Parlament seçkilərindən nə gözləyək?

Fotonun müəllifi AFP

Ölkədə seçki atmosferi hiss olunmur. Namizədlər seçicilərlə şadlıq sarayları və ya uçuq-sökük binalarda, məhəllələrdə görüşürlər.

Hakim partiya cüzi dəyişiklik etsə də, “döyüşə qocalarla gedir”, aparıcı müxalifət partiyalarından biri isə seçkini boykot edib.

Azərbaycan hökuməti və Avropada seçkini müşahidə edən əsas beynəlxalq qurum arasında münasibətlər gərgin vəziyyətdədir və ATƏT-in məsul qurumu seçkilərə müşahidəçi göndərməkdən imtina edir.

Noyabrın 1-də Azərbaycanda Parlament seçkiləridir və ölkə seçkilərə necə gedir?

YAP-in “köhnə qvardiyası” və beynəlxalq aləm

Fotonun müəllifi AFP

Müstəqil Azərbaycanda Parlament seçkiləri 1995-ci ildən keçirilir. Bütün seçkiləri də hakim YAP qazanıb. Builki seçkini də onların qazanacağı şübhə doğurmur. 2010-cu ildən etibarən Milli Məclisdə əsas müxalifət partiyaları təmsil olunmur.

Hakimiyyətin təbirincə desək, hazırda parlamentdə olan müxaliflər konstruktiv, kənarda qalanlar isə destruktiv, yəni dağıdıcılardır.

Müxalifət funksionerlərinin və müstəqil ekspertlərin rəyinə görə isə bunlar “cib müxalifəti”dir, yəni dünya ictimaiyyəti qarşısında görüntü yaratmağa xidmət edirlər.

YAP 1993-cü ildən bugünədək ölkədə keçirilən bütün seçkiləri qazanıb. Bunun hər dəfəsində də, seçkilərin nəticələri birmənalı qarşılanmayıb.

Seçkini müşahidə etmiş beynəlxalq qurum və təsisatlar nəticələri kəskin şəkildə tənqid etsələr də, dünyanın aparıcı dövlətlərinin liderləri hakim partiyanı, onun liderini təbrik edib və onunla işləmək istəklərini açıq bildiriblər.

Amma Azərbaycan hakimiyyəti Qərb təsisatlarının seçkilərin demokratik şəraitdə keçirilməsi istiqamətində islahatlar aparması təklifini birmənalı şəkildə qəbul etmir. Və tərəflər arasındakı anlaşılmazlıq öz “bəhrəsini” verdi.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTIHB) noyabrın 1-də Azərbaycanda keçiriləcək Parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina etdi.

Büro bu seçkilərə ekspertlər qrupu, 30 uzunmüddətli, 350 nəfər də qısamüddətli müşahidə missiyası göndərməli idi.

Amma Azərbaycanın ATƏT-dəki Daimi Missiyası ilə müzakirələrdə məlum olub ki, Azərbaycan hakimiyyəti yalnız 6 nəfər uzunmüddətli, 125 nəfər də qısamüddətli müşahidəçi göndərilməsini tələb edir.

Bakı bu tələbində israr etdiyindən, Büro bu seçki üçün Azərbaycana müşahidəçi göndərməmək qərarına gəlib.

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, Azərbaycanda demokratik institutların yaradılması ilə bağlı rəsmi Bakıya hansısa mesajların verilməsinin perspektivinə Qərb təşkilatları, beynəlxalq qurumlar inanmır.

“Qonşularımız –Gürcüstan tam demokratik seçki keçirir, Ermənistanda əksər müxalif partiyaları parlamentdə təmsil olunur, özünə elektorat toplayır. Azərbaycan isə Avropadan uzaqlaşır.”

ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyevə görə, ATƏT seçkilərə gəlsə də, gəlməsə də, bunun seçkinin nəticələrinə heç bir təsiri yoxdur.

“Onlar 400-dən artıq müşahidəçi ilə təmsil olunmaq istəyirdilər. Biz isə təklif etdik ki, seçki ilə əlaqədar Azərbaycanda kifayət qədər xarici müşahidəçi olacaq, onların hamısını eyni şəkildə qəbul etmək müəyyən texniki çətinliklər yarada bilər, bəlkə müşahidəçilərin tərkibinə yenidən baxılsın. Lakin onlar bunu məqbul hesab etmədilər.”

