Azərbaycan dilemma qarşısında: “rus fobiyası” yoxsa “türk qardaşlığı”

Fotonun müəllifi AP
Image caption Suriya sərhədi yaxınlığında vurulmuş Su-24-ü idarə edən iki pilotdan biri həlak olub.

Tarixdə ilk dəfə NATO üzvü olan dövlət Rusiya təyyarəsini vurdu.

Rusiya prezidenti Vladimir Putin Rusiya təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulmasını "terrorçuların ortaqlarının arxadan vurduğu zərbə" adlandırıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 25-də Türkiyəyə planlaşdırığı səfərini təxirə saldı, üstəlik Rusiya vətəndaşlarını “terror təhlükəsi olduğu üçün” bu ölkəyə səfər etməməyə cağırdı.

Rusiya Müdafiə Nazirliyi təyyarənin Türkiyə sərhədini pozmadığın desə də, Türkiyə Silahlı Qüvvələri təyyarənin onların hava sərhədini pozduğunu əks etdirən video görüntüləri paylaşıb.

"Biz hər şeyi təfərrüatları ilə təhlil edəcəyik və bu günün faciəvi hadisələrinin ağır nəticələri olacaq. O cümlədən Rusiya və Türkiyə münasibətləri üçün,” Putin çərşənbə axşamı günü deyib.

Türkiyəli pilotlar normal hallarda sərhəd xəttinə 10 mil (16 km) məsafə qalanda xəbərdarlıq edirlər, rusiyalı pilotlar isə 30 mil məsafədən, cənuba hərəkət etmələri barədə göstərişə əhəmiyyət verməyiblər.

Hadisədən sonra açıqlama verən ABŞ dövlət başçısı Barak Obama “Türkiyənin hava sərhədlərini qorumaq haqqı var. Rusiya enerjisini İŞİD-ə qarşı sərf etsin” deməklə münasibət bildirib.

Rusiya iki dəfə Türkiyənin hava sərhədlərini pozmuş və xəbərdarlıq almışdı. Bundan sonra Türkyə yetkililəri analoji halın təkrarlanacağı tədqirdə hərbi müdaxiləyə əl atacaqlarını demişdilər. Rusiya da öz növbəsində Türkiyədən üzr istəyərək, bunun naviqasiya səhvi olduğunu qeyd etmişdi.

Azərbaycan kimin yanında dayanacaq?

Fotonun müəllifi Reuters
Image caption Vladimir Putin Su-24 təyyarəsinin vurulmasını "arxadan vurulan zərbə" adlandırıb.

Rəsmilər qarşılıqlı səfərlər zamanı bir-birinə “dost, qardaş” deyə xitab edirlər. Türkiyə və Rusiya arasında münasibətlərin kəskinləşməsi Azərbaycana necə təsir edəcək, Azərbaycanın mövqeyi bu məsələdə necə olacaq? Hər zaman “balanslaşdırılmış siyasət aparırıq” deyən hökumət mövqeyini necə sərgiləyəcək?

Doğrudur, burada söhbət rəsmi Bakının bir dövlətin tərəfini tutması və yaxud digərini tənqid etməsindən getmir. Azərbaycan Cənubi Qafqazın lider dövləti olduğunu söyləyir, həm Rusiya, həm də Türkiyə ilə strateji tərəfdaşdır və “regionun lider dövləti” kimi mövqeyini ifadə etməlidir. Çünki, Cənubi Qafqazda yeganə dövlətdir ki, həm Rusiya, həm də Türkiyə ilə münasibətləri yüksək səviyyədədir.

Azərbaycan bu məqamda “rus fobiyası” və “türk qardaşlığı” arasında qalıbdır. Bəlkə də, susmaq yeganə çıxış yoludur, çünki istər siyasi, istər də iqtisadi məqamları nəzərə alaraq, Türkiyə və Rusiyanın xətrinə dəymək olmaz.

Amma bu susqunluq və yaxud balans siyasəti nə qədər davam edəcək? Rəsmi Bakının “sərt Qərb ritorikasi” mövcud olsa da, “böhran vəziyyətində davranış qaydaları” yoxdur, bəlkə də var, amma görünmür. Bunun da məntiqi nəticəsidir ki, hazırda Azərbaycanın Qərbdə strateji tərəfdaşı yoxdur.

Baltikyanı ölkələr Avropa İttifaqının üzvüdür, Gürcüstan, Ukrayna, Moldova Avropa ilə Assosiativ Sazişi imzalayıb və mövqelərini açıq bəyan ediblər. Azərbaycan isə xarici işlər naziri Elmar Məmmədyarov səviyyəsində “biz Avrasiya ittifaqına qoşula bilərik” kimi bəyanat verir.

