Mətbuat icmalı: Orduda "Açıq qapı" günü

Fotonun müəllifi Getty

Azərbaycan

Orduda "Açıq qapı" günü

Qəzet oktyabrın 25-də Müdafiə Nazirliyinin Gəncə və Qusar şəhərlərindəki hərbi hissələrdə təşkil etdiyi “Açıq qapı” günü barədə üç xəbər dərc edib. Qusar şəhərindəki “N” hərbi hissəsindəki “Açıq qapı” günü barədə xəbərdən:

“Açıq qapı” günü Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən keçirilib.

Hərbi hissəyə gələn əsgər valideynləri və yaxınları şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olub. Onlara xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanası və yeməkxanasına baş çəkmək imkanı yaradılıb.

Hərbi hissə ilə tanışlıq zamanı əsgər valideynləri və yaxınlarına xidmət şəraiti, əsgərlərin gündəlik yaşam tərzi, qida rasionu barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tanışlıqdan sonra zabit heyəti, valideynlər və əsgərlər birlikdə nahar süfrəsinə əyləşiblər. Hərbi qulluqçular valideyn və yaxınlarını əsgər yeməyinə qonaq edib.

Hərbi hissə ilə tanışlıq zamanı valideynlər güclü ordusu olan Azərbaycanla fəxr etdiklərini söyləyib, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.”

İlham Əliyev: "Biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər"

Prezident İlham Əliyev Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirakı zamanı bildirib ki, bu gün Azərbaycanda biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. “Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilib, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır.”

O həmçinin “bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklərin göstərildiyini, onların işinə müdaxilələr olduğunu, onlara qarşı əsassız tələblər irəli sürüldüyünü, qanunsuz ödəmələr tələb olunduğunu bildirib və əlavə edib ki, bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək.

Azərbaycan Prezidenti vurğulayıb ki, bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin.”

Vergilər Naziri: “Kiçik dövriyyəyə malik sahibkarlıq subyektlərinə münasibətdə vergi xidməti ...tərəfdaş kimi çıxış etməlidir”

“Vergilər Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında Vergilər Nazirliyinin qarşısında qoyulmuş tapşırıqlara həsr olunmuş kollegiya iclası keçirilib.

Kollegiya iclasında çıxış edən vergilər naziri Fazil Məmmədov “illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib ki, bu da obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə edəcəkdir...

…Əldə olunmuş nəticələrə baxmayaraq, hələ də vergi orqanlarının fəaliyyətində bir sıra ciddi nöqsanların olduğunu xatırladan F.Məmmədov vergi orqanları əməkdaşlarının etik davranış məsələlərinə nəzarətin artırılması, daxili nəzarət tədbirlərinin gücləndirilnməsinin vacibliyini vurğulayıb. Vergilər naziri korrupsiya və vəzifəsindən sui-istifadə etmə hallarına yol verən əməkdaşlar barədə daha sərt tədbirlərin görülməsi, fəaliyyətində korrupsiyaya cəhd elementləri aşkar edilmiş əməkdaşlara münasibətdə intizam tədbirləri görülmədən onların dərhal işdən azad edilmələri barədə tapşırıq verib.

….Dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafının, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinın vergi orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğunu xatırladan nazir kiçik dövriyyəyə malik sahibkarlıq subyektlərinə münasibətdə vergi xidmətinin nəzarətedici orqan kimi yox, daha çox tərəfdaş kimi çıxış etməli olduğunu, sahibkarlara bir addım daha yaxın olmağı, kiçik məbləğli cərimələrin tətbiqinə yol açan halların aradan qaldırılıması üçün ilk növbədə vergi orqanlarının xidmət strukturlarının daha fəal işləməli olduğunu vurğulayıb.

…Dövlətdən sosial yardım alan vətəndaşların bəyannamə təqdim etməməsi kimi hallara görə cərimələnməsinin yolverilməz olduğunu bildirən nazir bəyannamələrin vaxtında təqdim olunmasına köməklik göstərilməsi yolu ilə xidmət rəhbərlərindən belə halların tamamilə aradan qaldırılmasını tələb edib.

