Cavid Ağa: Hər şeyin kökündə patriarxallıq

Fotonun müəllifi Courtesy photo

Nepotizm ilk dəfə xristianlıqda yaranıb. Elə Azərbaycanın özündə də, Qafqaz Albaniyası katolikosları adətən özündən əvvəlki katolikoslardan birinin qardaşıoğlu olurdu.

Azərbaycandakı qəbilə quruluşunun hələ də mövcud olmasının isbatı göz önündədir - bir şəxs vəzifəyə yüksələn kimi, bütün qohumlarının gözü onda olur.

Buna görə xəbərlərdə quda icra başçıları, nazirlərin dayısıoğlunun heç bir sərmayə və kapital xərcləmədən şirkət açması xəbəri bunun bariz sübutudur. Keçmiş Milli Təhlükəsizlik naziri işdən azad olunan kimi onun qohumlarının da taleyi həll olunmuş oldu.

Eynilə bir insan höküməti tənqid edirsə, ona ilk təzyiq elə qohumlarından gəlir - "Ay bala, başımıza iş açma" və sairə.

İş bir az irəliləsə, həmin şəxsin qohumluğundan imtina edirlər. Hətta qardaşının gəlini belə ondan imtina etmək üçün mətbuata açıqlama verməyə məcburdur. Çünki onlar işlərin qəbilə quruluşu ilə həll olunduğunu bilirlər.

Elə məhz buna görə də, Azərbaycanda hələ fərdiyyətçilik elə də inkişaf etməyib. Qəbilə ənənələri öz təsirini qoruyur.

Bir ailə başqa bir ailəyə qız verməməyə and içir, bir klan biznesin bir istiqamətində monopoliya qurursa, "rəqib" klanlar təqib olunur.

Hətta bəzən regional xəbər saytları və qəzetlərində bir məmurun sifarişi ilə başqa məmura qarşı "araşdırma mahiyyətli xəbər" yazılır.

Qəbilə münasibətləri fonunda patriarxal quruluş da diktatorial səviyyədə olur. Patriarxal quruluş dünyanın 99 faiz hissəsində mövcuddur.

Çox cüzi inkişafdan qalmış qəbilə və tayfalar var ki, onlarda hələ də anaxaqanlıq mövcuddur.

Azərbaycanda qəbilə münasibətləri və patriarxal düşüncə birləşib fərdiyyətçiliyin önünə böyük bir maneə qoyur.

Məsələn, Azərbaycanda əgər evlənirsənsə, sən əslində seçdiyin qadınla və ya kişi ilə yox, onun ailəsi ilə evlənirsən. Bütün ritualları bitirməmiş evli sayılmırsan. Qərb ölkələrindəki kimi sadə bir dövlət nigahı ilə evlənmək bütün nəslə hörmətsizlik sayılır.

Çox vaxt qadınlar özləri də kişilərin ailədəki bu qeyri-bərabər münasibətinə normal baxır. Bunda dinin və qəbilə təfəkkürünün öz təsiri var. Nə qədər müasir düşüncəli olsalar və təhsilə sahib olsalar belə "pullu ər" axtaran qızlar da bu patriarxal təfəkkürün qurbanıdır.

Burada "Rusiyada 3 milyon azərbaycanlı çörək pulu qazanır" deyib susaraq özlərini maddiyyata satanları xatırlatmaq yerinə düşər.

Ailədəki diktator ata, həyat yoldaşını döyür, o da öz növbəsində acığını uşaqdan çıxır. Uşaq da oğlandırsa, böyüyüb aldığı "mükəmməl" tərbiyə ilə ona rədd cavabı verən qızı öldürür. Bu xəbəri oxuyan bir qız isə "kaş məni də belə sevəydilər" deyə köks ötürür.

Hər şeyin kökü məncə bunda yatır, problem qəbilə quruluşu və ifrat patriarxal cəmiyyətin verdiyi zərərdir. Qadına şiddət yoxdur, uşağa şiddət vardır. Və ailələrimizdə mövcud olan diktatura bitməyincə, ölkəmizdə demokratiya qura bilmərik.