Ukrayna və Gürcüstan NATO-ya inteqrasiya barədə düşünür, Azərbaycan isə bu sistemə qoşulmaq istəmir. Bu gün Türkiyənin təhlükəsizliyini təmin edən məhz NATO üzvü olmasıdır.

Bugünki Azərbaycanın durumunu qısaca belə qeyd etmək olar: Rusiyadan ehtiyat edir, Qərbə yaxın olmaq istəmir.

Rusiya-Türkiyə münasibətləri

Fotonun müəllifi RIA Novosti
Image caption Putinin Əsədi Moskvaya dəvət etməsi, onu yüksək səviyyədə qəbul etməsi rəsmi Ankaranı qəzəbləndirən hal oldu.

Türkiyə qaz ehtiyatının 58 faizini Rusiyadan alır, hər il çoxsaylı rusiyalı turist Türkiyə kurortlarında dincəlir. Aparıcı dünya dövlətləri Rusiyaya iqtisadi sanksiyalar tətbiq etdikdə, Türkiyə bunlara qoşulmadı, əksinə bu ölkə ilə daha da yaxınlaşdı.

Bundan sonra cari ilin 24 aprelində Putinin Çanaqqala zəfəri ilə bağlı tədbirə yox, eyni gündə Ermənistana, tanınmamış soyqırımın ildönümü tədbirinə getməsi narazılığa səbəb olmuşdu.

Bütün dünyanın Rusiyaya üz çevirdiyi bir zamanda onu qəbul etmiş Türkiyəyə belə münasibəti o dövrün müzakirə mövzusu idi.

Türkiyə və Rusiya arasında regional münasibətlər də son illər gərginliyi ilə seçilib. Bu gərginlik ilk olaraq Ukrayna məsələsində öz əksini tapdı. Türkiyə hökuməti Rusiyanın Krımı ilhaqını kəskin qınadı və mövqeyini açıq şəkildə ortaya qoydu. Rusiyanın Suriya siyasəti də iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərdi.

Putinin Əsədi Moskvaya dəvət etməsi, onun yüksək səviyyədə qəbul etməsi rəsmi Ankaranı qəzəbləndirən hal oldu.

Rusiya-Azərbaycan münasibətləri

Rusiya Azərbaycanın bir nömrəli problemi - Qarabağ münaqişəsinin bilavasitə həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvüdür. Aydındır ki, qrup münaqişənin həllində hansısa ciddi uğura imza atmayıb.

Amma Azərbaycan hökuməti bir dəfə də olsun Rusiyanı bu məsələdə tutduğu mövqeyə görə tənqid etməyib. Əksinə, Rusiya bu müddət ərzində Ermənistanla daha da yaxınlaşıb, onunla hərbi əməkdaşlığı daha da inkişaf etdirdi.

Hazırda Rusiyanın Xəzər dənizi üzərindən Suriyanı vurmasına da rəsmi Bakı hələ mövqeyini açıq ifadə etməyib. Qazaxıstan və Türkmənistan da Rusiyanın Xəzər dənizindən hərbi məqsədlər üçün istifadə etməsindən narahatlığını bildirib. Xəzəryanı ölkələrin birgə qərarı da var idi ki, Xəzər dənizi hərbsizləşdirilmiş zona olmalıdır.

Fotonun müəllifi presidentaz
Image caption Rusiya Azərbaycanın bir nömrəli problemi - Qarabağ münaqişəsinin bilavasitə həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvüdür

Rusiya Müdafiə Nazirliyinin Suriyanı bombalaması nəticəsində ən çox zərərçəkənlər arasında türkmənlər də var, çoxlu sayda dinc sakinin öldüyü barədə məlumatların olduğu deyilir. Rəsmi Bakı hələ də münasibət bilirməyib.

2014-cü ildə Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanması hərbi təlimlərinin bir qismini Azərbaycanın dəniz sərhədlərinin yaxınlığında keçirmişdi.

Azərbaycan 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində rəsmi Tbilisiyə dəstəyini açıq nümayiş etdirdi. Belə ki, qonşu ölkəni dərhal qazla təmin etdi, o cümlədən Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımadı, onları Gürcüstanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan etdi.

Ukrayna məsələsində, əsasən də Krımın Rusiya tərəfindən ilhaqına hökumət reaksiya vermədi.

Azərbaycanın hazırda Rusiyadan hansısa bir şəkildə enerji asılılığı yoxdur. Azərbaycan özünü elektrik enerjisi ilə təmin edir, qonşu ölkələrlə enerji mübadiləsi layihəsində iştirak edir və hər il kiçik bir həmcdə olsa da ixrac saldoya malikdir.

