Seçki lüğəti: karusel, "kitayski namizəd" və sairə

Fotonun müəllifi AFP
Image caption 2013-cü il prezident seçkilərində exit-pollar İlham Əliyevin 80 faiz səs topladığını göstərdikdən sonra tərəfdarları küçələrə çıxmışdı. Foto: TOFIK BABAYEV/AFP/Getty Images

Azərbaycanda parlament və prezident seçkilərilə bağlı dünyada qəbul olunmuş seçki terminlərindən istifadə olunur.

Ancaq elə qeyri-rəsmi terminlər də var ki, onlardan yalnız Azərbaycanda istifadə olunur.

Jurnalist Seymur Kazımovun fikrincə, seçki lüğətinə yeni daxil olmuş qeyri-rəsmi terminlər yerli vəziyyətlə bağlıdır.

Vəfat etmiş adamın seçkidə “iştirak etməsi”, topa-topa bülletenlərin atılması, bir nəfərin eyni gündə müxtəlif məntəqələrdə səs verməsi və buna bənzər hallar nəticəsində yeni seçki terminologiyası yaranıb, o deyir və bəzi terminləri izah edir:

Exit poll - Seçki günündə əvvəlcədən təlim keçmiş müəyyən bir qrup səsvermə məntəqəsindən çıxmış vətəndaşlara yaxınlaşır və onlardan kimə səs verdikləri barədə məlumat alırlar. Sorğunu aparan qrup üzvləri təsadüfi seçilən şəxslərə yaxınlaşır. Sorğuda iştirak sərbəst və anonimdr, yəni seçki məntəqəsində olduğu kimi, vətəndaş səs verdiyi blankı qutuya salır. Günün sonunda bu səsvermə nəticələri ilə rəsmi səsvermənin nəticələri müqayisə olunur. Tələffüzü: Eqzit-pol

Karusel- Bütün təyinatlı seçkilərin saxtalaşdırılması üçün ən geniş yayılmış vasitə. Hakimiyyətin öncədən formalaşdırdığı bir qrupun seçki günü ərzində təkrar və bütün məntəqələrdə qanunsuz olaraq səsverməsinə deyilir.

Fotonun müəllifi AFP
Image caption 2013-cü il prezident seçkilərində səslərin hesablanması. Foto: VANO SHLAMOV/AFP/Getty Images

Cib müxalifəti - bu tip “müxalifət” hakimiyyətə loyallığı ilə seçilir. Bəzən ölkədəki real müxalifətə alternativ olaraq yaradılır. Onlar hakimiyyətin icazəsi ilə millət vəkili seçilir, televiziya proqramlarına qatılır, müxalifəti kəskin şəkildə tənqid edir, hakimiyyəti isə qismən-onun icazə verdiyi dozada tənqid edirlər. “Cib müxalifəti” beynəlxalq aləm qarşısında gözdən pərdə asmaq üçün yaradılmış bir “institut”dur. Konkret, bu “müxalifətçilər” hakimiyyətin siyasətinə alternativ qoymurlar, əksinə, onu dəstəkləyirlər.

Proksi səsvermə - “səlahiyyətli nümayəndə”nin səsverməsi. Şəxs özü seçkidə iştirak edə bilmir, onun əvəzindən kimsə bu hüquqdan istifadə edir, yəni tərəflərin razılığı əsasında. Azərbaycanda seçki prosesində belə bir təcrübədən əsasən qeyri-qanuni formada istifadə olunur. Seçki məntəqəsinə gedən şəxs bülleten kağızında adının qarşısında imza atıldığını görür. Aydın olur ki, onun əvəzindən kimsə səs verib. Yaxud, seçici ümumiyyətlə səsverməyə getmir, amma onun adından kimsə bu hüquqdan “yararlanır”.

Onbaşı, yüzbaşı- Onbaşı seçkini saxtalaşdırmaq üçün, yəni topa bülleten atmaq və karusel etmək üçün 10 nəfərə rəhbərlik edən şəxs. "Onbaşı"nın digər funksiyası da müxalif namizədin plakatlarını cırmaqdır. Bir qrup şəhərdə və ya rayonda gəzir, plakatları cırırlar.

Seçki bloku- Seçkiyə birlikdə gedən bir neçə siyasi partiyanın birliyi. Və ya müxtəlif siyasi qurumları təmsil edən şəxslərin birlikdə seçkiyə getmələri.

Proporsional seçki sistemi- şəxsin deyil, partiyanın yüksək səs toplaması.

Majoritar seçki sistemi - çoxluğun səsini qazanan namizəd, yəni 1 millət vəkili həmin dairə üzrə bütün namizədlərdən çox səs topladıqda majoritar qaydada qalib hesab olunur.

“Kitayski” namizəd- Hər seçkidə alternativliyin olması üçün görüntü yaradan, səsləri parçalayan və ya özünü müxalifət kimi göstərən, amma əslində isə hökumətin adamı olan.

“Kitayski” müşahidəçi- qanun pozuntularına rəğmən, hər şeyin tam demokratik və qanunvericilik şəraitində keçdiyini deyən şəxs. Hökumətin istədiyini deyən və hökumət tərəfindən gətirilən yerli və beynəlxalq müşahidəçilər.

Qeyd: Burada “kitayski” ifadəsi konkret olaraq hansısa dövləti deyil, bu dövlətdə - bu halda, Çində istehsal olunan və dünyaya yayılan keyfiyyətsiz əmtəələri nəzərdə tutur. Yəni, orjinal, brend məhsulun keyfiyyətsiz anoloqu yaradılır və dünyaya yayılır.

Həmçinin oxuyun: Parlament seçkilərindən nə gözləyək?

Bu barədə daha geniş