə rəğbətli, lakin zorakılığı rədd etmiş şəxslər arasında fərq qoymur.

Fotonun müəllifi Onnik Krikorian

Zorakı Ekstremizmə Qarşı kampaniyanın iştirakçıları getdikcə daha çox, Birləşmiş Krallıq da daxil, başqa ölkələrdə buna bənzər narahatlıqları dilə gətirirlər.

Onların fikrincə, bu ölkələrdə problemin həllində hökumət tərəfindən tətbiq edilən cəza və qadağan tədbirlərindən daha çox yerli icmaların, terror qurbanlarının və ya məyus olmuş keçmiş radikalların rolunun gücləndirilməsinə ehtiyac var.

“Biz hamımız zorakı ekstremizmin yaratdığı aşındırmaya qarşı, dözümlülüyü, qarşılıqlı hörməti, plüralizmi, birgəliyi və həmrəyliyi silah edərək qalxmalıyıq” – ATƏT-in Zorakı Ekstremizmə qarşı Birləşək kampaniyasının bəyanatında deyilir.

Bu yayın əvvəllərində ATƏT ölkələrinin Vyanada keçirilmiş Əks-Terror Ekspertləri Konfransında Azərbaycan iştirak etsə də, Gürcüstan nümayəndələri gözə dəymirdilər.

Həmçinin oxuyun: Suriyadakı azərbaycanlı döyüşçülər barədə sual-cavab

Burada sərhəd nəzarətinin gücləndirilməsi zərurətindən söhbət getsə də, konfransın əsas diqqəti risk qrupuna daxil şəxslər və icmalarla işləməklə radikallaşmanın qarşısının alınması üzərində cəmləşmişdi.

“Rəsmi İslam təhsilinə imkan olmadığından, müsəlman təsisatlarının pərakəndəliyindən və yerli vətəndaş cəmiyyətinin fəaliyyətsizliyindən buralarda sələfi İslamı ideoloji güc toplayır, - Clifford deyir, - Kökdən başlanan, yerli icmalara söykənən proqramlar, hökumət tərəfindən yaradılmış böyük strategiyalardan daha səmərəli ola bilər”.

“Lakin əks-təbliğat proqramları yalnız müsəlmanlar üçün nəzərdə tutulduğundan, adamlar arasında müsəlmanların gözüm-çıxdıya salınması və ya ədalətsiliklə üzləşməsi kimi təsəvvürlər geniş yayılır”.

Bu barədə daha geniş