İlham Əliyev Azərbaycanda təzyiqləri etiraf edibmi?

Fotonun müəllifi Getty Images

Prezident İlham Əliyevin sözçüsü BBC Azərbaycancaya deyib ki, QHT-lərin fəaliyyəti ilə bağlı "aparılan işlərin siyasi proseslərlə heç bir əlaqəsi yoxdur".

Bu, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (Extractive Industry Transparency Initiative – EITI) qurumunun sədri Clare Short-un BBC Azərbaycancaya müsahibəsində dediklərinə Prezident Əliyevin mətbuat xidmətinin cavabıdır.

Ötən həftə İlham Əliyevlə görüşəndən sonra Clare Short bildirib ki, Prezident Əliyev vətəndaş cəmiyyətinə təzyiqləri "regiondakı bəzi qeyri-sabitliklə" əlaqələndirir.

Xanım Shortun BBC Azərbaycancaya dediyinə görə, cənab Əliyev onunla söhbəti zamanı belə deyib: "Hə, biz vətəndaş cəmiyyətinə məhdudiyyətləri Ukraynada "Maydan" və regionda baş verən başqa hadisələrə görə qoymuşuq".

"Azərbaycanda Qeyri Hökumət Təşkilatları sərbəst fəaliyyət göstərir", Prezidentin mətbuat katibi Azər Qasımov deyib. "Milli QHT Forumu həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəal əməkdaşlıq həyata keçirir".

Onun sözlərinə görə, Azərbaycanda bəzi QHT-lər "mütəmadi olaraq qanunun tələblərini pozur, QHT yaradan şəxslərin özləri isə şəxsi varlanmaq məqsədi güdür və digər qanuna zidd hərəkət edirlər ki, bunu da vətəndaş cəmiyyətində pozuculuq fəaliyyəti kimi qiymətləndirmək olar".

QHT fəaliyyəti ilə bağlı qanunvericilkdəki "boşluqlar" bəzi QHT-lər tərəfindən qanun pozuntularının törədilməsi üçün şərait yaradırdı, o deyib, "qanunvericiliyə dəyişikliklər də buna görə həyata keçirilib".

"Əsas məqsəd QHT fəaliyyətinin tam şəffaflığının təmin olunmasından ibarətdir. Qeyd edirəm ki, bu istiqamətdə aparılan işlərin siyasi proseslərlə heç bir əlaqəsi yoxdur. QHT-lərin fəaliyyətində şəffaflığın təmin edilməsi ideyası elə EITI-nin ideyası ilə üst üstə düşür", Azər Qasımov əlavə edib.

Clare Short İlham Əliyevlə söhbəti barədə

BBC Azərbaycancaya müsahibəsində EITI sədri Clare Short İlham Əliyevlə danışdığı məsələləri qeyd edib.

Tam müsahibəni oxumaq üçün bu linkə daxil olun.

______________________________________________________________________

Fotonun müəllifi AFP
Image caption Clare Short ötən həftə Bakıda İlham Əliyevlə görüşüb.

Clare Short: "Mən ona dedim ki, Azərbaycan mədən sənayesi şəffaflığı təşəbbüsünü ilk tətbiq edən ölkələrdən olub. Lakin indi vətəndaş cəmiyyətinin azadlığı üzərinə qoyulmuş məhdudiyyətlər EITI-nin qaydalarını pozur. Biz insan haqlarını tətbiq edən qurum deyilik, lakin bizim qaydalarımız, şurada hesabatlılıq və ölkə boyunca informasiya mübadiləsi sahəsində vətəndaş cəmiyyətinin fəaliyyətini tələb edir. Azərbaycandakı bir sıra məhdudiyyətlər isə o deməkdir ki, EITI-dəki vətəndaş cəmiyyəti nümayəndələri sərbəst fəaliyyət göstərə bilmirlər.

O isə dedi: "Hə, biz vətəndaş cəmiyyətinə məhdudiyyətləri Ukraynada "Maydan" və regionda baş verən başqa hadisələrə görə qoymuşuq. Amma mən fəxr edirəm ki, 2003-cü ildə Londona gedib EITI-yə bizim ölkəmizin imzasını atmışam. Mən istərdim ki, biz bu təşkilatda qalaq. Əgər bizə kimsə problemlərin nə olduğunu konkret şəkildə izah etsə, mən onların aradan qaldırılmasına göstəriş verərəm ki, vətəndaş cəmiyyəti EITI-nin tərkibində azad fəaliyyət göstərə bilsin".

BBC: Bu çox maraqlıdır, çünki ilk dəfədir ki, prezident Əliyev "məhdudiyyət" sözünü bir növ təsdiq edib. Adətən deyirdilər ki, konkret fərdlərə və QHT-lərə qarşı hücumlar edilməyib, qanunla cinayət işləri qaldırılıb. Deməli əslində o bunları etiraf edib?

Clare Short: O regiondakı sabitsizlikdən danışdı və dedi ki, məsələn, “Molotov kokteyli” kimi işlərlə bağlı bəzi adamlar həbs ediliblər. Mən belə hadisələr barədə heç nə bilmirəm. O bunu çatdırmağa çalışdı ki, təqiblər ölkəni sabitsizləşdirməyə çalışan adamlara görə olub. Lakin o, EITI daxilində vətəndaş cəmiyyətinin azadlığını məhdudlaşdırmaq istəmir. O belə dedi.

Bu barədə daha geniş