Azərbaycanda internetin təchizatı bərpa olunub

Fotonun müəllifi PA

Azərbaycanda internet təchizatında yaranan problem aradan qaldırılıb. Bunu Rabitə və Yüksək texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edən İltimas Məmmədov deyib.

Məlumata görə, dünən saat 23.30 radələrində Azərbaycanda internetin verilişi tam bərpa olunub.

Delta Telecom MMC-nin daxili xidmət rəhbəri Anar Gülməmmədov bildirib ki, DATA Mərkəzində kabellərdə tüstülənmə baş verib və kiçik bir hissədə ana kabellər yanıb.

Onun sözlərinə görə, "hadisəyə kiberhücum səbəb olmayıb", APA xəbər verir.

Noyabrın 16-da günorta saatlarından etibarən Azərbaycan ərazisinin böyük bir hissəsi internetsiz qalıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a bildirilib ki, ölkəni internetlə təmin edən "Delta Telekom" şirkətində yanğın baş verib və bütün zəruri avadanlıqlar xəsarət alıb.

Nazirliyin verdiyi məlumatda yanğının söndürüldüyü və alternativ kanallarla ölkənin internetlə təmin olunduğu bildirilir.

"Lakin yaxın vaxtlarda avandanlıqlar tam yeniləri ilə əvəz olunacaq və ölkədə internetə çıxış və onun sürəti bərpa olunacaq," məlumatda deyilib.

Ölkənin əsas internet provayderi "Delta Telekom" MMC-nin bazarda payı 90 faizdir.

Nazirliyə istinadən Turan xəbər agentliyi bildirib ki, "yanğın Delta Telekom şirkətinin 30 faizdən çox avadanlığını sıradan çıxarıb".