Nardaran toqquşmasında 6 nəfər ölüb

Image caption Nardaran mərkəzində etiraz aksiyası davam edir.

Nardardanda bu gün polislə yerli sakinlər arasında baş vermiş toqquşmanın ardından bir neçə yüz insanın iştirak etdiyi etiraz aksiyası keçirilib.

DİN və Baş Prokurorluğun Nardaranda baş verənlərlə bağlı birgə məlumatında deyilir ki, iki polis nəfəri ilə yanaşı "cinayətkar dəstənin 4 üzvü" öldürülüb.

"Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb".

Hüquq-mühafizə orqanlarının məlumatında deyilir ki, Taleh Kamil oğlu Bağırov və daha 3 nəfər dövlətin konstitusiya quruluşunun "zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaradıblar".

"Namaz zamanı"

Kənd sakinləri bü gün günorta Nardaranda olmuş BBC Azərbaycanca müxbirinə bildiriblər ki, toqquşmaya səbəb Taleh Bağırovun kənddə saxlanması olub.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

"20 gundur ki, Taleh Bağırov kənddə idi və camaatın xahişilə bura gəlmişdi", Nardaran sakinləri müxbirimizə bildirib.

O Hacı Əbülfəz Bünyatovun evində qalırmış və bu gün həmin evdə namaz zamanı 20 nəfərə yaxın adam olub. Polis evə daxil olaraq həmin adamları aparıb, kənd sakinləri deyib.

"Toqquşma zamanı öldürülənlərdən biri qapının ağzında can verib. Həmiş şəxsin kimliyi bilnmir", o bildirib.

Onlar kənddə Müsəlman Birliyi adlı təşkilatın təsis edildiyini təsdiqləyib. Ehtimal olunur ki, polisin kəndə gəlməsinə səbəb Taleh Bağırovun namaz zamanı çıxışı olub.

Müxbirimiz xəbər verir ki, kənd sakinləri kəndə girən maşınların qarşısını kəsmək üçün yollara daşlar düzür.

İnsident nəticəsində yaralanan 3 nəfərin Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyat olunduğunu bildirilir. APA agentliyinin məlumatına əsasən onların vəziyyəti stabildir.

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Bu barədə daha geniş