Parlament seçkiləri: xaricdə yaşayan azərbaycanlılar nə düşünür?

Fotonun müəllifi Getty
Image caption Bu ilki parlament seçkiləri əsas müxalifət partiyalarının iştirakı olmadan keçirilir

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər ölkə daxilində, sosial mediada və Azərbaycandan kənarda müzakirə mövzusudur.

Ölkə müstəqillik əldə etdikdən sonra parlamentə ilk seçkilər 1995-ci ildən keçirilib və həmin vaxtan bəri bir qayda olaraq hakim Yeni Azərbaycan Partiyası qalib gəlir.

Keçən parlament seçkilərində namizədlərin televiziya debatı maraq doğursa da, bu seçkilərdə təbliğat kampaniyasına dövlət tərəfindən vəsaitin ayrılması dayandırıldığı üçün, bu cür debatlar keçirilmir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ODİHR) seçkiləri müşahidə etməkdən imtina edib.

Bir sıra müxalif partiyalar isə seçkilərdə iştirak etməmək qərarı verib.

Milli Şuradan sonra Müsavat Partiyası və NİDA Vətəndaş Hərəkatı da seçkilərdə iştirakdan imtina edib. REAL Hərəkatı isə seçkilərin nəticələrini tanımayacağını bildirib.

Bir çox təhlilçilər bu ilki seçki mühitinin əvvəlkilərə nisbətən daha passiv olduğunu və ölkədə seçki ab-havasının mövcud olmadığını hesab edirlər.

Bəs ölkədən kənarda yaşayan azərbaycanlılar nə düşünür, bu ilki seçkilərdə hansısa yenilik müşahidə olunurmu və ya seçkilərdən sonra nə dəyişəcək?

Dəyişikliyə inamsızlıq

Şotlandiyada yaşayan siyasi fəal Fuad Ələkbərovun fikrincə,heç bir şey dəyişməyəcək. Onun sözlərinə görə, "bu seçkilər də hökumətin nəzarəti altında keçiriləcək”.

Image caption Şotlandiyada yaşayan siyasi fəal Fuad Ələkbərov seçkilərin nəyisə dəyişəcəyinə inanmır

Britaniya Leyboristlər Partiyasının üzvü və London Westminister bələdiyyəsinin nümayəndəsi Murad Həsənlinin sözlərinə görə, Azərbaycan prezident respublikası olduğu üçün, parlament həmişə zəif olub.

“Azərbaycanın beynəlxalq əlaqələrindəki dəyişiklər – misal üçün, avronestdən kənarlaşması da Milli Məclisin rolunu zəiflədir,” cənab Həsənli deyir.

İsveçdə yaşayan Güllü Cahangirova da bu seçkilərdən sonra nəyinsə dəyişəcəyinə inanmır: "Mənim fikrimcə bu ilki parlament seçkiləri də heç nəyi dəyişməyəcək. Deputatlar yenə də bir-birinin əvəzinə səs verəcək".

ABŞ-da məskunlaşmış Ülvi İsmayıl deyir ki, bu seçkilərin öncəkilərdən kiçik fərqi ondan ibarətdir ki, keçmişdə həm də deputat olmuş bəzi universitet rektorları bu dəfə “iki vəzifədən birini seçməlidir”.

“Bu, onlara etibarın azalması, onların daha da güclənə bilmələri təşvişindən irəli gəlir,” cənab İsmayıl deyir.

Ankara Universiteti Beynəlxalq Münasibətlər üzrə doktorantura tələbəsi Orxan Qafarlının fikrincə isə, Azərbaycanda parlamentin fəaliyyətinin zəif olmasının əsas səbəblərindən biri, Azərbaycan xalqının parlamentin fəaliyyətinə əvvəlki kimi maraq göstərməməsidir.

O hesab edir ki, mətbuat parlamentin fəaliyyətini yetərli qədər işıqlandırmır və ya buna imkan yaradılmır.

