Şirin Abbasova "30 sutka həbs cəzası" verilib

Fotonun müəllifi Meydan TV

Meydan TV ilə əməkdaşlıq edən Şirin Abbasov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldıqdan sonra ona 30 sutka azadlıqdan məhrumetmə cəzası verilib, Meydan TV xəbər verir.

Bundan əvvəl isə vəkil Elçin Sadıqov BBC Azərbaycancaya deyib ki, Şirin Abbasovla görüşmək cəhdi alınmayıb.

"Saat 16:00-da idarəyə yaxınlaşaraq Şirin Abbasovla görüşmək istədiyimi dedim. Bildirdilər ki, rəis yoxdur deyə görüş baş tutmayacaq. Rəisə teleqram vurmuşam", cənab Sadıqov bildirib.

Şirin Abbasovda dünən günorta saatlarından bəri "xəbər olmadığı" bildirilirdi.

Bu məlumatla bağlı Daxili İşlər Nazirliyinin söçüsü "araşdırma apardıqdan sonra açıqlama veriləcək" deyib.

Şirin Abbasovun 19 yaşı var. O həm də bloqqerdir.

Dünən Meydan TV ilə əməkdaşlıq edən 22 yaşlı Aytac Əhmədova da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən saxlanılıb. O bir neçə saat sonra azad edilib.

Sentyabrın əvvəlində müxalif meylli Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağrılaraq dindirilib.

Meydan TV-nin təsisçilərindən biri Həbib Müntəzir deyib ki, media qurumu hazırda "çətinliklə də olsa fəaliyyətini davam etdirir".

"Bizim üçün əsas olan işçilərimizin təhlükəsizliyidir", o əlavə edib.