Türkiyə Azərbaycanda qaz kəməri tikintisini sürətləndirəcək

Fotonun müəllifi AP

Türkiyə, Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin sürətləndirilməsi ilə bağlı Azərbaycanla razılığa gəlib, Türkiyə baş naziri Ahmet Davutoğlu prezident İlham Əliyevlə görüşdən sonra bildirib.

“Bakı və Ankara Trans-Anadolu qaz kəməri tikintisinin sürətləndirilməsinin zəruriliyi barədə razılığa gəlib,” Davutoğlu Bakıda bəyan edib.

İndiki mərhələdə Rusiya və Türkiyə hökumətləri arasındakı münaqişə “Türkiyə axını” qaz kəmərinin tikintisini təhlükə altına qoyub.

Bu layihə, Rusiyanın qazını Ukraynadan keçmədən Avropaya nəql etməsinə imkan yaradacaqdı.

Türkiyənin Baş Naziri Ahmet Davutoğlu Azərbaycana rəsmi səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşüb.

Görüşdə İlham Əliyev cənab Davutoğlunun Türkiyədə parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etdiyini bildirib və bunun iki ölkə arasında qardaşlığı göstərdiyini deyib.

"Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir, biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik", prezident qeyd edib.

Ahmet Davutoğlu çıxışında iki ölkə arasındakı münasibətlərdən danışıb və noyabr ayında baş tutmuş parlament seçkiləri münasibəti ilə Azərbaycanı təbrik edib.

"Əlaqələrimiz genişdir, dünyada heç bir dövlət Türkiyə və Azərbaycan qədər yaxın deyil", deyə o, bildirib.

Daha sonra görüş qapalı davam edib, APA xəbər verir.

Səfər çərçivəsində cənab Davutoğlu Baş Nazir Artur Rasizadə ilə görüşəcək.

Türkiyə mətbuatının yazdığına görə, görüşlərdə Qarabağ məsələsi başda olmaqla regional və beynəlxalq hadisələr geniş şəkildə müzakirə olunacaq.

Məlumata görə, prezident İlham Əliyev tərəfindən Zuğulba Sarayında rəsmi mərasimlə qarşılanacaq Davutoğlu, Əliyev ilə təkbətək görüşdükdən sonra iki ölkə nümayəndə heyətləri arasındakı görüşə sədrlik edəcək.

Baş Nazir Davutoğlu Əliyev ilə birgə mətbuat konfransının ardından şərəfinə verilən günorta yeməyinə qatılacaq.

Ahmet Davutoğlunun səfəri Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşdiyi dövrə təsadüf edir.

Türkiyə yük maşınları

Son ayda Türkiyənin Rusiya təyyarəsini Suriya sərhədi yaxınlığında vurmasından sonra Rusiya, Orta Asiyaya getməli olan türk yük maşınlarını sərhəddə saxlayıb, məlumatlarda deyilir.

Bu yük maşınlarına Azərbaycan üzərindən keçmək üçün imkan yaradılıb. Ötən həftə Azərbaycanda olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu imkana görə, "Azərbaycan hakimiyyətinə minnətdarlıq edib".

Səfəri ərəfəsində Ankara Hava Limanında mətbuat konfransında danışan cənab Davutoğlu isə bildirib ki, Azərbaycan və Türkiyə münasibətləri Türkiyənin Rusiya ilə olan əlaqələrindən asılı olmayaraq inkişaf edib, Yeni Şafak qəzeti yazıb.

Baş nazir jurnalistlərə Rusiyanın "Türkiyənin İslam Dövləti qruplaşması ilə neft ticarəti" iddiaları barəsində də danışıb.

Onun sözlərinə görə, Rusiyanın Sovet hakimiyyətindən qalan təbliğat xüsusiyyətləri "bir-bir ortaya çıxır".

"Türkiyə-Suriya sərhədi bütün dünya tərəfindən müşahidə edililir. Bizim İD-dən neft alıb-satmağımız ağla zidd bir iddiadır. İD-in Suriya rejimi ilə girdiyi çirkli münasibətlər məsələsində onlarla dəlil var. Suriya rejiminə dəstək verənlər eyni zamanda İD-ə dəstək verir", o deyib.

Türkiyə Baş Nazirinin Azərbaycan səfəri cümə günü başa çatacaq.

Bu barədə daha geniş