…F.Məmmədov ölkə prezidentinin 30 min iş yerinin bağlanması ilə bağlı iradlarına toxunaraq bildirib ki, iş yerlərinin bağlanması səbəbləri vergi orqanları tərəfindən də ciddi araşdırılmalı və iş yerlərinin bağlanmasının qarşısını almaq üçün üzərlərinə düşən bütün vəzifələri yerinə yetirməli, digər tərəfdən işçilərin müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi, vergidən yayınmaq məqsədilə iş yerlərinin sayının süni surətdə azaldılması halları aşkar edildikdə buna qarşı sərt tədbirlər görülməlidir.”

Yeni Müsavat

Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) "MTN işi" ilə bağlı yoxlamalar davam edir

Bildirilir ki, “artıq BTRİB-in baş direktor müavini Əhməd Mehdiyevin də fəaliyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yoxlanılır.

Əldə etdiyimiz məlumata görə, Ə.Mehdiyevlə qurumun texniki direktorunun müavini Qalib Xəlilovun (onlar həm də yeznə-qayındılar-red.) qısa müddət ərzində böyük sərvətə sahib olması, hər iki məmuru diqqət mərkəzinə gətirib.

Belə ki, məlumatlara görə, Ə.Mehdiyev qayını Qalib Xəlilovun əli ilə qeyri-qanuni tikintilər aparıblar. Məsələ ilə bağlı araşdırmanın aparıldığı bildirilir.

Qeyd edək ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra, onun qohumu BTRİB-in rəhbəri Beytulla Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Daha sonra isə o, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən azad olunub.”

Azadlıq

Əsədin Moskva səfərinin təşkilində Azərbaycan izi

“Suriya diktatoru, 4 ildir davam edən vətəndaş müharibəsində yüz minlərlə vətəndaşının ölümünə bais olan Bəşər Əsədin oktyabrın 20-də Moskvaya qəfil səfərinin necə təşkil olunduğunu rəsmi mənbələr açıqlamayıb. Əsəd 4 ildə ilk dəfə Suriyadan çıxmışdı. Lakin necə ola bilər ki, Suriya diktatoru hava məkanında xarici hərbi aviasiyanın qaynaşdığı ölkəsindən çıxa bilib?

Isveçrənin “Le Temps” qəzeti yazır ki, rusiyalı aviablogerlərin əldə etdikləri məlumatlara görə, Əsədin Moskva səfərinin təşkili əsl casus filmlərinin epizodunu xatırladır.

“AlexFly35″ şərti adlı blogger Rusiya prezidenti Vladimir Putinin suriyalı müttəfiqini Moskvaya gətirmək və geri qaytarmaq üçün hansı resursları işə saldığını müəyyənləşdirib. Blogger ”Flightradar” saytından və öz mənbələrindən əldə etdiyi məlumatlar əsasında Bəşər Əsədin Suriyanın Latakiyə şəhərindən Moskvaya və geriyə yolunu izləyə bilib.

Oktyabrın 20-də səhər saatlarında Bəşər Əsəd Rusiyanın Latakiyədəki aviabazasına gedib. Orada o, Moskva ətrafında yerləşən Çkalovsk hərbi aerodromundan göndərilmiş İl-62 təyyarəsinə minib. “Prezident salonu” və xüsusi rabitə vasitələri ilə təchiz edilmiş bu təyyarə İraq və İranın hava məkanından keçib. Daha sonra Xəzər dənizi üzərindən uçub və Həştərxan istiqamətindən Rusiyanın hava məkanına daxil olub.

Çkalovsk aerodromunda təyyarə Moskva vaxtı ilə 14:20-də yerə enib. Kremldə Putinlə görüşəndən dərhal sonra Əsəd yenidən Çkalovsk aerodromuna aparılıb və orada eynilə həmin təyyarənin bənzərinə minib. Təyyarə həmin marşrutla geri qayıdıb.

Oktyabrın 21-də Rusiya hakimiyyəti Bəşər Əsədin Moskvaya səfər etdiyini açıqlayanda Suriya diktatoru artıq Latakiyə aerodromuna qayıtmışdı.

Rusiya xəlvəti olaraq Suriyaya hərbi ləvazimat və aviabaza qurmaq üçün lazım olan vasitələr daşıyanda da bu aviadəstənin təyyarələrindən yararlanıb.”

İsveçrə nəşri yazır ki, sentyabrın 8 Bolqarıstan Çkalovsk aviadəstəsinin təyyarələrinə ölkənin hava məkanından keçməyi qadağan edib. Təyyarələrin bəziləri yoldan geri qayıtsa da biri Bolqarıstanın hava məkanından keçə bilib.