Neft məhsullarına gəldikdə isə Azərbaycan öz təminatını həyata keçirib və 1,5 milyon ton civarında həcmləri də ixraca yönəldir.

Əvvəllər bu həcm 2 milyondan da çox idi. Həcmlərin azalması isə daxili tələbatın artması ilə əlaqədardır. Xam neftə olan tələbat hələ uzun müddət daxili imkanlar hesabına həyata keçiriləcək.

Təbii qaza gəldikdə isə Azərbaycanda son illər ilbəil əmtəəlik qaz hasilatı artır. Bundan sonra da qaz hasilatının artması müşahidə olunacaq. Hazırda ölkənin daxili tələbatı Statistika Komitəsinin məlumatına görə, itkilərsiz 10,3 milyard kub-metrdir. Texniki itkilər isə 800 milyon kub-metrdən bir qədər çoxdur.

Azərbaycanın AzMeCo - metanol zavodu Qazprom şirkətindən 100 milyon kub-metr qaz idxal edib və bununla da Azərbaycan-Rusiya qaz münasibətləri dayanıb.

Bütün bunlardan əlavə, Rusiyada qeyri-rəsmi rəqəmlərə inansaq, 3 milyon nəfər azərbaycanlı yaşayır və işləyir. Onlar orada müxtəlif işlərdə çalışır və ailələrinə pul göndərirlər. Rusiya mütəmadi olaraq immiqrantları ölkədən çıxarmaqla qonşularının “nəbzini yoxlayır.”

Azərbaycan-Türkiyə münasibətləri

Türkiyə Azərbaycanın ərazilərini işğal etdiyinə görə, 20 ildən artıqdır ki, Ermənistanla sərhədləri bağlayıb. Yerevanın Türkiyəni soyqırımda ittiham etməsi, ərazi iddialarında bulunması Azərbaycanda da etirazlara səbəb olur. Rusiyadan fərqli olaraq, Türkiyə Ermənistanla münasibətdə Azərbaycanın yanındadır.

Fotonun müəllifi BBC World Service
Image caption Türkiyə ilə Azərbaycan Qərbə qaz ixracı üzrə TANAP layihəsində yaxın partnyordular.

Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı protokolların imzalanması Azərbaycanda ciddi narazılıqla qarşlılanmışdı. Türkiyə təkcə Azərbaycan deyil, bütün Qafqaz, Yaxın Şərq və müsəlman dünyasında böyük təsirlərə malikdir.

Bakı-Tbilisi-Ceyhan neft kəməri, “TANAP”, Bakı- Tbilisi- Ərzurum qaz kəmərləri, Bakı-Qars-Axalkalaki dəmir yolu layihəsində və digər layihələrdə əməkdaşlıq edirlər.

Təkcə bu işlər Türkiyənin həm də Cənubi Qafqaz regionunda artan nüfuzundan xəbər verir. Məhz Türkiyənin iştirakı ilə Azərbaycan Ermənistanı blokadada saxlaya bilib.

Bu hadisələrin fonunda Turkiyənin, konkret prezident Erdoğanın Azərbaycandakı proseslərə təsrinin olduğu da müzakirə mövzusudur.

Dini lider Fethullah Gülenlə mübarizə spektrini genişləndirən Türkiyə prezidenti Gülenin Azərbaycandakı mövqelərinə də zərbələr endirməsində hökumətin köməyindən yararlanıb.

Türkiyə eyforiyada, Rusiya şokda

Azərbaycana sərf edər ki, iki ölkə arasındakı münasibətlər gərginləşməsin, çünki seçim etmək çətin olduğu qədər gələcəkdə böyük problemlərə də səbəb ola bilər.

Rusiya dünyada demək olar ki, təklənib, ağır iqtisadi böhranla üzləşib və Bəşər Əsədə dəstək verməyə başladıqdan sonra ağır olan durumu daha da gərginləşib.

Türkiyə isə son aylar baş qaldıran PKK, İŞİD terroru ilə üz-üzədir. Yaxın qonşusu Suriya ilə münasibətlər gərgindir. 3 milyona yaxın suriyalı qaçqını himayə edir.

Ancaq Türkiyə eyni zamanda, İŞİD ilə vaxtında mübarizə aparmamaqda, daxildə onun fəaliyyətinə göz yummaqda ittiham olunur. Həmçinin Türkiyədə cənab Erdoğanın Suriya ilə bağlı siyasətini tənqid edənlər də az deyil.

Hər iki dövlət üçün münasibətləri kəskinləşdirmək, əlavə düşmən qazanmaq arzuolunan hal deyil.

Hazırda Suriyadakı münaqişənin sülh və ya müharibə yolu ilə həllini tapması məhz Rusiya və Türkiyədən asılıdır.

Bu barədə daha geniş