AXCP getmir, Müsavat gedir

2013-cü il prezident seçksindən sonra AXCP və Müsavat arasında münasibətlər kəskinləşdi. Tərəflər bir-birini istər mətbuat, istərsə də kuluarlarda, partiya iclaslarında ittiham etməyə başladılar.

Münasibətlərin bu formada kəskinləşməsi onu göstərirdi ki, ölkənin aparıcı iki müxalifət partiyası öncəki illərdən fərqli olaraq, bu dəfə seçkiyə eyni bayraq altında getməyəcək. AXCP seçkiləri boykot edir.

Partiya funksioneri Rahim Hacıyevin sözlərinə görə, AXCP demokratik qüvvələrin Milli Şurasının tərkibində fəaliyyət göstərən partiya kimi seçkilərdə iştirakla bağlı təkbaşına qərar vermədi.

“Ölkədə müstəqillik dövründə anoloqu olmayan represiyaların aparılması, 100-dən artıq siyasi məhbusun olması, demokratik seçkilərin keçirilməsinə imkan verməyən seçki qanunvericiliyin olmaması, seçki komissiyalarının tamamilə hakimiyyətin nəzarətində olması, müxalifətin siyasi fəaliyyətinin sərt şəkildə məhdudlaşdırılması, toplaşma azadlığına imkan verilməməsi, mövcud şəraitdə seçkidə iştirak imkanını istisna edirdi”, deyir Hacıyev.

AXCP üzvü yeni Parlamentdən də gözləntilərinin olmadığını nəzərə çatdırdı. “Demokratik yolla seçilməyən, xalqın iradəsi əsasında formalaşmayan parlamentə ümid etmək üçün heç bir əsas yoxdur.”

Müsavat Partiyası başqanının müşaviri Azər İsmayıl da yeni parlamentdən ciddi gözləntilərinin olmadığını desə də, boykot taktikasının effekt verməyəcəyi qənaətindədir.

“Seçkilərə qatılaraq hüquqi müstəvidə mübarizəni təşkil edərək ən az güc sərfiyyatı ilə çox böyük nəticələr əldə etmək olar. Doğrudur, bu, böyük ehtimalla, namizədlərimizin deputat olmasına yardım etməyəcək, amma rejimin mahiyyətini, seçki saxtakarlığının masştabını dünya ictimaiyyətinə, məhkəmə çəkişmələri ilə və bir çox başqa üsullarla, açıq şəkildə göstərəcək”.

İqtidar isə fərlqi fikirdədir. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov AzərTac Agentliyinə verdiyi müsahibədə deyir:

"Azərbaycanda seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür.”

Qarabağ və hərbi büdcə

22 illik YAP hakimiyyəti dövründə həll olunmayan əsas məsələlərdən biri də Qarabağ münaqişəsidir. Dövlət başçısı İlham Əliyev çıxışlarında Qarabağı Azərbaycanın “həllini tapmayan yeganə problemi” adlandırır.

Əliyevin, “bizim hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən çoxdur” fikri də mütəmadi səslənir.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Sümərinli hesab edir ki, hakim partiya bütün parlament seçkilərini "saxtakarlıqla" udsa da, Silahlı Qüvvələr üçün xeyli sayda silah, hərbi texnika alınsa da, Qarabağ münaqişəsində eyni uğuru sərgiləyə bilmir. Ekspert hesab edir ki, növbəti 5 il də gərgin olacaq.

“Neft pullarının azalması ordu quruculuğuna, şəxsi heyətin daha az sosial təminatlı olmasına öz təsirini göstərəcək”.

Hakim partiya parlament seçkilərinin saxtalaşdırılması ittihamlarını rədd edir.

Politoloq İlqar Vəlizadənin sözlərinə görə, növbəti 5 ildə Qarabağ münaqişəsinin həlli istiqamətində yeni Parlamentin töhfə vermək imkanı yarana bilər.