“Bu insidentə görə Bolqarıstanın aviasiya xidmətinin işçiləri soyuq tər tökməli olublar.”

Rusiya diplomatik kanallarla yeni marşrutu razılaşdırmağa məcbur olması da məhz Bolqarıstanın hava məkanını bağlamasından sonra baş verib. “Moskva Azərbaycan, İran və İraqı Rusiyanın Suriya əməliyyatlarına mane olmamağa inandırıb. Suriyaya göndərilən Rusiya bombardmançıları bu ölkələrin hava məkanından keçməklə Latakiyə aerodromuna enib.

…Yazıda xüsusi vurğulanır ki, Azərbaycan tərəfi onun hava məkanından keçəcək təyyarədə Əsədin olmasını bildiyi halda buna etiraz etməyib. Bəs, Azərbaycanın hazırda dünyada olduqca neqativ imicə sahib bir şəxsin onun ərazisindən keçməsinə etiraz etməməsi hansı fəsadlar yarada bilər?”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli məsələyə münasibət bildirərək deyib ki, Azərbaycanın daha öncə Xəzər dənizindən Suriyanın vurulmasına cəlb edilməsini də beynəlxalq aləm birmənalı qarşılamamışdı. Azərbaycanın bu münaqişədə Rusiyanın yanında görünməsinin ölkənin beynəlxalq imici baxımından heç də xoşagələn hal deyil. “Suriyanın Xəzərdən vurulması, Türkiyənin və NATO-nun mövqeyini nəzərə alsaq, Azərbaycan üçün yaxşı perspektivlər vəd etmir. Bunun ardınca Əsədin Azərbaycan üzərindən Rusiyaya uçması bu tendensiyanın davamıdır”.

“Əsədin Rusiyaya ən qısa uçuş marşrutunun Türkiyə üzərindən keçdiyini deyən G.Hacıbəyli vurğuladı ki, Türkiyə buna icazə verməyib. Belə olan halda Əsəd Azərbaycan üzərindən Rusiyaya uçmağa məcbur olub: “Bu heç də xoşagələn hal deyil. Azərbaycanın siyasi hakimiyyətinin bu məsələdə Rusiyaya ”yox” deyəcək qədər iradəsi yoxdur. Buna görə Azərbaycan Rusiyanın tələbləri qarşısında geri çəkilməyə məcbur olub. Bu dövlət beynəlxalq hüquqla hesablaşmır. Eyni zamanda Azərbaycan hakimiyyətinin Rusiya ilə sıcaq münasibətləri də var. Bütün bunlar göz önündədir və qərara təsir edən faktorlardır”.”

İkisi general olmaqla daha 4 MTN rəsmisi işdən çıxarılıb

"Trend-in məlumatına görə, MTN-in Antiterror Mərkəzinin idarə rəsinin müavini, polkovnik Nail Tağızadə, Kadrlar Baş Idarəsinin yüksək rütbəli əməkdaşı Aysel Əlizadə, o cümlədən, Nazirliyin Astara rayon şöbəsinin rəisi vəzifələrindən azad edilərək sərəncama götürülüblər.

Işdən azad edilərək sərəncama götürülən Aysel Əlizadə MTN-in Kadrlar Baş Idarəsinin rəisi, general-mayor Əlimusa Əliyevin yaxın qohumudur.

MTN-in birinci müavini Mədət Quliyevin əmri ilə general-mayor Vüqar Zülfüqar oğlu Allahquliyev də MTN-in hərbi hissəsinin komandiri vəzifəsindən azad edilib. Vüqar Allahquliyev eks-nazir Eldar Mahmudovun ikinci həyat yoldaşının dayısı nəvəsidir.

Allahquliyev Azərbaycanda ən gənc generaldır. 36 yaşlı Vüqar Allahquliyevə bu ilin mart ayında General-mayor ali hərbi rütbəsi verilib. 2007-ci ildə o prezidentin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə də təltif olunub.

MTN-in kiçik və orta sahibkarlara təzyiq göstərməkdə ittiham olunaraq məsuliyyətə cəlb edilən yüksək rütbəli əməkdaşlarının həbsi dalğası artıq başqa güc strukturlarına da çatıb".

Bu barədə daha geniş