Nardaranda xüsusi əməliyyat prezidentin "nəzarəti altındadır"

Image caption Foto:Arxiv

Nardaranda hüquq mühafizə orqanları tərəfindən aparılan xüsusi əməliyyat hələ də davam edir, sakinlər bildirir.

Natiq Kərimovun sözlərinə görə, qəsəbədə saxlanlanlar olduğu barədə məlumat yayılıb.

"Sabahdan bəri xüsusi bir dəyişiklik yoxdur. Qəsəbədə maşınla gəzmək mümkün deyil, çünki hərbi texnika var. Eşitmişik ki, axtarışda olan 2-3 nəfər saxlanılıb", deyən Nardaran sakini qəsəbəni piyada gəzmək istəyənlərə problem yaradılmadığını deyir.

Nardaranda xüsusi əməliyyat keçirən qurumlar Azərbaycanın Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluqdur. Onların birgə yaydığı məlumata görə, əməliyyatın prezident İlham Əliyevin nəzarəti altındadır.

Məlumatda bildirilir ki, DİN Daxili Qoşunlarının və nizami polis hissələrinin xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub və müəyyən edilmiş yerlərdə postlar qoyulub.

Məlumata görə, çərşənbə axşamı səhər saatlarından başlayan əməliyyatın məqsədi "ölkə vətəndaşlarının hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması"-dır.

Ötən cümə axşamı Nardaran qəsəbəsində polis əməliyyatı vaxtı baş vermiş silahlı qarşıdurma zamanı iki polis əməkdaşı da daxil olmaqla 6 adam həlak olub.

Nardaranda polislə yerli sakinlər arasında toqquşmanın ardından qəsəbənin mərkəzində bir neçə gün etiraz aksiyası keçirilib və silahlı insident zamanı ölən kənd sakinlərinin cəsədlərinin verilməsini tələb ediblər.

Sakinlər BBC Azərbaycancaya aksiyanın bazar günü axşam saatlarında dayandırıldığını deyiblər.

Natiq Kərimov deyib ki, qəsəbəyə hələ də işıq verilməyib.

"Həlak olanların cəsədlərinin Maştağaya gətirildiyi xəbərini eşitmişik", Natiq Kərimov deyir.

Nardaranda baş verən hadisələrlə bağlı İranın Azərbaycandakı səfirliyi də bəyənat yayıb. Bəyənata bildirilir ki, "İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində heç bir rolu olmayıb".

"İranın Azərbaycanın daxili işlərinə qarışması barədə Azərbaycanın rəsmi orqanları tərəfindən hər hansı sübut və dəlil təqdim olunduğu təqdirdə məsələ mütləq araşdırılacaq. Biz əminik ki, bu barədə heç bir sənəd və dəlil yoxdur. İranın bütün ölkələrə, xüsusilə qonşulara və özəlliklə də Azərbaycana qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb, bu siyasəti əməldə də icra edib", bəyənatda deyilir.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumata əsasən, noyabrın 26-da baş tutmuş əməliyyat zamanı hadisə yerindən "maddi sübut kimi 4 avtomat, 4 tapança, 12 qumbara, biri kənardan idarə edilən olmaqla 3 ədəd partlayıcı qurğu, 10 ədəd "Molotov kokteyli", 7 ədəd bıçaq və xəncər, 3 ədəd beşbarmaq və s. götürülüb" və Taleh Bağırov başda olmaqla, 24 nəfər barədə məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib.

"Daxili işlər və prokurorluq orqanları tərəfindən dəqiqləşdirilmiş məlumatlar əsasında qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular saxlayan şəxslər müəyyən edilərək həmin əşyaların könüllü təhvil verilməsi tələb olunub, ancaq qəsəbənin bir qrup nümayəndəsinin silah saxlayan şəxslərə müvafiq müraciəti müsbət nəticə verməyib", məlumatda deyilir.

Cümə axşamı baş verən silahlı insident vaxtı saxlanılan şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Hüquq-mühafizə orqanları insidentdən sonra aralarında Taleh Bağırov da olan saxlanılanları "dini dövlət qurmaq" məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaratmaqda ittiham ediblər.

Hüquq Mühafizə orqanlarının bildirdiyinə görə, bazar ertəsi Gəncə şəhərində "Müsəlman birliyi" hərəkatına dəstək verən 6 nəfər saxlanılıb.

"...yaşadıqları ünvanlara baxış zamanı oradan 1 avtomat, 1 tüfəng, 12 qumbara, çoxlu sayda döyüş sursatı, dini ədəbiyyat və s. aşkar edilərək götürülüb", məlumatda deyilir.

Bu barədə daha geniş