MTN: "Mediada yalan, böhtan və təhqir xarakterli informasiyalar yayılıb"

Fotonun müəllifi mtn.az

Milli Təhlükəsizlik Nazirliyi qurumun barələrində cinayət işi açılmış yüksək rütbəli və vəzifəli əməkdaşları barədə mediada paylaşılan məlumatları "şayiə" adlandırıb.

Nazirliyin açıqlaması, MTN-nin sabiq naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsi və nazirliyin yeddi vəzifəli şəxsi barəsində həbs-qətimkan tədbiri seçilməsindən sonra gəlir.

Nazirlik bildirib ki, informasiya vasitələrində əməkdaşlarının həbs olunması və ya onların xidmətlə bağlı olmayan fəaliyyətləri barədə "yoxlanılmamış və həqiqətə uyğun olmayan, şayiə xarakterli məlumatlar" yayımlanır.

"Bu cür yalan, böhtan və təhqir xarakterli informasiyaların yayılması yolverilməzdir. Milli Təhlükəsizlik Nazirliyi ölkədə sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə fəaliyyətini əzmlə davam etdirir, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün əmr və göstərişləri dərhal və vicdanla yerinə yetirilir," məlumatda qeyd olunur.

Həmçinin oxu: Azərbaycan hakimiyyəti daxilində nə baş verir?

MTN-nin açıqlamasında, həmçinin, vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol vermiş yeddi vəzifəli şəxs barəsində Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin başlandığı da bildirilir.

Açıqlamada həbs olunan əməkdaşların adları verilməyib.

Daha öncə Baş Prokurorluğun məlumatında bildirilib ki, onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Ötən həftəsonu Milli Təhlükəsizlik naziri Eldar Mahmudov prezidentin sərəncamı ilə nazir vəzifəsindən azad olunub. Onun yerinə hələ ki, yeni nazir təyin edilməyib.

Oktyabrın 20-də prezident İlham Əliyev MTN strukturunda dəyişiklik edəcək fərman imzalayıb və MTN-də birinci müavinlik postu yaradılıb.

Elə həmin gün 2011-ci ildən Ədliyyə Nazirinin müavini və Penitensiar xidmətin rəisi vəzifəsini icra etmiş Mədət Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.

Oktyabrın 21-də isə prezidentin sərəncamı ilə Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Bu barədə daha geniş