Seçkiləri müşahidə

“ATƏT-in seçkiləri müşahidə missiyasını göndərməməsi, Azərbaycanda həm ictimai rəy baxımından, həm də parlament seçkilərinin heç olmasa şəffaflığının təmin olunması baxımından çox mənfi təsir edəcək,” seçkiləri müşahidə ilə bağlı şərh verən cənab Qafarlı deyir.

Fotonun müəllifi bbc
Image caption Leyboristlər Partiyasının üzvü Murad Həsənli ATƏT-in seçkiləri müşahidə etməmək qərarını yanlış hesab edir

Güllü Cahangirova isə hesab edir ki, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə etməkdən imtina etməsi Azərbaycanın siyasi ab-havasına heç bir dəyişiklik gətirməyəcək.

“ATƏT-in seçkiləri müşahidə etməməməklə bağlı qərarı böyük səhvdir,” Murad Həsənli bildirir. Onun sözlərinə görə, bu qərardan sonra Azərbaycanda keçiriləcək seçkilər ciddi beynəlxalq müşahidə olmadan keçiriləcək.

“Bu qərar seçkilərin nəticəsinə təsir etməyəcək və seçki saxtakarlığı riskini də artıracaq,” o əlavə edir.

Ülvi İsmayılsa hesab edir ki, ATƏT əvvəlki seçkiləri müşahidə edən beynəlxalq müşahidə institutları arasında prosesi daha çox tənqid edən uzunmüddətli müşahidə missiyası olsa da, son nəticələrə heç bir təsiri olmayıb.

“Azərbaycanın nümunəsində bu tənqidlərin əvvəllər də heç bir təsiri və əhəmiyyəti yox idi və olmur. Üstəlik də seçki pozuntuları son illərdə xeyli püxtələşib. [ATƏT müşahidəçiləri] gəlsələr də, çox şeyi “görməyəcəkdilər” və yola verəcəkdilər,” o əlavə edir.

“Siyasi məhbuslar” məsələsi

Cənab İsmayıl hesab edir ki, seçkilərdən sonra siyasi məhbus hesab edilən şəxslərin azad edilməsi ehtimalı da yoxdur. “Bu xəyallar gərək artıq keçmişdə qalsın,” o bildirir.

Fotonun müəllifi Gullu Djangirova
Image caption Güllü Cahangirova seçkilərdən sonra hər hansı siyasi məhbusun azadlığa çıxacağını gözləmir

Güllü Cahangirova da, “seçkilərdən sonra hər hansı siyasi məhbusun azadlığa çıxacağını gözləmədiyini” deyir.

Orxan Qafarlı isə seçkilərdən sonra “bu istiqamətdə bəzi addımların atılacağına” ümid etdiyini söyləyir: “Digər tərəfdən regionda olan geopolitik vəziyyət də Azərbaycan daxili siyasətinə çox ciddi təsir edir.

“Demək istədiyim, belə bir qərar verildikdə, regiondakı vəziyyət diqqətə alınacaq”.

“Düşünmürəm ki, parlament seçkiləri məhbus məsələsinə hansısa təsir göstərsin. Azərbaycan hakimiyyəti bu məsələ ilə bağlı uzun müddətdir ki, beynəlxalq təzyiqlərə müqavimət göstərir,” Murad Həsənli qeyd edir.

Onun sözlərinə görə, bu məsələdə “ədalətli nəticəyə nail olmaq üçün yeganə yol Avropa İnsan Haqları Məhkəməsinədək qanuni prosesdən keçir”.

Respondentlərdən heç biri son zamanlar ölkədə baş verən hadisələrin – milli təhlükəsizlik nazirinin işdən azad edilməsi, prezidentin korrupsiya əleyhinə çıxışı, lisenziyalar və gömrükdə sadələşdirmələrlə bağlı təklif və fərmanların seçkilərlə əlaqəsi olduğuna inanmır.

Bu barədə daha geniş