"Qarabağ"ın rəqibi son turda qalib gəlib

Fotonun müəllifi Getty
Image caption Mövsümün ilk dörd turunda qələbə bilməyən londonlular Sunderland-də üç xal qazanıb

Premyer-Liqada beşinci turda bir çox maraqlı oyun keçirilsə də, Azərbaycan azarkeşlərinin əksəriyyətini turnir cədvəlinin son pillələrində yerləşən komandaların oyunu maraqlandırırdı.

Çünki Sunderland-də meydan sahiblərilə qarşılaşan Tottenham bu həftə Avropa Liqasındakı ilk oyununu “Qarabağ”a qarşı keçirəcək. Və mən Tottenham-ın göstərdiyi oyunu “Qarabağ” azarkeşləri üçün sevindirici adlandırmazdım.

“Qarabağ”ın rəqibi yaxşı əhval-ruhiyyədədir...

Mövsümün ilk dörd turunda qələbə bilməyən londonlular Sunderland-də üç xal qazandılar və ağdamlılarla oyun ərəfəsində çox yaxşı əhval-ruhiyyədədirlər. Bu isə futbolda çox vacib bir amildir.

Lakin Tottenham “Qarabağ”a qarşı əhval-ruhiyyədən başqa da bir sıra önəmli futbol xüsusiyyətini qoya bilər.

“Mahmızlar” oyunun ilk dəqiqələrindən çox yüksək temp göstərdilər (hətta Premyer-Liqa üçün də çox yüksək) və topa nəzarət edirdilər. Və bu oyun üsulu öz bəhrəsini 82-ci dəqiqədə verdi ki, həqiqətən də gözəl çoxgedişli kombinasiyadan sonra Mason, qapıçı ilə üz-üzə qalaraq qələbə topunu vurdu.

Maraqlısı odur ki, hətta bundan sonra da londonlular topa elə nəzarət edirdilər ki, meydan sahiblərinə heç bir dəfə də ciddi hücum təşkil etməyə imkanını vermədilər.

...amma əla oyun da göstərmir

Bununla belə, İngiltərə şərhçiləri qeyd edirlər ki, Tottenham hələ də hücumda o qədər yaxşı görünmür.

Ölkənin ən yaxşı hücumçularından biri (bəziləri isə onu ümumiyyətlə ən yaxşısı adlandırır) Harry Kane hücum xəttində kifayət qədər dəstək almır, bu səbəbdən yalqız görünür və rəqib qapısı qarşısında təhlükə yarada bilmir.

Kane-ə bu dəstəyi vermək üçün yenicə 22 milyon funt sterlinqə alınan Cənubi Koreyalı Son Heung-min bu oyunda ona bəslənən ümidləri doğrultmadı və bir saat oynadıqdan sonra əvəz edildi.

Bununla belə, baş məşqçi Mauricio Pochettino bildirdi ki, o, Sonun oyunundan razıdır və koreyalı komanda üçün çox lazımlı oyunçudur.

Əslində hər bir məşqçi komandasındakı əhvalı korlamamaq üçün belə sözlər deməlidir və bu, argentinalının öz işini yaxşı bilməsinin daha bir göstəricisidir.

Məğlubiyyətin günahkarı? Kompüter!

Bu turda daha bir məşqçi öz maraqlı sözlərilə azarkeşlərin diqqətini cəlb etdi.

Chelsea-nın sükanı arxasında duran Jose Mourinho Evertona 1:3 hesablı məğlubiyyətdən sonra dedi ki, uduzmaqlarına səbəb... korlanmış komputer imiş.

Mourinho həmin səbəbdən oyun günü oyunçuları ilə taktiki məşğələ keçirə bilmədiyini və buna görə Chelsea futbolçularının düzgün oynamadığını dedi.

O, həm də bəxtsizlikdən şikayətlənərək söylədi ki, rəqibin Chelsea-nın qapısına vurduğu hər bir zərbə qolla nəticələndiyi halda, londonlular yaratdıqları çoxsaylı imkanlardan istifadə edə bilmirlər.

Lakin statistikaya nəzər salanda Mourinho-nun yumşaq desək, həqiqətdən bir qədər uzaq olduğunu görmək olar. Belə ki, bu oyunda Everton Chelsea-nın qapısı çərçivəsinə doqquz zərbə vurduğu halda, londonlular buna cəmi iki zərbə ilə cavab verə bildilər və bu mövsümdə Premyer-Liqada ən çox qol buraxan komanda oldular.

Burada Evertonun hücumçusu Steven Naismith-i qeyd etməmək mümkün deyil.

Oyunun 9-cu dəqiqəsində zədələnmiş Məhəmməd Beşiçın əvəzinə meydana çıxan Naismith klassik het-trik (qolların biri başla, biri sağ, biri isə sol ayaqla vurulan) yaratdı və Mourinho-nun başçılıq etdiyi zaman ərzində Chelsea-nın qapısına üç müxtəlif oyunda qol vuran yeganə futbolçu oldu.

Gözlənilən lider və gözlənilməyən izləyici

Naismith bu turda meydana ehtiyyat skamyasından çıxıb, komandasına qələbə gətirən yeganə oyunçu olmadı.