Mümkündür ki, yeni Parlamentin tərkibi elə formalaşsın ki, onlar münaqişənin həlli istiqamətində yeni sxem və planları təklif edə bilsinlər.

“Rusiya özü maraqlıdır ki, yaranmış status-kvo dəyişsin. Bu isə Azərbaycan ərazilərinin qaytarılmasından, məcburi köçkünlərin öz evlərinə qaytarılmasından ibarətdir. Qərb isə indiki durumda çox passivdir, sanki təşəbbüsü Rusiyaya verib. Çünki, Qərbin regionda təzyiq mexanizmləri çox zəifdir”.

Neftdən asılı büdcənin gələcəyi və keçmişi

Azərbaycanın dövlət büdcəsinin yaxın 5 ildə əsasən neftdən asılı olacağı daha aydın nəzərə çarpır. Çünki ÜDM-ə nəzər salanda neft sektorundan sonra 2-ci yerdə tikinti, 3-cü yerdə ticarət və xidmət sektoru gedirdi.

Hazırda tikinti yalnız neft sənayesindəki tikintiyə gorə irəlidədir, özəl və dövlət sifarişli tikintidə durğunluq yaşanır, belə ki, büdcədən maliyyələşmə azalıb və bu proses neftin qiyməti artmayanadək davam edəcək. Neftin qiymətinin son 3 ildə artımı mümkün olsa, Azərbaycanda neft hasilatı builki 41 milyon tondan 39 milyon tona qədər azalacaq.

Bu isə gəlirlərin səviyyəsinin artmasına imkan verməyəcək. Başqa bir səbəb isə 2016-2019-ci illərdə Azərbaycanın enerji sektoruna beynəlxalq layihələrin icrası yönümündə təqribən 10 milyard manat investisiya yönəltməsi olacaq.

Azərbaycan 2000-ci ildən etibarən mənfəət neftindən qazanc əldə etməyə başlayıb.

Həmin ilin aprelində rəsmi Bakı Transxəzər qaz kəməri ilə bağlı Türkmənistana olan tələblərini qəfil dəyişdi və öz ərazisindən keçəcək kəmərdə 16 milyard kubmetr kvotalıq pay iddiasi qaldırdı. Bir müddətdən sonra Shell şirkəti Bakıda ofisini bağlamalı oldu.

SOCAR isə qəfildən elan etdi ki, Rusiyadan qaz idxalında maraqlıdır. Beləliklə, 2000-ci ilin oktyabrında ilk Rusiya qazı Azərbaycana axmağa başladı.

2005-ci ildə seçilən Parlament isə, artıq "iri neft gəlirlərinə" hesablanmış bir Məclis idi ki, onun fundamenti 2010-cu ildə dəyişilmədi.

2015-ci ildə həmin deputatların 80 faizinin yenidən Məclisdə oturması real görünür. Yəni tam icra qurumlarından asılı bir parlament və elə maksimum icra qurumlarının təmsil olunduğu parlament.

Hüquq müdafiəçisi Xalid Ağaliyev hesab edir ki, hakimiyyət qolları icra hakimiyyətinin nəzarətindədir. “Parlament icra hakimiyyətinə bağlıdır, hansı qanun layihəsi göndəriləcəksə, qəbul edəcək, hansısa qanunu dəyişin deyiləcəksə, dəyişəcəklər.”

Seçkilərin mediada işıqlandırılması

2010-cu ilin Parlament seçkiləri ərəfəsində bütün namizədlər dairələr üzrə dəvət olunurdu və hər birinə platformalarını təqdim etmək üçün 4 dəqiqəlik efir vaxtı ayrılırdı. Hər namizəd yalnız bir dəfə bu imkandan yararlana bilərdi.

Bu il isə, namizədlərə pulsuz efir vaxtı verilməyib. İctimai Televiziya ən çox baxılan vaxtda siyasi reklam üçün hər saniyəyə 50 AZN qiymət qoyub.

Hazırda millət vəkilinin əmək haqqı 2000 AZN-dir.

Belə ki, hazırkı deputat yenidən namizəd olarsa, təkcə TV çıxışlarına 3 il 2 ayının maaşını xərcləməlidir. Özəl televiziya kanalları isə könüllü olaraq seçki prosesindən kənarda qalıb.