Cavid Ağanın bloqu: Biz Şengen vizası üçün ayaq döyürük

  • Cavid Ağa, bloqçu
  • Ankaradan BBC Azərbaycanca üçün
Azərbaycana gələn turistlər Bakıdan başqa cəmi bir neçə bölgəyə səyahət edirlər.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı,

Azərbaycana gələn turistlər Bakıdan başqa cəmi bir neçə bölgəyə səyahət edirlər.

Dünyanın siyasi xəritəsinə baxsanız, okeanların içində yerləşən bir çox adanın hələ də bəzi Avropa ölkələrinin torpağı olduğunu görərsiniz.

Amma bunların arasında fərq var. Böyük Britaniya kimi ölkələrin mülkləri və ya dənizaşırı əyalətlərində yaşayan şəxslər birbaşa həmin ölkənin vətəndaşı olmurlar.

Lakin Fransanın müstəmləkələrində yaşayanlar avtomatik Fransa vətəndaşı sayılırlar. Yəni, Fransız Qayanasının bir kəndində yaşayan Aravak qəbiləsinin üzvləri Avropa Birliyi ölkəsi vətəndaşı olduqları üçün istədiyi qədər Şengen zonasında gəzə bilirlər, bundan əlavə Fransa prezidentinin seçilməsi üçün səs verir və parlamentə nümayəndə göndərirlər.

Biz çox güman dünya əhalisinin 99 faizinin yerini bilmədiyi Martinika adasından daha yaxınıq Fransaya, amma Şengen vizası yolunda ayaq döyürük.

Pasportun gücünə görə Azərbaycan, Zimbabve ilə bir pillədə qərarlaşıb - 78-cidir. Maraqlı fakt: Ermənistan da Azərbaycandan viza tələb etmir. Cəmi 58 ölkəyə qapılarımız açıqdır, digərləri üçün viza almağa məcburuq.

Bəs xaricilər üçün vəziyyət necədir? Azərbaycana gəlmək asandırmı? Xeyr. Cəmi 10 ölkəyə vizasız girişə icazə verilir və Monqolustan istisna olmaqla, hamısı post-sovet ölkələridir.

Hətta “qardaş ölkə” adlandırdığımız Türkiyə vətəndaşlarından belə viza tələb edirik. Bundan əlavə Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilərdən qeydiyyata yazılmaq tələb olunur.

Düzdür, bir çox ölkədə belə bir qanun var, üstəlik Azərbaycan bunun üçün dövlət rüsumu tələb etmir, amma yenə də viza almış bir şəxsin belə bir əziyyətə girməsi də insanları çəkindirir.

Turizm haqqında

Şəklin mənbəyi, Ceyhun Qurbanov

Şəklin alt yazısı,

Zaqatada qədim məbədın qalıqları.

Viza haqda bu qədər. Keçək texniki olmayan problemlərə. Bu yaxınlarda Bayıl qalasının bərpası layihəsilə tanış oldum. Müstəqil layihədir, hələ maliyyə dəstəyi verən olmayıb.

Qalanın içində həm muzey, həm də istirahət yerləri düşünülüb. Sözün düzü, bu kimi layihələrə ən böyük dəstək yəqin ki, dövlətdən gözlənilərdi, amma dövlətimizi idarə edənlər ölkəmizin turizm potensialını nədənsə nəzərə almır.

Mənə uşaq vaxtı həmişə maraqlı gəlirdi ki, niyə bizim tarix dərsliyində gördüyümüz bu qalalar, Alban kilsələri və qədim məscidlərin fotoları hamısı Sovet dövründə - 70-80-ci illərdə çəkilib və niyə bərpa olunmur?

Azərbaycan tarixçiləri və psevdotarixçiləri həmişə Azərbaycandakı kilsələrin Alban olduğunu dünyaya car çəkir, dövlət də dəstək verir lakin Albanlardan qaldığı iddia olunan abidələr uçulub sökülür.

Zaqataladakı Alban kilsəsi, Şamaxıdakı Yeddi Günbəz və Kələxana türbələri, Dəmirçi məscidi və adını xatırlamadığım Qazaxdan tutmuş Lənkəranacan ölkəmizdə mövcud olan bir çox tarixi abidə uçulub tökülür.

Bəzi azərbaycanlıların ötən həftə var gücü ilə nifrət etdiyi Paris şəhərinə, ildə 30 milyondan çox turist gəlir və 10 milyard avrodan çox turist kapitalı axır. Xatırladım ki, Bakı şəhəri də Paris şəhəri nümunə alınaraq planlanıb. Lakin Azərbaycana gələn turistlər Qız Qalası-Atəşgah-Şəki xan Sarayı üçbucağında hərəkət edirlər.

Azərbaycandakı turizm potensialını keçən il İsveçdən gələn turistlərə bələdçilik edəndən sonra kəşf etdim. Turistlərin normalda getmədiyi Bakı kəndlərini - Mərdəkan, Kürdəxanı, Suraxanı, Ramana, Qala - gəzdirdikdən sonra çox bəyəndiklərini bildirdilər və dostlarına da Azərbaycanı təklif edəcəklərini dedilər.

Azərbaycanda turizmin inkişafına dövlətin dəstəyi görünmür, onlar villa ucaltmaqla məşğuldur. Buna görə də düşünürəm ki, regionlarda yaşayan vətəndaşlarımız çalışdıqca öz bölgələri barədə saytlar yaratmalı, ingiliscə məlumatlar daxil etməli, hostel mədəniyyətini gətirməlidirlər. Ən azından Vikipediyada ensiklopedik məlumat yerləşdirməliyik.

Azərbaycan təkcə Bakı deyil, turizm də təkcə Flame Towers mənasına gəlmir.