Turnir cədvəlinin ilk iki pilləsini tutan Manchester City ilə Crystal Palace-ın qarşılaşmasında hesab son dəqiqələrədək açılmamışdı və qonaqların baş məşqçisi Mauricio Pellegrino 89-cu dəqiqədə meydana18 yaşlı nigeriyalı hücumçu Kelechi İheanacho-nu buraxdı.

Və iki dəqiqədən sonra bu cavan oğlan qapıçı meydançasında cəld tərpənərək Samir Nasrinin zərbəsindən sonra qaytarılan topu qapıya göndərə bildi.

Bununla Manchester City qapısından qol buraxmadığı dalbadal qələbələr seriyasını beşə çatdıra bildi və turnir cədvəlindəki ən yaxın izləyicilərini artıq dörd xal qabaqlayır.

Bu izləyici isə gözlənilmədən Leicester City-dir. Bu turda Leicester Aston Villanı qəbul edirdi və birmingemlilər 63-cü dəqiqədə hesabı 2:0 öz xeyirlərinə edəndə çoxlarına elə gəldi ki, Leicester mövsümdə ilk məğlubiyyətilə üzləşməli olacaq və mövsümün əvvəlindəki bu balaca klub üçün bir növ nağılabənzər göstəricilər bir nağıl kimi də reallıqa tab gətirməyəcək.

Lakin meydan sahibləri inanılmaz əzm göstərdilər və son 20 dəqiqə ərzində üç qol vuraraq, inanılmaz bir qələbə qazandılar.

Oyundan sonra Aston Villanın baş məşqçisi Tim Sherwood-a baxanda həyatımda ilk dəfə “bıçaq vursan, qan çıxmazdı” atalar sözünün hansı hallarda deyildiyinin şahidi oldum.

“Mən heç vaxt özümü belə pis hiss etməmişəm. Heç vaxt”. Bu, Sherwood-un sözləridir. Nə edəsən, Tim, futboldur. Kiminsə udması üçün, kimsə də uduzmalıdır... Təəssüflər olsun ki, həyatda da elədir.

Pulun vacib olub-olmaması...

Bu turda ən çox gözlənilən oyun Old Traffordda keçirilirdi.

Orada Manchester United əzəli rəqibi Liverpool-u qəbul edirdi ki, bu da bineyi qədimdən İngiltərə futbolunun ən maraqlı oyunlarından sayılır.

Amma bu qarşılaşmanın birinci hissəsində komandaların ikisi də olduqca maraqsız və aşağı səviyyəli oyun göstərdi.

Nəticədə ilk 45 dəqiqə ərzində qapı çərçivələrinə bir dənə də zərbə vurulmadı ki, bu da Premyer-Liqada görünməmiş bir hadisədir. Lakin ikinci hissədə vəziyyət dəyişdi və meydan sahibləri inanılmaz keyfiyyət göstərərək, Liverpool-un qapı çərçivəsinə vurduğu üç zərbənin üçünü də qollara çevirə bildilər.

Qonaqlar buna dörd zərbə ilə cavab versələr də, bu mövsümdə ilk dəfə meydana çıxan United-in qapıçı David De Gea özünün yüksək səviyyəsini bir daha təsdiq edərək, onlardan cəmi birini buraxdı ki, Bentekenin öz başı özərindən vurduğu bu zərbə həqiqətən də qarşısıalınmaz idi.

Mançesterlilərin heyətində ilk oyununu keçirən 19 yaşlı fransız Anthony Martial da bu oyunda gözəl bir qol vurdu - fərdi keçiddən sonra. Maraqlıdır ki, bu, onun Premyer-Liqada rəqib qapısına vurduğu ilk zərbə idi. Deyəsən Martial-ə xərclənən 36 milyon funt boşa çıxmayacaq...

Nəticədə United 10 xalla turnir cədvəlində üçüncü yerə çıxdı. Stoke City-yə 2:0 hesabı ilə qalib gələn Arsenalın da 10 xalı var və burada Mesut Özilin böyük əməyi var. Belə ki, Özil bu il Premyer-Liqa oyunlarında 76 qol vəziyyəti yaradıb ki, bu da istənilən başqa oyunçunun yaratdığından daha çoxdur.

Biraz da digər oyunlar haqqında. Premyer-Liqanın ən gənc məşqçilərinin qarşılaşmasında 34 yaşlı Alex Neil-in Norwich-i 37 yaşlı Eddie Howe-nun Bournemouth-una 3:1 hesabı ilə qalib gəldi.

Watford Swansea-ni 1:0 hesabı ilə məğlub etdi və bu, qələbə qolunun müəllifi Odion İghalo-nun bu ilin əvvəlindən vurduğu 18-ci qol oldu ki, bu da İngiltərənin bütün dörd liqa arasında ən böyük göstəricidir.

Və nəhayət West Bromwich Albion Southampton-la oyunu 0:0 hesabı ilə bitirdi.

Baş məşqçi Tony Pulis yanvarda West Bromwich-ə gəldikdən sonra bu komanda artıq 13-cü dəfədir ki, oyunda qapısını toxunulmaz saxlayır ki, bu da Premyer-Liqada həmin müddət ərzində ən yaxşı göstəricidir. Aparıcı klubların bütün ulduzları və milyonlarına baxmayaraq...

Bu barədə daha geniş